news Image
2014.10.23
07:31
| A A A
Aqroparklardan hələ də xəbər yoxdur
Ənvər Əliyev: “Bölgünün hansı prinsiplərlə aparılacağı bəlli olmadığından, proses hələlik ləngiyir”

Kənd təsərrüfatının inkişafında aqroparkların böyük əhəmiyyətinin olması artıq dünya təcrübəsində özünü doğruldub. Azərbaycanda da uzun müddətdir ki, aqroparkların yaradılması ətrafında müzakirələr aparılır və onların formalaşdırılması üçün müvafiq göstərişlər də verilib. Lakin məsələ hələ öz həllini tapmayıb.

Qeyd edək ki, aqropark dedikdə kənd təsərrüfatı istehsalının qeyri-kənd təsərrüfatı fəaliyyətləri ilə bir yerdə, vahid istehsal məkanında qruplaşdırılması və yaxud həmin fəaliyyətlərin kombinasiyası nəzərdə tutulur. Aqroparklar kənd təsərrüfatının, emal və aqrar sənayenin tamamilə yenidən qurulmasını əhatə edir. Onların yaradılmasının əsas məqsədlərindən biri ərzaq təhlükəsizliyilə bağlı daha güclü mexanizmlərin tətbiqinin həyata keçirilməsidir. Hələlik isə ölkəmizdə aqroparkların yaradılması gecikir.

Kənd təsərrüfatı üzrə ekspert Ənvər Əliyevin fikrincə, aqroparkların yaradılmasının hansı prinsiplərlə olacağı hələlik bəlli olmadığından proses ləngiyir: "Azərbaycanda aqropoarkların yaradılması əslində, yeni mövzudur. Ərazimiz coğrafi iqtisadi rayonlar üzrə planlaşdırılıb. İqtisadiyyatımız da onun əsasında qurulub. Tələblər də məhz bu istiqamətlər üzrə qoyulur. Aqroparkların yaradılması yeni mövzu və bölgü olduğundan, həmin bölgü də hələlik dəqiqləşdirilməyib. Buna coğrafiyada ərazi-iqtisadi bölgüsü deyilir. Məsələn, Abşeron kimi balaca ərazidə ölkə iqtisadiyyatının əsas yükü toplanıb. Aqroparkların yaradılması bu mənada yeni olduğundan onun hansı prinsiplərlə bölgüsünün aparılacağı hələlik qaranlıq olaraq qalır. Konkret bir ərazidə, məsələn, Gəncədə əlvan metallurgiya, alüminium, qara metallurgiyanı formalaşdıran ərazi kompleks yaradılır. Abşeron, Lənkəran, Quba-Xaçmaz, Ağdam kimi zonalarda da belə aqroparklar yaradıla bilər. Ümumiyyətlə, aqroparklar ayrı-ayrı ərazi kompleksi üzrə yaradılsa, daha faydalı olar. Belədə onları daha asan idarə etmək mümkündür. Həm də bölgələr üzrə artıq müəyyən sahələr üzrə vərdişlər də formalaşıb. Məsələn, Şəki toxuculuq sahəsi üzrə ixtisaslaşıb. Heyvandarlıq sahəsi üzrə isə aqroparkları Aran iqtisadi rayonunda yaratmaq olar. Ümumiyyətlə, aqroparklar əhalinin əvvəlki əmək vərdişlərini də nəzərə almaqla yaradılmalıdır".

Aqroparklarin yaradılmasının kənd təsərrüfatına nə verəcəyinə gəldikdə, həmsöhbətimiz dedi ki, müasir texnologiyanın tətbiqi ilə bu sahənin inkişafına nail oluna bilər: "Tutaq ki, heyvandarlığın camışlıq sahəsinin ölkəmizdə harada formalaşdığı bilinir. Habelə, bitkiçiliyin növlər üzrə Azərbaycanın hansı ərazisində formalaşdığı məlumdur. Bağçılıq sahəsində bu mənada aqroparklar Quba-Xaçmaz zonasında yaradıla bilər. Bostan-tərəvəz məhsulları üzrə isə Aran iqtisadi zonası bu mənada əlverişli məkandır. Yəni ölkəmizdə ərazi sahələrinə görə formalaşmış sahələr var, onların sərhədləri təxminən bilinir. Burada, həm əkinçilik, həm emal sənayesində müasir texnologiyanı tətbiq etməklə aqrar sahənin inkişafına nail olmaq olar. Ən əsası isə odur ki, bu ərazilərdə normal idarəetmə mexanizmləri olsun. Proses köhnə sovet üsulu ilə idarə edilsə, onun nəticələri də olmayacaq. Aqroparklar yaradılarkən, ərazinin özünəməxsus xüsusiyyətlərini qabartmaq, müasir texnologiya tətbiq etmək, suvarma sistemləri qurmaq, itkiləri azaltmaq - bunlar hamısı dünyada tətbiq olunan texnoloji proseslərdir. Bu işdə iş adamlarına da imkan yaradılmalıdır. Dünyada elə ölkələr var ki, hər hektardan 60-70 sentner taxıl götürür. Hətta onların torpaq ehtiyatı və göstəriciləri Azərbaycandan qat-qat pis olduğu halda. Çünki, onlar müasir texnologiya ilə işləyir, müasir işlək mexanizmi qurublar. Bu deyilənlər tətbiq olunsa, onun istehsalından başlamış sonuncu anına qədər dünya təcrübəsi tətbiq olunub inkişaf etdirilsə, Azərbaycan qısa zamanda aqroparkların yaradılması yolu ilə çox böyük nailiyyətlər əldə edə bilər. Ölkəmizdə xüsusən də üzümçülük və bağçılıq üzrə aqroparkların yaradılması gözəl nəticələr verəcək. Amma yuxarıda sadaladığım şərtlər nəzərə alınmaqla".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs