news Image
2012.08.03
07:57
| A A A
Rüstəm İbrahimbəyovu Rusiyadakı bəzi vəzifəli dostları danışdırır
“O, Kinomatoqrafçılar İttifaqından siyasi məqsədlər üçün faydalanır, manipulyasiya edir”

"Mən hesab etmirəm ki, Rüstəm İbrahimbəyovun hakimiyyətə qarşı başladığı tənqidi kampaniya onun mülklərini, biznesini qoruma davasıdı. Rüstəm İbrahimbəyovun Kino Evi üçün yer də ayrılmışdı, ona bu hakimiyyət tərəfindən kifayət qədər diqqət də, hörmət də göstərilirdi, qardaşı da millət vəkili idi. Heç onu da hesab eləmirəm ki, Rüstəm İbrahimbəyov bu gün vicdanının səsi ilə danışır. Hesab edirəm ki, belə danışmağı ona Rusiyadakı bəzi vəzifəli dostları məsləhət görüblər".

Bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin APA-ya müsahibəsində deyib: "Mən hökumətin onun tənqidinə reaksiyasını da təbii qəbul edirəm. Rüstəm İbrahimbəyov hökuməti tənqid edirsə, hökumət də ona cavab verəcək. Kimsə düşünürsə ki, vaxtilə Rüstəm İbrahimbəyov yüksək qiymətləndirildiyi üçün indi o, istədiyini danışa bilər, məncə, bu səhv yanaşmadı. Çünki bunlar qarşılıqlıdır. Sadəcə, Rüstəm İbrahimbəyovun istedadlı kinorejissor olması barədə müzakirələri başa düşmürəm. Məncə, buna şübhə eləmək düzgün deyil. Onu şübhə altına almaq olar ki, məsələn, ölkənin ağır problemi olan Dağlıq Qarabağ problemi barədə bu qədər tanınmış rejissor niyə öz imkanlarından istifadə edib bir sənət əsəri yaratmayıb? Ya da hansısa ictimai-siyasi hadisəyə vətəndaş, ziyalı mövqeyini ortaya qoymayıb. Eynulla Fətullayev də bunu yazmışdı. Əslində Eynulla Fətullayevin bu məsələ ilə bağlı mövqeyi başadüşüləndi. İndi Eynullaya əks arqument kimi deyirlər ki, Rüstəm İbrahimbəyov o vaxt başa düşürmüş ki, Eynulla Fətullayev nə zamansa hökumətlə dil tapacaq, ona görə də ortada qalmaq istəməyib. İndi eyni arqument elə Rüstəm İbrahimbəyova da aid edilir. Bu gün Rüstəm İbrahimbəyova belə danışmağı məsləhət görənlər sabah başqa cür danışmağın lazım olduğunu desələr, eyni məntiqlə indi onu müdafiə eləyənlər nə edəcəklər?

Rüstəm İbrahimbəyov bu gün siyasətlə məşğul olur, birbaşa Kinomatoqrafçılar İttifaqından siyasi məqsədlər üçün faydalanır, manipulyasiya edir və s. ittihamlar da səslənir".