news Image
2015.01.09
12:06
| A A A
Ağsu aşırımında gərgin vəziyyət: avtomobillər yolda qalıb

Ağsu, Şamaxı, Qəbələ və İsmayıllı rayonlarına yağan güclü qar nəticəsində Bakı-Şamaxı-Ağsu və Şamaxı-Muğanlı-İsmayıllı yolunda nəqliyyatın hərəkətində çətinlik yaranıb.

 

APA-nın yerli bürosunun xəbərinə görə, yanvarın 8-də səhər saatlarından başlayaraq Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ rayonlarına yağan qar hazırda da davam edir. Dünən axşam saatlarından başlayaraq Ağsu, İsmayıllı, Qəbələ və Şamaxının dağ kəndlərində, Şamaxı şəhərinin bəzi küçələrində, eləcə də Bakı-Şamaxı yolunun Qobustan, Şamaxı və Ağsu rayonlarından keçən bəzi yerlərində, Muğanlı-İsmayıllı-Qəbələ yolunun bir çox ərazilərində yollar buz bağladığı üçün nəqliyyatın hərəkəti məhdudlaşıb. Gecə saatlarından başlayaraq həmin yollarda çox az sayda avtomobil hərəkət edir.

 

Bakıdan Ağsu şəhərinədək olan ərazidə, yəni Qobustanın Cəngi kəndi ərazisində, Şamaxının Acıdərə adlanan ərazisində, Muğanlı qəsəbəsindəki enişli-yoxuşlu yollarda və Ağsu aşırımında şinlərində zəncir olmayan maşınlar yolda qalıb, bəzi maşınlar sürüşərək yoldan kənara çıxıb.

 

Şamaxı-Pirqulu yolu, eləcə də Şamaxı və Ağsu rayonlarını birləşdirən magistral yol və Ağsu aşırımının bəzi dolayları buz bağlayıb. Ağsu aşırımında nəqliyyatın hərəkəti məhdudlaşıb.

 

Şamaxı şəhərinin bəzi dağ kəndləri ilə rayon mərkəzinin nəqliyyat əlaqəsi kəsilib. Bu rayonların aran hissəsinə 10 santimetr, dağlıq ərazisinə isə 15 santimetr hündürlüyündə qar yağıb. Qarın ən çox düşdüyü yer isə Pirqulu qəsəbəsidir. Bura təxminən 20 santimetr qalınlığında qar yağdığı bildirilir.

 

Şamaxının Pirbəhli, Qızmeydan, Dəmirçilər, Zarat kəndləri istiqamətindəki yollarda qar və buz səbəbindən hərəkət məhdudlaşıb. Bütün yollara yol idarəsinin işçiləri tərəfindən duz və qum səpilir.

 

Bakı-Şamaxı-Ağsu yolu və Muğanlı-İsmayıllı-Qəbələ yolu qarla əlaqədar hərəkət üçün təhlükəli olduğuna görə sürücülər alternativ olaraq Bakı-Qazax, Ucar-Göyçay, Ağdaş-Qəbələ, Kürdəmir-Ağsu yollarından istifadə edirlər.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs