news Image
2015.01.13
10:52
| A A A
Bir ətək pul verib aldığınız xəz saxta çıxa bilər-Xanımlar, kürk alanda ehtiyatlı olun!

Qış mövsümü ilə əlaqədar  xəz mallarına tələbat çoxalıb. Elə mavi ekranları bəzəyən reklam çarxlarından da görünür ki, ölkədə brend şirkətlərin məhsulu olan kifayət qədər geniş xəz bazarı var. Bazaradakı mövcud vəziyyət göstərir ki,  qiyməti çox yüksək olsa da, bu xəz geyinmək arzusunda olan qadınları arzularından əl çəkməyə maneçilik törətmir. Xəz satışı bazarındakı araşdırmalarımız göstərir ki, indi dəridən hazırlanan kürklərin qiyməti 1500-5000 manat arasında dəyişir. Dəri məmulatları həmişə dəbdə olduğundan, alıcılar ayaqqabı alarkən belə malın dəridən olmasına üstünlük verirlər. Amma təcrübə göstərir ki, seçimimizdə bəzən özümüz belə bilmədən yanıla bilərik. Məsələn, bir ətək pul sayıb aldığımız kürkün tükləri bir mövsüm keçməmiş tökülə, aldığımız dəri ayaqqabı ilk qardan üzüağ çıxmayaraq su keçirə bilər. Dəri məmulatlarının qiymətinin kifayət qədər baha olduğunu nəzərə alsaq, aldanılan alıcının vəziyyətini təsvir etməyə belə ehtiyac qalmaz. Elə Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseyov da bununla bağlı çoxsaylı şikayətlərin olduğunu söyləyir. E. Hüseynov deyir ki, kürkün qiymətinin baha olması heç də hələ malın təmiz dəridən hazırlandığına zəmanət vermir: "Çünki, elə brend şirkətlər var ki, Çində onların saxta variantları məharətlə hazırlanaraq satışa çıxarılır. Bir mövsüm geyməmiş bu kürklərin rəngi solur, tükləri tökülür. Ona görə də, kürk alanda, ilk növbədə onun sertifikatını tələb etmək lazımdır ki, sonra verdiyin pula heyifin gəlməsin. İndi xəz bazarında qiymətlər çox yüksəkdir. Amma bu heç də malın tam keyfiyyətli olması anlamına gəlmir. Gərək dəridən hazırlanan malların keyfiyyətinə alıcı diqqət yetirsin. İlk növbədə sertifikatı tələb etsin". 

E. Hüseynovun sözlərinə görə, süni xəz təbii xəzlərə oxşadılan xovlu toxuculuq məmulatı, trikotaj maşınlarında, toxuculuq dəzgahlarında və yapışdırma üsulu ilə hazırlanır: "Təbii xəzlərə, su samuru, dələ, yenot, tülkü və s. xəzlərinə oxşadılan parça sünixəzlər və trikotaj süni xəzlər daha çox yayılıb. Süni xəz əsasdan və xovdan ibarət olur. Süni xəzin rəngi, naxışları, xovun yerləşməsi demək olarki, tamamilə xovunun oxşadıldığı təbii xəzdəki kimi olur. Süni xəzin əsası üçün pambıq, bəzən də sintetik saplardan istifadə edilir. Xov üçün isə müxtəlif monosaplardan , poliamid və poliefir viskoz lifləri və asetat liflərindən, uzunxovlu süni xəzlərdə isə poliakrilnitril liflərindən istifadə edilir".

Antiinhisar Siyasəti  və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti də alıcıları dəri məmulatları alarkən diqqətli olmağa səsləyir. Xidmətdən bildirdilər ki,  istehlakçılar tekstil və xəz mallarının alınması zamanı müəyyən məqamlara diqqət yetirməlidirlər: "Birinci növbədə satıcı tərəfindən istehlakçıya malın adı, istehlak xüsusiyyətləri, effektiv və zərərsiz istifadə qaydaları, istehsalçı firma, malın standartları və hansı tələblərə cavab verməsi haqqında dolğun məlumat verilməlidir. Bu məlumatda həmçinin, istehlakçıya malın zəmanət müddəti, etibarlılıq və istifadə müddəti haqqında məlumat əksini tapmalıdır.

Tekstil və trikotaj malları, xəz məmulatları satışa çıxarılmazdan əvvəl, satışqabağı hazırlıq mərhələsindən keçməlidirlər. Bu mərhələlərə bağlamalardan açılma, növlərə ayırma, mala baxış, görünüşünə görə malın keyfiyyətinin təyini, mal və onun hazırlanması haqda məlumat, əgər ehtiyac olarsa malın təmizlənməsi, ütülənməsi daxildir. Təklif olunan mallar satış üçün növ, model, ölçü, boy və s. qruplara bölündükdən sonra satış yerlərində düzülməlidir. Trikotaj, hazır tikili mallar, xəz məmulatları, ayaqqabılar satış zalında ayrı-ayrı yerləşdirilməlidir. Parçalar toxunduğu sapların növlərinə, tərkibinə görə, xəz məmulatları isə xəzin növlərinə görə qruplaşdırılır. Hər bir malın yarlığında, malın adı, qiyməti, ölçüsü, boyu, xəz növü, rəngi olmalıdır. Satışa çıxarılan xəz məmulatları sertifikatlaşdırılmalıdır. Satıcı alıcıya bu malları geyinmək və ölçüsünü yoxlamaq üçün şərait yaratmalıdır. Bunun üçün satış zalında geyinib-soyunma otağı, oturacaqlar, dayaqlar və güzgülər olmalıdır. Alınan mallar alıcıya qablaşdırılmış vəziyyətdə verilməli və qablaşdırmaya görə alıcıdan pul alınmamalıdır. Malın yarlığında istehsalçı müəssisənin əmtəə nişanı, istehsalçının adı və ünvanı, malın adı, mal üçün standartın və texniki şərtin qeydi, modelin nömrəsi, ölçüləri, xammalın tərkibi (istifadə olunan), istehsal tarixi və s. öz əksini tapmalıdır. Mal nişanı olan lentin üzərində istehsalçı-müəssisənin əmtəə nişanı, xammalın tarkibi, mala qulluq üçün simvollar və s. olmalıdır. Parçadan tikilmiş malların hər birinə əsas materialın kiçik bir parçası və onun uzərinə istifadə olunan hər ölçüdə düymədən bir ədəd olmaqla ehtiyyat düymələri tikilməlidir.

Xəzdən hazırlanmış mallara karton yarlık lent ilə bərkidilir və tekstil lent malın iç sol tərəfinə tikilir və orada mal haqda lazım olan məlumat qeyd olunmaqla markalanır. Xəz məmulatlar xəz hissəsi içəri tərəfə çevrilməklə bükülür. Dəri ayaqqabılar da geniş yayılmiş mallar sırasına daxildir. Ayaqqabılar xüsusi karton qutulara, kağız və polietilen paketlərə yerləşdirilir. Model, lak, velyur, zamş, nabuk, ağ rəngli, açiq rəngli, sintetik dəridən olan bütün ayaqqabılar karton qutulara cüt-cüt yığılır və tayların arasına kağız qoyulur və ya hər tay ayrıca paketə qoyulur. Hər tayın içində plastmas, yumşaq kağız parçası və ya karton parçası yerləşdirilməlidir. Bu ayaqqabının formasının qorunub saxlanılması üçündür. Uzunboğaz çəkməda isə boğaz hissəyə də karton parçası qoyulmalıdır. Ayaqqabı seçərkən insan sağlamlığı üçün ziyansız olan təbii dəri və gönlərdən hazırlanan və istehsal texnologiyasının ardıcıllığına riayət edilərək hazırlanan ayaqqabılara üstünlük verin".

İqtisadiyyat və Sənaye nazirliyindən isə hələki xəz məhsularla bağlı alıcılardan şikayət daxil olmadığını söylədilər. Nazirlikdən bildirdilər ki, belə bir şikayət olarsa, alıcılar Antiinhisar Siyasəti  və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti ilə əlaqə saxlaya bilər".

 

 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs