Əlaqə Arxiv
news Image
2015.01.05
19:43
| A A A
Qızıləhmədi - qızıldan qiymətli

Qızıləhmədi İsmayıllı rayonunda tarixən yetişdirilən və demək olar ki, məhz bu bölgənin torpaq-iqlim şəraitində özünəməxsus keyfiyyət amilləri formalaşan alma sortudur. Tərkibinin daha çox dəmir və digər mikro və makroelementlərlə zənginliyi qızıləhmədini digər alma sortlarından fərqləndirən əsas keyfiyyətlərdəndir. Təsadüfi deyildir ki, mütəxəssislər bir sıra xəstəliklərə qarşı mübarizədə, habelə azyaşlılara, hamilə qadınlara bu sortdan daha çox istifadəni tövsiyə edirlər. Elə buna görədir ki, qızıləhmədi barədə kifayət qədər bilgisi olanlar onu qızıldan qiymətli adlandırırlar. İsmayıllının dağətəyi hissəsinin müəyyən arealında yetişən bu alma sortu məhsuldarlığı, saxlanmağa və daşınmağa davamlılığı ilə də seçilir. Bu sortun respublikamızın bəzi bölgələrində az miqdarda yayılmasına baxmayaraq, İsmayıllıda əldə etdiyi təbii-irsi xüsusiyyətləri onu digər yerlərdəkindən tamamilə fərqləndirir. Təcrübələr göstərir ki, yerli şəraitdə yaradılan, xalq seleksiyası tərəfindən seçilən və bəyənilən, məhsuldar, təbii mühit amillərinə uyğunlaşan və dözümlü olan ata-baba sortlarının qorunması, artırılması, bəzi növlərin, hətta axtarılması çox məqsədəuyğundur. Hazırda İsmayıllıda 1000 hektardan artıq sahədə meyvə bağı salınıb və bu proses davam edir. Qızıləhmədi alma sortu bu bağların 70 hektardan çoxunu təşkil edir. Bir sözlə, qızıləhmədi alma sortu xalqımızın milli sərvətidir. Onu qorumaq, artırmaq, təsərrüfat-bioloji xüsusiyyətlərini müasir tələbat və elmin son nailiyyətləri baxımından daha dərindən tədqiq etmək çox zəruridir.

AzerTac

Sizin Reklam Yeriniz