news Image
2015.01.30
18:30
| A A A
Küləklər şəhərində “Təmiz Binəqədi” ideyası
"Hava limanında təyyarədən enər-enməz özümü sanki nağıllar dünyasına düşmüş kimi zənn etdim. Azərbaycana daha əvvəllər gəlməmişdim deyə ölkəniz və paytaxtınız barədə təsəvvürüm yox idi. Amma ilk gündən şahidi oldum ki, Bakı çox gözəl şəhərdir, öz görkəmi ilə Avropanın ən qabaqcıl şəhərləri ilə bir sırada dayanmağa layiqdir. Buradakı tarixi binalar mənə Avropanı xatırladır. Eyni zamanda, müşahidə etdim ki, Bakı keçmişlə müasirliyin vəhdətidir. Ona görə ilk dəfədən Bakı haqqında təəssüratım çox yüksək oldu. Bakı gözəl olduğu qədər də insanları çox səmimidir. Mən şərqli və qafqazlı qonaqpərvərliyini eşitmişdim. Bakıda bunun şahidi oldum. İnanıram ki, ölkənizə gələn bütün insanlarda mənim kimi müsbət bir fikir formalaşıb. Başqa cür də ola bilməz. Bundan sonra yəqin ki, çalışacam Azərbaycana yenə də səfər edim. Çünki buralar ilk gündən mənə doğmalaşdı. Artıq mən bu ölkəni sevirəm".

Bu, "Eurovision-2012" mahnı müsabiqəsini işıqlandırmaq üçün Azərbaycana təşrif buyuran media qurumlarından birinin, Almaniya, "Fride" internet radiosunun əməkdaşı Elvira Qreissin Bakıda olarkən, Bakı haqda söylədikləri fikirdir. Bu mahnı yarışması başa çatdıqdan sonra dünya KİV-lərinin Azərbaycan haqqında dərc etdiyi məqalələr də, Bakının gələn qonaqları, eləcə də media nümayəndələrinin yaddaşında xoş izlər buraxdığını təsdiqlədi. Jurnalist Knut Teskenin məşhur "Die Welt" internet nəşrində yer alan "Bakı - odlar və işıq şəhəri" adlı məqaləsi də həmin ərəfədə Bakıya gələn qonaqların, media əhlinin paytaxtımızdan xoş təəssüratlarla ayrıldığını təsdiqlədi. Məqalənin müəllifi Knut Teske Bakını Qərb paytaxtlarından hər hansı biri ilə müqayisəyə gəlməz dərəcədə müasir Avropa şəhəri kimi təsvir edir. Məqalədə deyilir: "Bakını nə Nyu-Yorkla, nə Tokio, nə Rio, nə London, nə də Parislə müqayisə etmək olar. Ola bilsin ki, Roma, daha doğrusu Roman Forumu, o da yalnız müəyyən saatlarda Bakıya oxşayır".
Müəllif Bakıda gecə vaxtı binaların işıqlandırılmasına xüsusi diqqət yetirir və vurğulayır ki, turistləri heyran edən, şəhərin zənginliyini və parıltısını qabardan bu işıqlar öz gözəlliyi ilə insanı mat qoyur. Nəşrdə Azərbaycan paytaxtında tikinti bumu, "Flame Todvers" - "Alovlu qüllələr" adlı möhtəşəm binalar kompleksindən də söhbət açılır. Müəllif deyir ki, indi Bakı özünün ikinci çiçəklənmə dövrünü yaşayır.
Bu beynəlxalq yarışmanın keçirilməsindən illər ötsə də, Bakı onların, ölkəmizə gələn qonaqların, tədbiri işıqlandırmağa gələn jurnalistlərin yaddaşında söylədikləri kimi, dünyanın ən gözəl və müasir şəhərlərindən biri kimi qalacaq. Azərbaycanın, azərbaycanlının adı gəldikdə onlar Bakını xatırlayacaq, gözlərinin önündə müasir bir Avropa şəhəri, gülərüz və qonaqpərvər Azərbaycan insanı canlanacaq. İllər ötüb , qərinələr keçsə də, Bakı onların gözündə Şərqdə parlayan və parıltısı ilə ətrafa işıq saçan bir şəhər kimi qalacaq. Elə ölkəmizin bu cür beynəlxalq yarışlara qatılaraq ev sahibliyi qazanmaq məqsədinin arxasında da məhz bu amal, Azərbaycanın, paytaxt Bakının beynəlxalq arenada tanınaraq reallığı əks etdirən müsbət imicinin formalaşmasına nail olmaq dayanırdı. Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın dəstəyi ilə ölkəmizdə baş tutan bu tədbir, bizi ona doğru irəlilədiyimiz məqsədimizə çatdırdı. İndi bunun üçün əlimizdə daha bir şans var. Bu, Bakıda keçiriləcək 2015 Avropa Oyunlarıdır. Qeyd edək ki, 2015-ci ildə I Avropa Olimpiya Oyunlarının Bakı şəhərində layiqincə keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2013-cü il tarixli Fərmanı ilə Təşkilat Komitəsi yaradılaraq, Təşkilat Komitəsinə Azərbaycan Respublikasının Birinci Xanımı, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva sədr təyin edilib. İndi paytaxt Bakının daha bir beynəlxalq yarışa ev sahibliyi etməsi Azərbaycanı yeni tarixi hadisənin iştirakçısı və yaradıcısına çevirəcək.

Bəs gəlin görək paytaxt Bakı bu dəfə necə,tarix yazmağa hazırdırmı?

Bunu konkret bir rayonun, Bakının şimal qapısı sayılan Binəqədi rayonunun timsalında araşdırmağa çalışdıq. Elə Binəqədi rayonunun qapısını da şimaldan açdıq. Bakı-Sumqayıt yolunun sağında yaradılmış süni yamac, "Bakı- 2015 Avropa Oyunları" şüarını gül-çiçəklə öz sinəsinə həkk etmişdi. Girişdəcə Binəqədi rayonunun bu tədbirə hazırlıq gördüyü hiss olunurdu. Bizi Binəqədiyə aparan yol, rayondakı yaşayış məntəqələrinə yaxınlaşdıqca artıq bütün binəqədililərə tanış olan bir devizlə- "Təmiz-Binəqədi" şüarı ilə qarşılaşdırdı. Bu şüarın yazıldığı plakatlara demək olar ki, Binəqədi rayonun yaşayış massivlərindəki bütün ticarət, iaşə, inzibati binalarda, hər yerdə rast gəldik. Hətta elə küçə yox idi ki, oradakı məişət tullantıları qutularının üzərində bu devizi əks etdirən plakatlar olmasın. Amma Binəqədi rayonun yaşayış məntəqələrinin mərkəzinə yaxınlaşdıqca rayon ərazisində təmizliyin yalnız məişət tullantılarının atılması üçün düzülən qutularla məhdudlaşmadığı, "Təmiz Binəqədi" ideyasının arxasında böyük abadlıq-quruculuq işlərinin dayandığı üzə çıxdı.

"Təmiz Binəqədi"nin təmizlik marafonu


Sözügedən layihədən bəhs etməzdən öncə qeyd edək ki, "Təmiz Binəqədi" layihənin məqsədi Bakıda keçiriləcək 2015 Avropa Olimpiya Oyunları öncəsi rayonun memarlıq görkəmini daha da yaxşılaşdırmaq, qəsəbə və mikrorayonlarda, küçə və məhəllələrdə, park və xiyabanlarda aparılan təmizlik və abadlıq işlərini intensiv və mütəşəkkil formada davam etdirmək, bu işlərə rayon ictimaiyyətini və geniş əhali kütləsini cəlb etməkdir.
1 iyul 2014-cü ildən etibarən Binəqədi rayonu ərazisində mərhələli şəkildə "Təmiz Binəqədi" layihəsinin həyata keçirilməsinə başlanılıb. Layihənin həyata keçirilməsi ilə əlaqədar Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə Tədbirlər Planı təsdiq edilib və Tədbirlər Planının icrasını təmin etmək məqsədilə müvafiq komissiya yaradılıb. Binqədi rayon İcra Hakimiyyətinin İctimaiyyətlə Əlaqələr şöbəsindən Movqe.az-a verilən xəbərə görə, layihəyə başlayan gündən indiyədək xeyli iş görülüb: "İyulun 5-də "Təmiz Binəqədi" layihəsinin təqdimatı keçirilib. "Təmiz Binəqədi" layihəsinə start verilməsi ilə əlaqədar sahə və qəsəbə inzibati ərazi dairələri üzrə nümayəndəliklərin, bələdiyyələrin, rayon ərazisində yerləşən bütün idarə, müəssisə və təşkilatların iştirakı ilə iclaslar təşkil olunub müvafiq izahat verilib. "Təmiz Binəqədi" layihəsinin keçirilməsi barədə 30 000 ədəd bildiriş hazırlanaraq, sakinlərə və rayon ərazisində fəaliyyət göstərən təsərrüfat subyektlərinə 20 500 ədəd bildiriş paylanılıb.Layihə çərçivəsində 1600 ədəd poster hazırlanaraq paylanılıb. "Təmiz Binəqədi" layihəsinin loqosu, posterlər, xüsusi geyim formaları və zəruri ləvazimatlar, o cümlədən 1225 ədəd köynək, 464 ədəd gödəkçə, 984 ədəd papaq, 822 ədəd bayraq, 200 ədəd qələm, 100 ədəd bloknot, 5000 ədəd təqvim, 1030 ədəd çanta, 1100 ədəd qovluq, 500 ədəd yapışqanlı poster, ekoloji təmiz məhsulların və digər məhsulların üzərinə vurmaq üçün 500 ədəd stiker hazırlanıb. Azadlıq prospektində yerləşən animasiyalı binalarda "Təmiz Binəqədi" layihəsinin loqosu əks etdirilib. "Təmiz Binəqədi" layihəsinin loqosu 129 ədəd müxtəlif fon görüntüləri ilə sosial şəbəkələrdə geniş yayılmış, layihə ilə əlaqədar sosial şəbəkələrdə 588 ədəd şəkil paylaşılaraq, rayon ərazisində olan monitorlarda video çarxlar verilib.2000 ədəd məişət tullantıları konteynerlərinin üzərində "Təmiz Binəqədi" sözləri yazılaraq loqosu vurulub, məişət tullantısı daşıyan xüsusiləşdirilmiş maşınların yük hissəsində bortun üzərində rayonun görüntüləri fonunda "Təmiz Binəqədi" loqosu vurulubdur. Rayon ərazisində yerləşən özəl sektora aid olan obyektlər arasında hər qəsəbə üzrə "Ən təmiz obyekt", "Ən təmiz Mənzil-Kommunal İstismar Sahəsi ərazisi", "Ən təmiz uşaq bağçası", "Nümunəvi səhiyyə müəssisəsi", "Ən təmiz məktəb" və "Ən təmiz fərdi ev"müsabiqələrinə start verilib. Həmçinin internet istifadəçiləri arasında "Ən aktiv səhifə" müsabiqəsi elan edilib."Təmiz Binəqədi" layihəsi ilə əlaqədar iyul ayı ərzində rayon ərazisində bir neçə təmizlik aksiyası keçirilibdir. Məişət tullantıları atılan ərazilərdə Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən dezinfeksiya işləri aparılıb. Xocasən qəsəbəsində yerləşən M.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının binası ətrafında İDEA İctimai Birliyinin təşəbbüsü və Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə "Ümumrespublika yaşıllaşdırma" marafonu layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirildi. Layihənin gedişinin, o cümlədən görülmüş işlərin, həmçinin layihə ilə əlaqədar keçirilmiş aksiyalar haqqında məlumatların kütləvi informasiya vasitələrində, Binəqədi Rayon İcra Hakimiyyətinin saytında və sosial şəbəkələrdə işıqlandırılması təmin edilib. Tədbirlər Planına uyğun olaraq layihə ilə əlaqədar işlər mütəmadi olaraq davam etdirilir".

İcra Hakimiyyətindən bildirdilər ki, bu sadalananlar "Təmiz Binəqədi" layihəsi çərçivəsində görülən işlərin bir qismidir. Ataların "min eşitməkdənsə bir görmək yaxşıdır" məsəli yolumuzu ilk olaraq Binəqədi rayonun eyni adlı kəndindən, Binəqədi qəsəbəsindən saldıq.

Kənddə şəhər təmizliyi


Binəqədi rayonun eyni adlı qəsəbəsinin mərkəzi demək olar ki, yenidən qurulub. Təzəlikcə qırmızı lenti kəsilən Binəqədi Mərkəzi Mədəniyyət evinin ətrafı, qəsəbənin mərkəzindən Ramazanov küçəsinə doğru yol demək olar ki, buraya ilk gələn qonaqda kənd yox şəhər təəssüratı yaradırdı. Küçənin ətrafında yaradılmış səliqə-sahman, məhəllələrdə sakinlərin istirahəti üçün yaradılmış kiçik istirahət güşələri göz oxşayırdı. "Təmiz Binəqədi" ideyasının necə davam etdirilməsi sorağı ilə yolumuzu İsfahani küçəsindən saldıq. Biz küçəyə çatanda Binəqədi Qəsəbə Bələdiyyəsinin əməkdaşları iş başında idi. Yol kənarındakı məişət tullantıları qabları yağan yağışdan sonra çamura bulaşdığından yuyulub təmizlənirdi. Ramazanov küçəsində isə məişət tullantılarını daşıyan maşına təmir zamanı tökülən lazımsız tikinti materialları yığılırdı. Ramazanov küçəsindən məscidə gedən yolda isə kanalizasiya xəttinin təmizlənməsi işlərinə start verilmişdi. İş başında olan Bəhruz dayı ilə söhbət zamanı öyrənirik ki, bu yol qəsəbənin kiçik sakinlərini 182 saylı məktəbə aparan əsas yol olduğundan,yağış yağdıqda küçədə şagirdlərin gediş-gəlişi çətin olur. Odur ki, kanalizasiya xəti təmizlənir. Gülüstan küçəsi döngə 15 ünvanında isə yolda abadlıq işlərinin başlanğıcı kimi küçəyə daş qırıntıları tökən qəsəbə icra nümayəndəliyinin əməkdaşları iş başında idi. Sakinlərlə söhbət zamanı öyrənirik ki, "Təmiz Binəqədi" layihəsinə start verilən gündən qəsəbədə künc-bucaqda məişət tullantısına rast gəlmək mümkün deyil. Sakinlər qəsəbənin əsas probleminin kanalizasiya xətinin bərbad olmasını söyləyərək bu səbəbdən qəsəbədə məhəlli yolların daim palçıqlı olduğunu söylədilər. M. Ələkbərov küçəsi döngə-1 ünvanın sakinləri isə "Təmiz Binəqədi" layihəsi çərçivəsində qəsəbədə görülən abadlıq və təmizlik işlərinin onların küçəsində də gəlib çatacağı günü inamla gözlədiklərini söyləyirlər. Qəsəbə sakini Nəzakət Muradova Movqe.az-ın əməkdaşı ilə söhbətində Binəqədi kəndinin aparılan abadlıq və quruculuq işləri nəticəsində şəhər görkəmi aldığını söyləyib: "Bizim qəsəbəyə gələn qonaqlar elə kəndin girişindəcə abadlığa heyranlıqlarını gizlətmirlər. Çox arzulayardıq ki, qəsəbənin məhəlli yollarına da bu gözəllikdən pay düşsün. Biz də Binəqədinin mərkəzində yaxud kənarında yaşamağımızdan asılı olmayaraq "Təmiz Binəqədi"də yaşamağımızla fəxr edək. Sakinlərin bu diləyinin gerçək olması ümidi ilə, yolumuzu yaşadığı ərazinin abadlığı ilə öyünən, Binəqədinin ən nümunəvi ünvanlarından birindən salırıq.

"Təmiz Binəqədi"nin ən təmiz ünvanı...

Binəqədi rayonu, metrodan 200 metr gündoğana tərəf yürüdüyümüz yol bizi 32/05-ci məhəlləyə gətirib çıxardır. Sakinlərlə söhbət zamanı öyrənirik ki, səliqə-sahmanı, müasir görünüşü ilə Avropanın ən müasir məhləsini xatırladan bu ünvan yenidən qurulub. Həyətdə qarşılaşdığımız "Təmiz Binəqədi" layihəsinin dəstəkçilərindən olan ekoloq Ənvər Əliyevlə söhbət zamanı öyrənirik ki, görünüşü, abadlığı, təmizliyi ilə göz oxşayan məhlənin bu vəziyyətə gəlməsinin maraqlı tarixçəsi var: "Sözün açığı bizim bu məhəllə həmişə nümunəvi olub. Amma Xaləddin İsgəndərovun bizim rayona icra başçısı təyin edildikdən bir neçə gün sonra məhəlləmizə gəlişi bu məkanın görünüşündə dönüş yaratdı. X. İsgəndərov məhəllə sakinləri ilə görüşdə bildirdi ki, buranı yenidən qurmaq istəyirlər. Onun fəaliyyətinə əmin olduğumdan təklifini dəstəklədiyimi söylədim. Həmin ərəfədə bizim rayon öz tənəzzül dövrünü yaşayırdı. Binəqədini görən onun Bakının bir rayonu olduğuna inanmazdı. Belə bir vaxtda görkəminə görə, digər məhlələrə nümunə olan məhləmizin yenidən qurulmasına bir sakin kimi razılıq verməyim böyük risk idi. Başçı ilə görüş başa çatdıqdan sonra sakinlər deyilənlərin elə sözdə qalacağını deyib dağılışdılar. Səhəri gün heç birimizin gözləmədiyi mənzərə ilə qarşılaşdıq. Məhləyə gətirilən texnikalar torpağı daşıyır, çoxdan qoyulan oturacaqları çıxardırdı. Məhləmiz tikinti meydançasını xatırladırdı. Əvvəl bu işə narazı olan sakinlər bundan gileylənsələr də, məhləmiz yenidən qurulduqdan sonra bundan peşimançılıqlarını gizlətmədilər. Desəm bəlkə də elə sizdə, oxucularınız da güləcək. Amma bizim qadınlar həyətə iri cibli xalatlarla düşürlər ki, yerə düşən hər zibili yığışdırsınlar. Bu məhlədə yaşayan bütün sakinlər təmizliyin qeydinə qalır. Məhləmizi evimizdən də təmiz saxlayırıq".

Ənvər Əliyev: "Yolu Binəqədidən düşəcək əcnəbi qonaqlar rayonun gözəlliyinə biganə qala bilməyəcəklər"

Ekoloq həmsöhbətim Bakının ev sahibliyi edəcək Avropa oyunları öncəsi Binəqədi rayonunda aparılan təmizlik və abadlıq işlərinin bütün rayonlar üçün örnək olduğunu deyir: "Bu cür yarışlar həm də ölkəmizin, paytaxtımızın tanınmasına xidmət edir. Bəllidir ki, həmin ərəfədə Bakının bütün rayonları qonaqlı-qaralı olacaq. Ona görə də, abadlıq, quruculuq, təmizlik işləri bütün Bakını əhatə etməlidir. Mən bir ekoloq kimi, "Təmiz Binəqədi"layihəsinin həyata keçirilməsini dəstəkləyirəm. Bu layihə paytaxtda keçiriləcək Avropa Olimpiya Oyunlarından sonra da, Binəqədidə bir təmizlik ənənəsinin formalaşmasında rol oynayacaq. Bəllidir ki,Bakı səhra və küləklər şəhəridir. Burada təmizliyi qorumaq elə də asan deyil. Bu gün təmiz olan şey sabah çirklənə bilər. Ona görə də, Bakıda ilk növbədə təmizliyi qorumaq üçün məişət tullantıları qutularının qoyulması vacib şərtdir. Bəzi rayonlar var ki, bu cür qutular olmadığından sakinlər əlindəki zibili elə küçənin ortasına atır. Binəqədidə qoyulan zibil qutuları zibilin çeşidlənməsinə imkan verir ki, bu da sakinlərdə təmizlik vərdişinin formalaşmasına xidmət edir.Mən bir ekoloq kimi deyərdim ki, Binəqədi rayonunda Avropa Oyunlarına hazırlıq digər rayonlarla müqayisədə tamailə fərqli məcrada davam edir. Rayonda abadlıq işləri görülür, eyni zamanda quruculuq işlərinin rayonu çirkləndirməməsinin qayğısına qalınır. Avropadan gələn qonaqların başqa ölkələrdə diqqət etdiyi ən vacib məqam təmizlikdir. Mən inanıram ki, Avropa Oyunları zamanı yolu Binəqədidən düşəcək əcnəbi qonaqlar rayonun gözəlliyinə biganə qala bilməyəcəklər. Binəqədidə axşamlar binaların fasadında işıqlandırma gələn qonaqları öz sehrinə salmaya bilməz".

Binəqədi gələn qonaqları qarşılamağa hazırdır!

Avropa oyunları öncəsi Bakıya gələn qonaqların heç şübhəsiz ki, ilk gündən üz tutacağı məkanlar mehmanxana və hotellər olacaq. Amma Binəqədi rayonunda qapısını döydüyümüz bu obyektlərdən qonaqları qarşılamağa yüksək səviyyədə hazırlıq getdiyini bildirdilər. Rəsulzadə qəsəbəsi F.Rüstəmov küçəsi 20A ünvanında yerləşən "İRON Hotel"in adminstratoru bildirdi ki, hoteldə 42 otaqdan 15-i lüks, 27-i isə birinci dərəcəli nömrələrdir. Hotelin Avropa Oyunları zamanı gələcək qonaqları qəbul etməyə yüksək səviyyədə hazır olduğunu söyləyən adminstrator, bu məkanda da "Təmiz Binəqədi" ideyasının yaşadıldığını söylədi. Rayonun ən böyük dövlət tibb müəssisəsi olan Ə.Məlikov adına 6 saylı Birləşmiş şəhər xəstəxanası da Avropa Oyunları zamanı rayona gələcək qonaqların sağlamlığını qorumağa hazırdır. Xəstəxanadan bildirdilər ki, tibb müəssisəsinin ətrafında təmizlik işlərinə hər gün nəzarət edilir, Xəstəxanadan "Təmiz Binəqədi" layihəsi çərçivəsində "Ən təmiz səhiyyə müəssisəsi" müsabiqəsində mükafatlandırıldığını da bildirdilər. Apardığımız müşahidələr paytaxt Bakının ev sahibliyi edəcək Avropa Olimpiya Oyunlarına hələ bir neçə ay qalsa da, artıq indidən hazır olduğunu, abadlıq-quruculuq işlərinin sürətləndirildiyini təsdiqlədi.

Yazı Binəqədi Rayon İcra Hakimiyyətinin Bakı 2015 Avropa oyunları ərəfəsində elan olunan "Təmiz Binəqədi" layihəsi çərçivəsində keçirilən müsabiqəyə təqdim edilir.



Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs