Əlaqə Arxiv
news Image
2014.10.31
09:15
| A A A
Hava kənd təsərrüfatında yenə problemlər yaradır
Vahid Məhərrəmov: “Yağışların yağması uzunmüddətli olarsa, bu, taxılçılıqda problem yaradar” Nizami Qarayev: “Ölkənin cənub bölgəsində iqlim dəyişməsinin subtropik bitkilərə təsirilə bağlı narahatçılıq var”

Hava şəraitinin son günlərdə yenidən pisləşməsi ölkənin bəzi rayonlarında müəyyən problemlərin yaranmasına gətirib çıxarıb. Xüsusən əd cənub rayonlarında erkən qışın gəlişi, yaşığşların, sulu qar və qarın yağması kənd təsərrüfatına ziyan vurur. Məlumatlara görə, burada kənd təsərrüfatı məhsulları və yaşıl çay əkilən sahələr qeyri-normal hava şəraitinin yaratdığı fəsadlardan daha çox zərər görüb.Məlumdur ki, kənd təsərrüfatı məhsullarının inkişafında hava şəraitinin özünəməxsus rolu vardır. Bəzən temperaturun həddən artıq isti keçməsi, uzun müddət yağışın olmaması kimi hallar kənd təsərrüfatı məhsullarının normal inkişafına maneə olur. Eyni zamanda, havaların qəfidl soyuması, şaxta düşməsi, intensiv yağışlar da aqrar sektora təsirsiz ötüşmür.

Kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmovun fikrincə, mövsümə uyğun olan hazırki hava şəraitinin kənd təsərrüfatına mənfi təsiri olmayacaq: "Hazırda mövsüm üçün xarakterik hava şəraiti hökm sürür. Ona görə düşünürəm ki, bu hava şəraitinin kənd təsərrüfatı bitkilərinə və meyvəyə elə də ciddi təsiri olmayacaq. Hava şaxtalı keçmir. Bu baş verərsə, əlbəttə ki, onun bitkilərə və meyvə məhsuluna təsirləri ola bilər. Yağışların yağması uzunmüddətli olarsa, bu taxılçılıqda problem yaradar. İndi payızlıq buğda və arpa səpini gedir. İntensiv yağışın buna təsirinin olması mümkündür. Eyni zamanda, hazırda havanın belə olması torpağın soyuması baxımından müsbət haldır. Yəni, torpağın soyuq olması payızlıq əkinə xeyirlidir. Hazırda mövcud olan havanın meyvə-tərəvəz məhsullarına isə heç bir təsiri ola bilməz. Ona görə ki, hazırda havanın temperaturu müsbətdir. Ümumiyyətlə, bitkilər kimi meyvə məhsulunun da bəziləri soyuğa dözümlüdür, bəziləri də yox. Amma hazırda hökm sürən hava şəraiti Azərbaycanda bitkiçilik və meyvəçiliyə mənfi təsir göstərəcək səviyyədə deyil".

Ekspert Nizami Qarayev havaların soyuq keçməsinin müəyyən kənd təsərrüfatı bitkilərinə mənfi təsirinin olacağını istisna etmədi: "Kənd təsərrüfatı sektoru digər sahələrdən fərqli olaraq daha çox iqlimlə, təbii hadisələrdən asılı olan sahədir. Təbii ki, təbiətdə baş verən proseslər kənd təsərrüfatına da ciddi təsir edir. Məsələn, yayda quraqlığın olmasının bu sahəyə mənfi mənada müəyyən qədər təsiri oldu. Qışın sərt keçməsi də kənd təsərrüfatına öz mənfi təsirini verə bilər. Amma təbiətin təsiri ayrı-ayrı bitkilərdə fərqlidir. Qışın sərt şaxtalı keçməsi meyvə bağlarında ağacların müəyyən hissələrinin donması, onların məhv olmasına səbəb olar. Xüsusən də, ölkənin cənub bölgəsində iqlim dəyişməsinin subtropik bitkilərə təsirilə bağlı narahatçılıq var. Temperatur bundan sonra da düşərsə, subtropik bitkilər müəyyən qədər zərər görə bilər. Bunun qarşısını almaq üçün fermerlər qarşılayıcı tədbirlər görməlidir. Günorta temperatur subtropik bitkilərə mənfi təsir edəcək qədər aşağı düşmür. Lakin gecələr temperaturun kəskin aşağı düşməsi mümkündür. Fermerlər də buna hazır olmalıdır. Birinci növbədə sahəyə tüstü verilməlidir. Habelə gecə saatlarında sahələr su ilə təmin olunarsa, bitkiləri şaxtanın mənfi təsirindən qoruya bilərlər. Digər tərəfdən həyətyanı sahələrdə ağacların politilenlə bağlanması da lazımi tədbirlərdəndir. Bunlar şaxtanın təsirini azaltmaq üçün həyata keçirilə biləcək tədbirlərdir. Təşkilatı tədbir kimi isə sığorta təşkilatlarına müraciət edənlər həyətyanı sahə və bağlarındakı ağacları sığortalamaqla, qışın sərt keçməsindən ciddi ziyan görməkdən qurtula bilərlər. Yağıntılı hava və qarın yağmasının erkən başlaması gecikmiş taxıl əkininin aparılmasına da mənfi təsir göstərir. Soyuq hava şəraitndə meyvə bağlarında məhsulun toplanmasına mənfi təsir göstərəcək digər amil hazır formalaşmış məhsulun toplanmasında da müəyyən problemlər ola bilməsilə bağlıdır. Yerkökü, mətbəxt çuğundurunun toplanması ilə bağlı olaraq da yağıntılı hava mənfi təsir edər. Ümumiyyətlə, soyuq hava şəraiti kənd təsərrüfatı üçün heç də əlverişli deyil. Amma səpilmiş, artıq cücərmə fazasını keçən taxıl sahələri üçün isə belə hava əslində, faydalıdır".

Sizin Reklam Yeriniz