news Image
2015.01.15
09:02
| A A A
Sənədsiz evlər problemi həll olunur
Rövşən Talıbzadə: “Prezidentin fərmanı sənədsiz evlərin böyük hissəsinin sənədləşdirilməsinə kömək edəcək” Vüqar Bayramov: “On minlərlə evin sənədləşməsinə imkan yaranacaq”

Sənədsiz evlərin qeydiyyata alınması istiqamətində növbəti vacib addım atıldı. Belə ki, Prezident İlham Əliyev "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı"nın təsdiq edilməsi barədə fərman verib Artıq Azərbaycan Nazirlər Kabineti "Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydaları"nı təsdiq edib. Fərmanla müəyyən edilir ki, siyahıda nəzərdə tutulmuş sənədlər müvafiq əmlaka hüququn əmələ gəldiyi anda həmin əmlak magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşmədiyi hallarda daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab edilir.

Bildirək ki, belə evlər Bakının bir çox yerində xüsusən də Sulutəpə, Masazır və Binəqədidə Azərbaycan Dövlət Neft Şirkətinə məxsus ərazilərdə var.

"Əmlak Ekspert Mərkəzi"nin nümayəndəsi Rövşən Talıbzadə bildirir ki, bu günə qədər yerli icra hakimiyyətlərinə bu istiqamətdə tapşırıqlar olmuşdu: "Lakin əmlakların qeydiyyata alınması üçün hansısa mexanizlərin yox idi. Prezidentin fərmanı sənədsiz evlərin böyük hissəsinin sənədləşdirilməsinə kömək edəcək. Fərman bir daha onu deyir ki, ölkəmizdə qanunsuz yox, sənədsiz evlər var. Bunların da sənədləşdirilməsi zərurəti var. Bu, dövlətlə yanaşı, vətəndaşın marağını təmin edir. 500 minə qədər sənədsiz ev var ki, onlar vergilərdən, sığortadan yayınırdılar. Bunlar da dövlət büdcəsinə pul axınını məhdudlaşdıran amil idi. Fərman həmçinin, mənzilin orderdəki ölçüləri onun faktiki ölçülərinə uyğun gəlməməsi kimi problemi də həll edəcək. Eyni zamanda artıq vətəndaş tikintini layihəsini müvafiq icra orqana təqdim etdikdən sonra 7 iş günü ərzində onların qeydiyyat sənədləri rəsmiləşdiriləcək. Bu da işin operativliyi baxımından çox əhəmiyyətlidir. Yəni, fərman vətəşdaşların rifahına yönəlib. Eyni zamanda dövlət büdcəsinə yığılan vergilərin həcmi artacaq".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov bildirir ki, artıq 2004-cü ilin 29 iyununadək qeydə alınan və ya inşa edilən əmlaklar fərmanla müəyyənləşdirilən sənədlər ilə dövlət qeydiyyatına alınmalıdır: "Bu zaman saədəcə, həmin əmlakın magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşməməsi vacibdir. Fərman "belə təhlükəli zonalarda" yerləşən tikintilərin qeydiyyatını nəzərdə tutmur. Sənədə görə, Nazirlər Kabineti kolxozların və sovxozların idarə heyətlərinin qərarları ilə yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün ayrılmış həyətyanı torpaq sahələrinin aqibəti ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir. Belə ki, kolxozların və sovxozların idarə heyətlərinin qərarları ilə yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün ayrılmış həyətyanı torpaq sahələrinin statusu Nazirlər Kabinetinin təklif etdiyi və ölkə Prezidentinin təsdiq edəcəyi yeni qaydalar əsasında aparılacaq. Sənəddə əhəmiyyətli məqamlardan biri, Əmlak Məsələləri Dövlət Komitəsi, birtipli layihələr əsasında inşa olunmuş dövlət və ya ictimai mənzil fonduna aid çoxmənzilli binalarda yaşayış sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı məqsədi ilə texniki inventarlaşdırma işləri aparılan zaman mənzilin və ya otağın sahəsinin faktiki göstəriciləri ilə qeydiyyat sənədlərindəki, eləcə də order və kirayə müqavilələrindəki göstəricilərin fərqli olduğu aşkarlandıqda, daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyatının sahənin faktiki göstəriciləri əsasında aparılmasını təmin etsin. Bu zaman əlavə tikililər nəzərə alınmayacaq. Bu, o deməkdir ki, əgər sənəddə otağın sahəsi 20 kv metr, amma reallıqda 25 kv metrdirsə, o zaman reystirdə real ölçülər qeydiyyatdan keçəcək. Deməli, əgər sizin eviniz 2004-cü ilin iyunun sonunadək inşa edilibsə və hələ də sənədi yoxdursa o zaman sizdə olan və fərmanda qeyd edilən sənədlər ilə onu rəsmilləşdirə və dövlət qeydiyyatına daxil etdirə bilərsiniz. Bu isə o deməkdir ki, fərman on minlərlə evin sənədləşməsinə imkan yaradacaq".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs