news Image
2012.08.03
07:56
| A A A
Rusiyadan Azərbaycana taxıl ixracı dayandırıla bilər
Şimal qonşumuzun üzləşdiyi quraqlıq probleminin miqyası genişlənməkdədir

Məlumat verildiyi kimi yaşanan quraqlıq üzündən bu il ABŞ-da dənli bitkilərin, o cümlədən taxılın istehsalında kəskin azalmalar qeydə alınıb. İndi analoji hal qonşu Rusiyada da özünü getdikcə qabarıq formada büruzə verməkdədir.

Ölkənin kənd təsərrüfatı nazirinin müavini Aleksandr Çernoqorovun sözlərinə görə, cari il üçün taxıl proqnozu 70-75 milyon ton civarındadır. Əvvəlcə nazirlik məhsulun ötən ilki qədər, yəni 94 milyon ton olacağını təxmin etmişdi, amma bəzi regionlarda keçən quraqlıq bu gözləntini puça çıxarıb. Məhsulun həcmi ilə bağlı proqnoz əvvəlcə 85 milyona, sonra isə 80 milyona qədər enmişdi. İndi bu rəqəm 70-75 milyon tona qədər azaldılıb. Gözlənir ki, quraqlığın şiddətlənməsi proqnozların daha da azalmasına gətirib çıxaracaq. Bu isə 2010-cu və ötən ilin ilk yarısında olduğu kimi Rusiyanın taxıl ixracına qadağa qoyması ilə nəticələnə bilər. Belə vəziyyət isə Rusiyadan taxıl idxal edən Azərbaycan üçün də müsbət heç nə vəd etmir.

Rusiya Kənd Təsərrüfatı Nazirliyi onu da bəyan edir ki, quraqlıq şimal qonşumuzun 16 federasiya subyektinə düşən 1,5 milyon hektar əkin sahəsini əhatə edir. Bu, taxılla yanaşı, ərzaq buğdasının da həcminin azalmasına səbəb olmaqdadır. Rusiya KTN cari ildə ölkə üzrə 45 milyon ton buğda yığılacağını ehtimal edir, halbuki ilkin proqnozlara görə, bu 54 milyon ton olmalı idi. Müvafiq olaraq Rusiyadan buğda ixracının səviyyəsi də düşüb və proqnozlaşdırılan buğda ixracı göstəricisi də 16 milyon tondan 7 milyon tona qədər, yəni 50 faizdən də çox azala bilər. Lakin quraqlığın getdikcə təsirlərini artırması qeyd olunduğu kimi taxıl və buğda ixracına qadağa qoyulması ilə nəticələnə bilər.

Qazaxıstanın da ixrac imkanları nəzərəçarpacaq dərəcədə aşağı düşüb. Bu ölkənin kənd təsərrüfatı naziri Muslim Umiryayev bildirib ki, bu il ölkədə 14 milyon ton taxıl yığılması gözlənilir. Qeyd edək ki, 2011-ci ildə dəniz qonşumuz sahələrindən 27 milyon ton taxıl yığmışdı və göründüyü kimi, bu ilki məhsulun 13 milyon ton az olacağı, yəni yarıya qədər azalacağı gözlənilir. Uyğun olaraq, ölkənin ixrac imkanları da azalacaq ki, bu da ərzaq buğdasını əsasən Rusiya və Qazaxıstan hesabına təmin edən Azərbaycan kimi dövlətlər üçün problemlər yaradacaq. Qeyd edək ki, son on-on beş ilin praktikası göstərir ki, Azərbaycan hər il əsasən Qazaxıstandan, müəyyən qədər də Rusiyadan toplam 1,1 milyon tona yaxın ərzaq buğdası idxal edir. Deməli, Qazaxıstan və Rusiyada yaranan vəziyyət Azərbaycana müəyyən problem yarada bilər.

Ekspertlər xatırladır ki, Azərbaycanda istehsal olunan buğda standartlara cavab vermədiyinə görə son 5-6 ildə ölkənin ərzaq buğdasına olan tələbat Rusiya və Qazaxıstandan idxal olunan buğda hesabına ödənilir. Lakin indi bu, mümkünsüzləşə bilər. Taxıl idxal etmək üçün yeni ölkələrin tapılması vaxt və maliyyə tələb edir. Azərbaycan taxıla olan tələbatını Rusiya və Qazaxıstandan deyil, başqa ölkələrın hesabına ödəməyə başlasa, ölkəyə daha bahalı taxıl, buğda idxal ediləcək. Hansı ki, bu həmin məhsulların qiymətlərinin artmasına gətirib çıxaracaq. İdxal üçün mənbələrin məhdud olması, yeni mənbələr tapılarsa, təklif edilən məhsulun qiymətlərinin yüksək olması Azərbaycanda buğdanı bahalaşdıra bilər.

Digər tərəfdən buğda və un idxalı ilə məşğul olan iş adamları çalışır ki, daha ucuz məhsul alıb daha çox qazanc əldə etsinlər. Elə bu səbəbdən də idxal olunan yumşaq buğdanın bahalaşmasının Azərbaycana təsiri qaçılmazdır.

Ekspertlərin fikrincə, qiymət artımına təsir edən mümkün səbəblərdən biri də taxılın idxalında ƏDV-nin ləğvi məsələsinin həll olunmamasıdır. Qeyd edək ki, hələ ötən ilin avqust ayında Kənd Təsərrüfatı Nazirliyi baş nazirə məktub yazaraq taxıl idxalında 18%-lik ƏDV-in ləğv edilməsini xahiş edib. Lakin bu istiqamətdə hələlik heç bir addım atılmayıb. 2010-cu ilin əvvəlindən Azərbaycanda taxıl idxalına ƏDV tətbiq olunub.

Onu da bildirək ki, 2012-ci il iyulun 30-u vəziyyətinə ölkədə payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər əkilən 995 min 888 hektar sahənin 965 min 477 hektarı biçilib ki, bu da 96% təşkil edib. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, biçin başlanan gündən indiyədək 2 milyon 519 min 779 ton məhsul istehsal edilib. Məhsuldarlıq hər hektardan 26,1 sentner təşkil edib. Ötən ilin müvafiq dövründə isə bu göstərici 24,7 olub. Lakin bu, yerli tələbatı tam ödəmir və tələbatın təxminən 15 faizinin idxal hesabına təmin ediləcəyi proqnozlaşdırılır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs