news Image
2015.01.31
12:00
| A A A
Efir məkanı zövqləri korlamaqda davam edir
Qulu Məhərrəmli: “Kommersiya qayda və havasının televiziyalara dərindən nüfuz etməsi maarifçi verilişləri sıxışdırıb proqramlardan çıxarıb” Azər Həsrət: “Maarifləndirici verilişlərin sayını artırmaq üçün onların formatı üzərində işləmək lazımdır”

Teleefir məkanında maarifləndirici verilişlərin olmaması və yaxud az olması uzun müddətdir ki, cəmiyyətdə geniş tənqid olunur. Amma bunun müqabilində özəl telekanallarda yenə də şou xarakterli verilişlər üstünlük təşkil edir ki, bu verilişlərin çoxu da həddən artıq bayağı olması ilə seçilir. Bu barədə nə qədər deyilsə də, məsələ həlləini tapmır. Əksinə, bəzi telekanallarda bu durum getdikcə daha bərbad hal alır. Televiziya mütəxəssisi Qulu Məhərrəmli bildirdi ki, televiziyaların pul qazanmaq ehtirası onları şou xarakterli verilişlərə daha çox önəm verməyə gətirib çıxarıb: "Maarifçilik xüsusiyyətlərini öyrətmək televiziyanın ilkin funksiyalarından biridir. Televiziya yaranandan bu funksiya bizim məkanda keçən əsrin 90-cı illərin ortalarına qədər onunla yanaşı gedib. Amma kommersiya qayda və havasının televiziyalara dərindən nüfuz etməsi maarifçi verilişləri sıxışdırıb proqramlardan çıxarıb. Televiziyaların bir çoxu öyrədici proqramları, ən azından dil proqramlarını öz yayım siyasətindən təəssüf ki, sıxışdırıb çıxarıblar. Bunun səbəbi də televiziyaların pul qazanmaq etirasıdır, qarşıya qoyulan missiyadan müəyyən qədər üz döndərmələri və cəmiyyətin bugünkü problemlərinə, xüsusən dünyagörüşü, mədəniyyət məsələlərinə bir qədər kənardan yanaşmalarıdır. Onun başqa səbəbi yoxdur. Çıxış yolu isə teleradio yayımı haqqında qanunda göstərilib və burada qeyd olunur ki, balanslaşdırılmış verilişlər verilməlidir. Kommersiya televiziyalarını bu mənada başa düşmək olar. Onlar pul qazanmaq istəyir. Amma büdcədən maliyyələşən kanallar maarifçiliyə ciddi diqqət yetirməlidirlər. Bu baxımdan "Mədəniyyət" kanalının qarşısında ciddi vəzifələr dayanır. Bu ənənələri dirçəltmək tamaşaçılara fayda verərdi".

Ekspert Azər Həsrətin fikrincə, əsas məsələ ondan ibarətdir ki, tamaşaçı bir qayda olaraq əyləncəli və şou xarakterli verilişlərə daha çox meyl edir: "Çünki belə verilişlər adətən yorucu olmur, tamaşaçını özünə daha çox cəlb edir. Bu baxımdan da tamaşaçılar həmin sayaq verilişlərə daha çox önəm verir. Bəzi kanallarda az sayda olsa da, maarifləndirici verilişlər görürəm. Amma bu verilişlər bir qədər cansıxıcı formada təqdim edilir. Elə bil ki, auditoriyada oturub mühazirəyə qulaq asırsan. Belə verilişlər geniş auditoriyaya xitab ediləcək səviyyədə deyil. Belədə, istər-istəməz ən təmkinli adam o cür verilişlərə baxa bilmir. Çıxış yolu var. Maarifləndirici verilişlərin sayını artırmaq üçün onların formatı üzərində işləmək lazımdır. Bu zaman maarifləndirici-əyləncə formasından istifadə etmək olar. Yəni, tamaşaçı həm əylənsin, həm də onlarda həyəcan yarada biləcək hərəkətlərin şahidi olsun. Verilişlər bu formatda təqdim olunarsa, düşünürəm ki, maarifləndirici verilişlərin sayının artırılması yolu açılmış olar. Bütün televiziya kanallarının rəhbərləri deyir ki, onları belə verilişlər açmağa əngəlləyən amillərdən biri reklam problemidir. Reklam verənlər bir qayda olaraq daha çox geniş auditoriyaya hesablanmış verilişlərdə reklam yerləşdirir. Maarifləndirici verilişlərə az adam baxır. Bu da reklam verənlər üçün əlverişli deyil. Reklam verənləri bu mənada həvəsləndirmək üçün format üzərində işləməliyik. Həmçinin, böyük reklam verənlərlə danışıqlar aparıb, qanunla işi tənzimləməklə, ya da onlar arasında izahat işi aparmaqla maarifləndirici verilişlərə də reklamların verilməsinə nail olmaq olar".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs