news Image
2012.07.20
11:18
| A A A
Azərbaycanda toyuqların necə kəsildiyi yoxlanıldı
Movqe.Az xəbər verir ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 2 saylı Ərazi Nəzarəti İdarəsi Gəncədə fəaliyyət göstərən bir neçə toyuq kəsimi sexində reyd keçirib. 

Heydər Əliyev prospekti və Şahsevənlər küçəsində yerləşən obyektlərdə aparılan yoxlamalar gündəlik istifadə etdiyimiz toyuğun heç də sanitar norma və qaydalara uyğun şəkildə kəsilib satışa verilmədiyini ortaya qoyur.

Kəpəz TV kanalının yaydığı xəbərə görə, toyuq kəsimi sexlərinə baxış zamanı məlum olub ki, sexlər texnoloji təlimata əsaslanmadan fəaliyyət göstərir. Antisanitar vəziyyətin hökm sürdüyü sexlərdə hətta kəsilmiş toyuğun neçə dərəcə temperaturda təmizlənməsindən belə həm rəhbərlik, həm də işçilər xəbərsizdirlər. Yalnız gəlir əldə etmək məqsədilə fəaliyyət göstərən kəsim sexlərində toyuqların soyuq suya qoyulması üçün istifadə edilən vannalar belə dezinfeksiya edilmir.

Kəsim sexlərində halal qaydada kəsilməyən toyuqlar antisanitar vəziyyətdə olan sexdə təmizlənir, soyuq suda saxlanıldıqdan sonra isə mağazalara halal qida kimi satışa göndərilir.

Milçəklər isə kəsilmiş toyuqların üzərində və sexdə sanki rəqs edirlər. Götürülən nümunələrin keyfiyyəti ilə bağlı sınağın nəticəsi məlum olduqdan sonra isə reyd keçirilən sexlərin fəaliyyəti ilə bağlı müvafiq tədbirlər görüləcək. Keyfiyyətlə bağlı sahibkara xəbərdarlıq ediləcək. Reyd keçirilən sexlər Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 2 saylı Ərazi Nəzarəti İdarəsinin əməkdaşları tərəfindən möhürlənib. Həmin müəssisəyə nöqsanların aradan qaldırılması barədə iradnamə, satışın qadağan olunması barədə tələbnamə verilib.

SMPDK-nın 2 saylı Ərazi Nəzarəti İdarəsinin baş məsləhətçisi Rövşən Abbasov: "Toyuq kəsildiyi vaxtı onun bədənindən 2-3 fəqərə yuxarı kəsilməli olduğu halda burada 6-7 fəqərə saxlanılır. Boyun dərisi çıxarılmalıdır və kəsilmiş toyuqlar mənfi 20 dərəcədə dondurulmalıdır ki, zülallar ölməsin. Lakin bunlara əməl edilmir".

Qeyd edək ki, belə olan halda fiziki şəxsləri 1.500-dən 2 min manata kimi, hüquqi şəxsləri isə 4 min manatdan 5 min manata kimi cərimə gözləyir. Bundan başqa sex rəhbərlərinə sanitar- gigiyenik normalara riayət olunmaqla sexlərini qaydaya salmaları üçün 1 ay vaxt verilib.

Türkan Nadirqızı

Movqe.Az

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs