Əlaqə Arxiv
news Image
2012.04.11
12:14
| A A A
Təhsil kreditlərindən hələ də xəbər yoxdur
Bununla bağlı müvafiq qanun layihəsi ötən ildən Milli Məclisə təqdim olunsa da qanunverici orqanın onu nə vaxt müzakirəyə çıxaracağı hələ bilinmir

Bu gün inkişaf göstəricilərinə görə öndə gedən ölkələrdə təhsil səviyyəsinin kifayət qədər yüksək olduğu məlum həqiqətdir. Eyni zamanda belə ölkələrdə ən öncül ali məktəblərdə belə maddi imkanlarından asılı olmayaraq bütün şəxslərin təhsil alması üçün lazımi şərait yaradılır. Düzdür, burada bəzən proqnozlaşdırılmayan mənfi hallar da üzə çıxır.

Məsələn, ABŞ-da təhsil kreditləri ciddi iqtisadi problemə çevrilməkdədir. Məlumatlara görə, ABŞ-da təhsil haqqının ödənməsinə görə ayrılan vəsaitlərin həcmi 1 trilyon dolları üstələyib. Onların ödənməsinə görə borclanmanın artması isə yeni böhranın yaranmasına gətirib çıxara bilər. Artıq 20-ci əsrin 60-cı illərinin "Borc götür və oxu - işləyəndə qaytararsan" ideyası müasir həyat reallıqlarında parça-parça olub.

Araşdırmalar isə göstərir ki, ABŞ-da təhsilə görə orta tələbə borcunun həcmi bu yaxınlarda 25 min dollar həddinə çatıb. Onun son on il ərzində artımı isə 25%-ə yaxın olub. Ancaq istənilən halda o da həqiqətdir ki, ABŞ-da təhsilin səviyyəsinin yüksəlməsində və bundan daha çox insanın faydalanmasında təhsil kreditlərinin rolu böyük olub.

Azərbaycanda da belə növ kreditlərin verilməsi bir neçə aydır gündəmdədir. Xatırladaq ki, hələ ötən ilin sonunda Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvləri Vahid Əhmədov və Əli Məsimli "Təhsil krediti haqqında" qanun layihəsi hazırlayıblar.

Araşdırmalara görə, ölkəmizdə ali məktəblərdə təhsil alan hər 3 nəfərdən 2-si təhsil haqqı ödəyir. Təhsil haqları əhalinin xeyli hissəsinin gəlirləri ilə müqayisədə yüksəkdir (200-400 manata qarşı 900-4500 manat). İstedadlı gənclərin bir hissəsi çox vaxt ixtisası qabiliyyətinə görə yox, ailəsinin maddi imkanlarına uyğun seçmək məcburiyyətində qalır, imtiyazlı təhsil kreditləri verilmədiyindən ödənişli təhsil yeni sosial problem yaradır.

Hazırlanan qanun layihəsində isə əhalinin aztəminatlı təbəqələri üçün keyfiyyətli təhsilin əlçatanlığının təmin edilməsi, keyfiyyətli ödənişli təhsilin beynəlxalq praktikada özünü doğrultmuş səmərəli maliyyələşdirmə mexanizminin yaradılması, keyfiyyətli ödənişli təhsilin maliyyə təminatına dövlət dəstəyinin gücləndirilməsi, bank sisteminin kommersiya maraqları ilə sosial məsuliyyətin tarazlığı şəraitində təhsilin keyfiyyətinin yaxşılaşdırılmasında rolunun artırılması daxildir.

Beynəlxalq praktikada təhsil kreditləri orta məktəb, kollec, texnikum, ali məktəbdə təhsil alanlar, eləcə də ixtisası artırma və dil öyrənmə kurslarına gedənlərə verilir. Sözügedən qanun layihəsində təhsil kreditləri ali (bakalavr, magistr) və orta ixtisas təhsil müəssisələrində təhsilin maliyyələşdirilməsi üçün verilir.

Onu da qeyd edək ki, beynəlxalq praktikada təhsilə sərmayə qoyuluşunda həmin ölkənin gələcəyi naminə dövlət və təhsil alan şəxslə yanaşı, digər tərəflər də iştirak edir. Təhsil kreditlərini banklar, müxtəlif dövlət qurumları, təşkilatlar, xeyriyyə cəmiyyətləri və zəngin insanların müvafiq qurumlara maliyyə dəstəyi vasitəsilə verilir.

Hazırlanan qanun layihəsində də həmin üsulların heç birini inkar etmədən Təhsil Kreditləri Fondu vasitəsilə dövlət və bankların kredit verməsini nəzərdə tutulur. Təhsil üçün ayrılacaq vəsait tələbələrin əlinə verilməyəcək, təhsil krediti universitetlərin müəyyən fondunun hesabına köçürüləcək. Bundan başqa təhsil kreditlərinin iki formada verilməsi təklif olunur: kommersiya xarakterli təhsil kreditləri və sosial xarakterli təhsil kreditləri.

Həmçinin təhsil kreditləri təyinat etibarilə iki istiqamətə ayrılacaq: əsas təhsil xərclərini ödəməkdən ötrü verilən kreditlər, borc alanın təhsil aldığı müddətdə qidalanma, mənzil, nəqliyyat və s. əlaqədar xərclərini ödəməkdən ötrü verilən kreditlər.

O da məlumdur ki, beynəlxalq praktikada təhsil kreditlərinin faiz dərəcələri bir qayda olaraq ya simvolik xarakter daşıyır, ya da ki, ölkədəki inflyasiyanın orta illik səviyyəsinə və ya Mərkəzi Bankın uçot faiz dərəcəsinə uyğun səviyyədə müəyyənləşdirilir. Təhsil kreditlərinin faiz dərəcəsini istehlak kreditlərinin faiz dərəcəsinə çatdırılması təcrübəsinə də rast gəlinir. (Ukraynada-20%, Azərbaycanda-5-28%.).

Qanun layihəsinin tələblərinə görə, kommersiya xarakterli təhsil kreditlərimaksimum 5 faiz dərəcəsi ilə verilməlidir. Bu həm Azərbaycanın Mərkəzi Bankının uçot faiz dərəcəsinə (5,25%), həm də Azərbaycanda orta perspektivdə gözlənilən inflyasiyanın proqnoz göstəricilərinə (4,8%-dən aşağı) uyğundur. Bu faiz dərəcəsi həm MDB məkanına aid ölkələrin daha çox tətbiq etdiyi dərəcədən xeyli aşağı (Qazaxıstan-8-12%), həm inkişaf etmiş ölkələrin (ABŞ-da 3,8-5%; İsveçdə1%, Danimarkada-1,6%, Böyük Britaniya və digər Avropa ölkələrində inflyasiyaya uyğun səviyyədə (3 faizdən aşağı) tətbiq etdiyi orta statistik göstəriciyə yaxın, həm də postsovet məkanında, məsələn, Estoniyadakı dərəcəyə (5 faiz), Rusiyanın Əmanət Bankı tərəfindən güzəştlə verilən təhsil kreditləri faizi (5,06%) dərəcəsinə, xüsusən də Azərbaycanda sahibkarlara verilən güzəştli kreditlərin faiz dərəcəsinə (6%) uyğundur. Beynəlxalq praktikadan məlumdur ki, təhsil kreditlərinin faizi yüksək və müddəti dar olduqda, bu sahədəki problemli kreditlərin də payı artır və bəzən ifrat səviyyəyə çatır. Ona görə də qanun layihəsində borc alanın aldığı kommersiya və sosial xarakterli təhsil kreditlərinin 20 il müddətində qaytarılması variantı Azərbaycan reallığına daha uyğun işlək mexanizmin tərkib hissəsi hesab edilir. Adi şərtlərlə 2013-cü ildə orta hesabla 4000 manat kredit almağa başlayan tələbə hər il 5% əlavə ödəməklə, 16 il ərzində 3200 manat əlavə ilə cəmi 19200 manat və ya ayda 100 manat pul ödəyəcək. Həmin şəxs keyfiyyətli təhsil aldıqdan sonra böyük ehtimalla 2019-2020-ci ildə azı orta statistik azərbaycanlı qədər yəni 800-900 manat gəliri olacaq. Bu gəlirin onun üçün əsas təminatçısı olan keyfiyyətli təhsil olduğundan onun haqqını əməkhaqqının cəmi 11%-ni verməyə dəyər. Sonra bu ödəniş tədricən aylıq əməkhaqqının 10%-dən aşağı olması ehtimalı böyükdür. ABŞ prezidentinin təhsil kreditləri ilə bağlı imzaladığı son qanunda elə mexanizm nəzərdə tutulur ki, təhsil krediti üçün qaytarılan haqq həmin şəxsin ailə gəlirlərinin 10 faizindən çox olmasın.

Səməd CƏFƏROV



Sizin Reklam Yeriniz