news Image
2014.10.23
07:29
| A A A
Tikinti şirkətlərinin bitməyən fırıldaqları
Hələ də xeyli sayda vətəndaşın mənzil hüquqları pozulmaqda davam edir

Tikinti sektorunda son vəziyyətin təhlili bu sahədə fəaliyyət göstərən bəzi şirkətlərin hələ də fırıldaq əməllərinə son qoymadığını göstərir. Hər halda bir mənzilin tikinti şirkəti tərəfindən birneçə nəfərə satılmasına dair elə son aylarda başlanan cinayət işləri də bunu deməyə əsas verir. "Hayan" MMC tikinti şirkətindən narazı qalan bəzi vətəndaşların keçirdikləri aksiya və dövlətdən yardım istəmələri isə məsələni yenidən gündəmə gətirdi.

Qeyd olunduğu kimi isə son durum hələ də bu sahədə qeyri-qənaətbəxş vəziyyətin hökm sürdüyünü göstərir. Elə son iki ayda fırıldaqlarına görə bir neçə tikinti şirkətinə qarşı cinayət işinin başlanmasını da qeyd olunanların real təsdiqi kimi vurğulamaq olar. Məsələn, "Dağlar" Mənzil-Tikinti Kooperativinin (MTK) vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə ayrı-ayrı vətəndaşların müraciətləri Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.Araşdırmalar zamanı MTK-nın vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən və vətəndaşların etibarından sui-istifadə edərək Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal 2-ci yaşayış massivində və Nərimanov rayonu, Təbriz küçəsi 855-ci məhəllədə kooperativin inşa etdiyi çoxmərtəbəli yaşayış binalarında 443 min 550 manat məbləğində satılmış mənzilləri təkrarən ayrı-ayrı şəxslərə satmaqla dələduzluq yolu ilə külli miqdarda özgə əmlakını talamalarında şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanılıb.

Eləcə də "Oba" Mənzil-tikinti kooperativinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Qazax rayon sakininin müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Araşdırmalar zamanı "Oba" MTK-nın vəzifəli şəxsləri vəzifə səlahiyyətlərindən sui-istifadə edərək paytaxtın Binəqədi rayonunda inşa etdikləri yaşayış binasındakı mənzilin Qazax rayon sakininə satılması barədə müqavilə bağlanmasına baxmayaraq faktiki olaraq həmin mənzili başqa şəxsə satmaqla 22 min 500 ABŞ dolları və 3 min 500 manat məbləğində özgənin pul vəsaitini ələ keçirmələrində, həmçinin vergi bəyannamələrinə yalan məlumatlar daxil etməklə 40 milyon 918 min manat məbləğində pul vəsaitini vergidən yayındırmalarında şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb. "200 saylı" mənzil-tikinti kooperativinin sədrinin qanunsuz hərəkətləri barədə Bakı şəhər sakininin müraciəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Araşdırmalar zamanı MTK-nın sədrinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək paytaxtın Yasamal rayonu ərazisində inşa edilmiş yaşayış binasında əvvəl satılmış mənzili təkrarən başqa şəxsə satmaqla 31.000 manat məbləğində özgənin pul vəsaitini ələ keçirməsində şübhələr üçün əsaslar olduğundan fakta görə cinayət işi başlanılıb. Bu son iki ay ərzində fırıldaqçıtikinti şirkətləriən qarşı başlanan cinayət işləri ilə bağlı yayılan rəsmi məlumatlardır. Bundan öncə də kifayət qədər belə hallar baş verib. "Gen" MMC, "Kamran" MTK, "Fuad LTD" MMC, "RT LTD" MMC və digər bir sıra şirkətlərin qurbanına çevrilən şəxslərin çoxu hələ də əziyyət çəkməkdədir.

Ekspertlər isə hesab edir ki, fırıldaqçı tikinti şirkətlərinin yaratdığı problemin birdəfəlik həlli üçün təkcə cinayət işlərinin başlanması kifayət etmir və daha sərt addımlara əl atılmalıdır. Maraqlıdır ki, inşa etdiyi mənzilləri kifayət qədər yüksək qiymətə satan və əslində bununla da gəlirlərini təmin edən tikinti şirkətləri, hətta bu pul ilə kifayətlənməyərək, vətəndaşları aldadıb onların qənaət edərək illərlə yığdığı pulları əllərindən alırlar. Vəziyyətdən çıxış yolu kimi, hesab edilir ki, Azərbaycanda da tikinti şirkətlərinin internet səhifəsinin olması icbari xarakter daşımalıdır. Bir çox xarici ölkələrdə öz internet səhifələrində tikinti şirkətləri inşa edilən və ya inşa ediləcək binada satılan mənzillərlə bağlı məlumat yerləşdirir. Bu da imkan verir ki, alıcı hər hansı bir şirkətin inşa etdiyi binada mənzil almaq istəyərkən həmin şirkətin veb səhifəsinə daxil olmaqla müəyyən edə bilsin ki, hansı mənzillər satılıb, hansılar satılmayıb. Eyni zamanda, tikinti şirkəti öz saytında hər bir müştəriyə xüsusi kabinet açır və o da mütəmadi olaraq ora daxil olaraq ödəniş, tikinti prosesi və digər məlumatları əldə edə bilir. Bu, eyni zamanda şirkətlərin şəffaf işləməsinə imkan yaradır.

Həmçinin, bir sıra Cənubi-Şərqi Asiya ölkələrində olduğu kimi, mənzillərin bölgüsü ilə bağlı xüsusi komissiyanın yaradılması mümkündür. Belə komissiyalar əksər hallarda dövlət qurumlarının və ya yerli icra hakimiyyəti orqanlarının nəzdində yaradılır. Bu zaman həmin komissiya mənzillərin qiyməti və ya kimə satılması ilə bağlı məsələlərə müdaxilə etmir. Sadəcə, satılan mənzillərin qeydiyyatını aparır. Bu da tikinti şirkətlərinin fırıldağının qarşısını alır. Hər halda hökumətin artıq bu məsələyə ciddi müdaxiləsinə ehtiyac var.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs