Əlaqə Arxiv
news Image
2015.01.23
09:01
| A A A
Lisenziyasız apteklərdən gələn təhlükə
Adil Qeybulla: “Lisenziyasız fəaliyyət göstərən apteklərin buraxdığı səhvi lisenziyalı fəaliyyət göstərən apteklər də buraxa bilər” Şəmsiyyə Namazova: “Lisenziya yerində olmalı və nəzarət güclənməlidir”

Xəbər verildiyi kimi, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların Keyfiyyətinə Nəzarət şöbəsi tərəfindən İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndəsinin iştirakı ilə ötən il ərzində respublika ərazisində fəaliyyət göstərən əczaçılıq müəssisələrində reydlər keçirilib. İl ərzində yoxlamaların qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış müvafiq çıxarışlara əsasən 107 aptek təşkilatında yoxlama keçirilib. Yoxlamalar zamanı xüsusi razılıq (lisenziya) olmadan əczaçılıqla məşğul olan 20 aptek aşkarlanaraq fəaliyyəti dayandırılıb. Apteklərin sahiblərinə İnzibati Xətalar Məcəlləsinin 64.1 maddəsi ilə protokollar tərtib edilib.

Məsələnin diqqət çəkən məqamı ondan ibarətdir ki, apteklər bağlansa da, buna qədər satış həyata keçiriblər. Burada isə standartlara cavab verməyən dərmanların satılması istisna edilmir.

Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirir ki, indiki qaydalara əsasən, hər bir aptek mütləq lisenziya almalıdır: "Amma əslində, lisenziya formal bir sənəddir. Apteklərin fəaliyyəti ilə bağlı konkret əsasnamə olmalıdır. Məsələn, heç bir aptek həkim resepti olmadan dərman verməməlidir. Ancaq Azərbaycanda dərman vasitələri kütləvi informasiya vasitələrində reklam olunur. Bu isə tam yolverilməzdir. Yəni, reklam olunmaq o deməkdir ki, hər bir kəs həmin dərmanı məsləhətsiz ala bilər. Xüsusi ilə diqqətçəkən arıqladıcı dərman vasitələrdir ki, onların da mənşəyi bilinmir. Düzdür, dərman maddələrinin dövriyyəsi ilə bağlı qanun layihəsi var. Apteklər də həmin qanun layihəsinə görə, öz fəaliyyətlərini tənzimləyirlər. Ancaq həmin təlimatı pozub aptek fəaliyyətində qüsurlu faktlara yol verə bilərlər. Yəni, formal lisenziya almaqdansa, dərman bazarını səhmana salmaq daha məsləhətlidir. Düzdür, hüquqi məsuliyyət baxımından lisenziya lazımdır. Amma eyni zamanda lisenziya sadələşdirilməlidir. Aptek şəbəkəsində dərmanların satışı işində azad rəqabət daha yaxşı təmin olunmalıdır. Yəni, apteklərin bağlanması heç də məsələnin həlli deyil. Lisenziyasız fəaliyyət göstərən apteklərin buraxdığı səhvi lisenziyalı fəaliyyət göstərən apteklər də buraxa bilər".

Professorun sözlərinə görə, şərtləri pozmuş apteklərə qarşı tətbiq edilən cəzanın nə dərəcədə təsirli olması istintaqın gedişində müəyyən edilir: "Yəni, həmin apteklər fəaliyyət göstərərkən pozduqları prinsiplər, lisenziyasız fəaliyyət göstərməsi hansı müəddətdə baş verməsi, vergidən gizlənmə halının olub-olmaması kimi nüansları nəzərə alınaraq qərar qəbul olunmalıdır".

Tibb və fəlsəfə elmləri doktoru Şəmsiyyə Namazova isə hesab edir ki, lisenziyanın olması vacib şərtdir: "Çünki, hər bir dərmanın saxlanma xüsusiyyəti, şəraiti var. Onlara uyğun da apteklərə lisenziya verilir. Lisenziya həmçinin, nəzarətin göstəricisidir. Əgər dərmanlar tələb olunan şəraitdə saxlanılmırsa, onun təsiri itə bilər. Bu baxımdan müvafiq qurumlar tərəfindən nəzarət olmalıdır. Xüsusi ilə də nəzərə alaq ki, apteklərdə işləyənlərin çoxunun tibbi təhsili yoxdur. Lisenziyasız fəaliyyət göstərmək də həmin tibbi savadı olmayan insanlar üçün bir meydan açacaq. Bu baxımdan lisenziya yerində olmalı və nəzarət güclənməlidir. Nəzarət olanda hər bir aptekdə məsuliyyət yaranır. Amma 20 aptekin fəaliyyəti dayandırılıbsa, bu, o deməkdir ki, bu günə qədər onlar fəaliyyət göstərib. Yəni, artıq demək olar ki, müəyyən qədər insanlar onların satdıqları dərmanlardan istifadə ediblər".

Sizin Reklam Yeriniz