Əlaqə Arxiv
news Image
2012.08.02
12:11
| A A A
Hökumət şirkətləri könüllü olaraq korporativ sosial məsuliyyətli olmağa dəvət edir

İqtisadi və Sosial İnkişaf Mərkəzi Azərbaycanda Korporativ Sosial Məsuliyyət (KSM) sahəsində mövcud durum və KSM-ə hökumət, biznes, ictimaiyyətdə mövcud olan yanaşma tərzlərini araşdırmaq üçün bu gün ekspert müzakirəsi keçirib. Müzakirədə qeyd edilib ki, Azərbaycan iqtisadiyyatında yüksək artım tepmi iri və orta biznesin KSM-ə münasibətini formalaşdırmayıb. Əksər şirkətlər KSM-ə menecment strategiyası kimi yanaşmır. Hər hansı şirkətin korporativ sosial siyasət sahəsində fəaliyyəti biznesi idarə edən şəxslərin epizodik olaraq şəxsi təşəbbüsləri kimi ortaya çıxır.

 İSİM-in idarə heyətinin sədri Vüqar Bayramov bildirib ki, mərkəz Konrad Adenauer fondunun dəstəyi ilə "Azərbaycanda Korporativ Sosial Məsuliyyətin təbliğ olunması ilə davamlı inkişafa nail olunması" layihəsi çərçivəsində hesabat üzərində işləyir. Həmin hesabatda KSM sahəsində mövcud durumun araşdırılması ilə yanaşı, KSM-in inkişafı istiqamətində tövsiyyələrin verilməsi də nəzərədə tutulub. Mərkəzin layihə meneceri Fainə Hənifəyeva qeyd edib ki, onlar ölkədə fəaliyyət göstərən şirkətlərin KSM siyasətini müəyyənləşdirmək üçün sorğu keçiriblər və tezliklə bu sorğunun nəticələri açıqlanacaq.

 Ekspertlər xeyriyyəçilik tədbirlərinin KSM-ə aid edilməsinin nə dərəcədə uyğun olmasını da müzakirə etdilər. Konstitusiya Araşdırmaları Fondunun sədri Əlməmməd Nuriyevin sözlərinə görə, xeyriyyə tədbirlərini korporativ sosial siyasətə aid etmək düzgün deyil. Amma İSİM nümayəndəsi Fainə Hənifəyeva ölkədə KSM-in tarixindən danışanda xeyriyyəçiliklə məşğul olan Hacı Zeynalabdin Tağıyev, Murtuza Muxtarov, Musa Nağıyev və s kimi xeyriyyəçi sahibkarların gördükləri işlərin yada salınmasının tərəfdarı olduqlarını bildirdi. Bu sahədə fikirlər haçalansa da, ekspertlərin gəldiyi ümumi rəy belə oldu ki, bəzi Azərbaycan şirkətlərin xeyriyyəçilik tədbirlərini KSM sahəsində fəaliyyət kimi qələmə verməsi düzgün deyil. Şirkətlər hər hansı tədbirlərə sosial sərmayələr yatıranda bunu məqsədyönlü şəkildə etməli, bu sahədə xüsusi strategiyaya malik olmalıdırlar.

Ümid Humanitar Sosial Dayaq Mərkəzinin nümayəndəsi Fuad Cabbarov isə KSM-in kiçik biznesə aid ediləsinin tərəfdarı olmadığını bildirdi. Onun sözlərinə görə, KSM daha çox iri korporasiyalara aid edilməlidir və belə korporasiyaların özlərinin xüsusi KSM strategiyası olmalıdır. Bu fikirlə razılaşmayan "KSM Azərbaycan" sosial şirkətinin nümayəndəsi Kamran Məmmədzadənin sözlərinə görə, kişik bizneslə məşğul olan şirkətlər də hansısa KSM ideyalarını dəstəkləyə və ya həyata keçirə bilərlər.

Hökumətin KSM-ə münasibətinin hesabatda araşdırıldığını qeyd edən Fainə Hənifəyeva isə bildirdi ki, Azərbaycan hökuməti KSM-in şirkətlərin könüllü fəaliyyəti kimi təqdim edilməsinin tərəfdarıdır. Onun sözlərinə görə, hökumətin ilk dəfə olaraq Korporativ Sosial Məsuliyyətin tətbiqi istiqamətində məqsədyönlü fəaliyyəti 2008-ci ilin oktyabrnda Beynəlxalq Maliyyə Korporasiyası (İFC) və İqtisadi İnkişaf Nazirliyinin birgə həyata keçirtdiyi "Azərbaycan korporativ idarəetmə layihəsi" çərçivəsində aparılıb. Hazırda İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytında Korporativ Etik Məcəllə adı altında sənəd yerləşdirilib və nazirlik bu məcəllə vasitəsilə şirkətləri könüllü olaraq KSM sahəsində xüsusi siyasətə malik olmağa dəvət edir.

Müzakirələrdə qeyd edildi ki, səsləndirilən rəy və təkliflər nəzərə alınmaqla hesabat geniş ictimaiyyətin müzakirəsinə təqdim ediləcək.

Sizin Reklam Yeriniz