news Image
2015.02.02
10:21
| A A A
Şəxsi kitabxana

Ədalət müəllimlə vaxtında görüşə gəlmişəm. Onun şəxsi kitabxanası ilə tanış olmaq çoxdankı arzum idi. H.Həsənov adına Masallı rayonunun Qasımlı kənd orta məktəbinin müəllimi Ədalət İsayevin şəxsi kitabxanasında 350-dən çox elmi, bədii, dərslik və sənədli əsər toplanıb. Burada klassiklərdən Nizami Gəncəvi, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, M.S.Ordubadi, Hüseyn Cavid, Səməd Vurğun, Məmmədhüseyn Şəhriyar, Hüseyn Arif, Mikayıl Müşfiq, Gülhüseyn Hüseynoğlu, Almaz İldırımın və digərlərinin, rus və dünya ədəbiyyatından A.S.Puşkin, M.Y.Lermontov, L.Tolstoy, Viktor Hüqonun əsərlərini görmək olar.

Kənd müəllimi Ədalət İsayev öz ixtisasını sevən və qəlbən müəllim peşəsinə bağlı bir insandır. Onun ədəbiyyata sonsuz marağını rəflərdə göz bəbəyi kimi qoruduğu kitablardan da görmək olar. Müəllimləri olmuş Mir Cəlal Paşayev, Muxtar Hüseynzadə, S.Cəfərov, B.Vahabzadə, Qulu Xəlilov, Famil Mehdi yaradıcılığını daim izləyir. Həmçinin yazıçı və şairlərdən Ə.Kürçaylı, Vaqif Hüseynov, Ayaz Vəfalı, Rəfiq Zəka Xəndan, Aqil Abbas, Loğman Rəşidzadə, Süleyman Əlisa, Sadıq Elcanlı, B.Şəfizadə, Aqil Əliyev (televiziya jurnalisti) kimi yaradıcılarla görüş-xatirələri də burda yer alıb. Ədalət müəllimin "Masallının söz çələngi"ində şeirləri, "Hüquq və azadlıq", "Azad qələm", "Zəfər qalası" qəzetlərində şeir və hekayələri dərc olunub.

Ədalət müəllim həm də "Yeni həyat" qəzetinin fəal müxbiridir. Kənd müəllimi vaxtın darlığına baxmayaraq qəzetimizlə sıx əlaqə saxlayır, bəzən də "Ədalət İsaxanlı" imzası ilə günün aktual mövzusuna toxunur. Onun nostalji duyğularla qələmə aldığı məqalələr oxucular tərəfindən maraqla qarşılanır. Ədalət İsayev deyir ki, ziyalı daim oxumalı, yazmalı, məntiqi təfəkkürünü artırmalıdır. "Əkinçi"nin yaradıcısı Həsən bəy Zərdabi yazırdı: "Yaxşı kitab qiymətli bir dəfinədir".