news Image
2012.07.31
07:42
| A A A
Şirniyyat məhsulları da ciddi təhlükə mənbəyinə çevrilir
Ekspertlər vətəndaşlara külli miqdarda vaxtı keçmiş tort və şirniyyatlar satıldığını bildirirlər

Son günlərin ən aktual mövzularından biri də qida zəhərlənmələri ilə bağlıdır. Bakıda iki gündə qidadan 12 nəfərin zəhərlənməsi fonunda məsələyə diqqət daha da artıb. Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, zəhərlənənlərin 7-si xəstəxanaya yerləşdirilib. Onlardan 4-ü qutabdan, digərləri isə qarışıq qidadan zəhərləniblər.

Mövsüm ərzində qidadan zəhərlənmə ilə bağlı Stansiyaya 283 nəfər müraciət edib, onlardan 245 nəfər xəstəxanaya yerləşdirilib. Ekspertlər isə havaların isti keçməsi founda diqqəti digər qida növlərinə yönəldirlər. Söhbət şirniyyat məhsullarından, o cümlədən ad günləri, toylar və nişan mərasimlərinin atributlarından biri sayılan tortlardan gedir. Məsələ ilə bağlı Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov olduqca maraqlı açıqlamalar verib: "Şirniyyat dükanlarında satışa çıxarılan tortların saxlanma müddəti 31 saatdır. Lakin aparılan monitorinqlərin nəticəsi göstərir ki, satışda olan tortların 98%-nin üzərində istifadə müddəti yazılmır. Bu da ondan xəbər verir ki, vətəndaşlara külli miqdarda vaxtı keçmiş tort və şirniyyatlar satılır". Tortların qiymət və təhlükəsizlik sənədlərinin olmadığını qeyd edən ekspert bildirib: "Satışda olan tortların yalnız gigiyenik sənədləri vardır ki, o da bir neçə aylıq və ya illik verilir. Gigiyenik sənəd isə satışda olan məhsulların təhlükəsiz olması demək deyil. Gigiyenik sənədlər yalnız istehsalla bağlı verilir. Ona görə də ölkədə kütləvi zəhərlənmələr baş verir". Azərbaycanda zəhərlənmə hallarının rəsmi qeydiyyatı ilə bağlı ciddi problemlərin olduğunu qeyd edən Eyyub Hüseynov "faktxeber" portalına açıqlamasında bildirib: "Avstraliya bazarı həyat səviyyəsinə görə dünya ölkələri arasında 4-cü yeri tutur. 20 milyon əhalisi olan Avstraliyada ildə 5 milyon insan zəhərləndiyini halda, bu göstərici əhalisinin sayı 10 milyona yaxın olan Azərbaycanda isə 1000 nəfərdir". Ekspertə görə, bu statistika reallığı əks etdirmir.

Digər ekspertlər hesab edir ki, tərkibində şirinlik olan qida məhsulları həm konservantdır, həm də qıcqırma proseslərini aktivləşdirdiyindən zəhərlənmə yarada bilər. Xatırladaq ki, SSRİ dövründə ümumiyyətlə, yay mövsümündə kremli tortların satışı qadağan edilmişdi. İkincisi, kremli məhsullara marqarin yağı işlədilməsi qadağandır. Amma bizim şirniyyat şəbəkələrinin böyük əksəriyyətində heç bir şirniyyat məhsuluna kərə yağı işlədilmir. Peçenyeyə və sair marqarin yağı işlətmək olar. Kremli şirniyyatlarda isə ancaq kərə yağı işlədilməlidir.

Ekspertlərin sözlərinə görə, tortu satan firma onun üzərində göstərməlidir ki, bu, saat neçədə hazırlanıb. Lakin praktikada buna rast gəlinmir.

O da bildirilir ki, tortlar biskvitli, vaflili, qırıntılı və müxtəlif məhsulların qarışığından hazırlandığı üçün onların bişirilməsi, saxlanma müddəti və şəraiti müxtəlifdir. Meyvəli-yaş tortların saxlanma müddəti daha az olur. Belə ki, tortun tərkibindəki meyvələr hava ilə reaksiyaya girərək, çürümə prosesinə səbəb olur. Meyvəli tort turşumuş, qıcqırmış qoxu verirsə, ondan istifadə etmək olmaz. Əks halda, bu, zəhərlənmə ilə nəticələnə bilər. O da qeyd olunur ki, orqanoleptik göstəricilərinə görə, istifadə üçün nəzərdə tutulan yarımfabrikatların xarakteristikası, üzərində qüsuru olmayan bişmiş bir, yaxud bir neçə qat yarımfabrikatlar kənar dad və iy verməməlidir. Tort bişirilərkən uyğunluq sertifikatı olan idxal olunan xammal və yarımfabrikatlardan istifadə edilməlidir.

Mağazalarda tortları çəki, dilim və kilo ilə satırlar. Dilim formasında olan tortlar qüvvədə olan normativ sənədlərə uyğun olaraq kartondan, yaxud polimer materialdan olan qutulara yerləşdirilməlidir. Tortların qablaşdırılması da çeşidlərinə görə müxtəlif olur. Belə ki, tort qablaşdırılan zaman qutunun dibinə perqament materiallı salfetka, sellofan, parafinlənmiş kağız kimi materiallar salınmalıdır. Vaflili tortlarda isə salfetkanın həcmi digərlərindən daha böyük olmalıdır. Vaflili tortlar bütünlüklə salfetkanın, yaxud cığ-cığ kağızın içində olmalıdır.

Tortlar markalanarkən əmtəə nişanı, istehsalçı müəssisənin adı, ünvanı, məhsulun adı, xalis çəkisi, istehsalın tarixi, saatı, saxlama müddəti, sertifikatlaşan məhsul üçün uyğunluq nişanı, məhsulun 100 qramının qida və enerji dəyəri haqda məlumat, mövcud standart, saxlama şəraiti kimi mühüm göstəricilər üzərində qeyd olunmalıdır. Tort və şirniyyatları şəhərlərarası daşımalarda müxtəlif yeşiklərdə, faner və karton qablarda, mövcud sanitar qaydalara uyğun olaraq örtülü nəqliyyat vasitələrində daşıyırlar. Tortların spesifik qoxusu olan təzə bişmiş çörək və digər məhsullarla bir yerdə daşınmasına icazə verilmir. Amma təəssüf ki, çox zaman qeyd olunanlar həyata keçirilmir. Bu səbəbdən mağazalardan tort və şirniyyat alarkən diqqətli olmaq lazımdır. Əks halda, şirniyyat yemək istəyiniz zəhərlənmə ilə nəticələnə bilər.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs