news Image
2015.03.02
12:42
| A A A
Suraxanı rayonunda 2014-cü ilə yekun vurulub

28 fevral 2015-ci il tarixdə "Suraxanı rayonunda 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunları və 2015-ci ildə qarşıda duran vəzifələr haqqında" hesabat yığıncağı keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin Heydər Əliyev parkında ucalan abidəsini ziyarət etmiş, önünə tər güllər qoymuş, sonra isə Heydər Əliyev parkında həmişəyaşıl ağaclar əkmişlər. Bununla da rayonda ağacəkmə kampaniyasına start verilmişdir.,

Hesabat yığıncağının iştirakçıları rayon İcra Hakimiyyətinin Rəsm qalareyasında ötən ilin iqtisadi göstəricilərini əks etdirən stendlərə baxmış, rayonun sənaye müəssisələrinin istehsal etdiyi məhsullarla tanış olmuşlar.

Tədbir iştirakçılarına "Bakı şəhəri, Suraxanı rayonunun sosial-iqtisadi göstəriciləri və ictimai-mədəni həyatı" adlı kitabça və Suraxanı rayonu Heydər Əliyev Mərkəzinin fəaliyyəti barədə kataloq təqdim edilmişdir.

Hesabat yığıncağında Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov hesabat məruzəsi ilə çıxış etmiş, rayonda aparılmış abadlıq-quruculuq işləri haqqında film göstərilmişdir.

İlqar Abbasov məlumat vermişdir ki, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı sahəsində qəbul edilmiş dövlət proqramlarının həyata keçirilməsi Suraxanı rayonunda da abadlıq-quruculuq işlərinin sürətlənməsinə, əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşmasına imkan vermişdir. 2014-cü ildə Suraxanı rayonunda sənaye məhsulunun istehsalı 386 milyon manat, tikinti-quraşdırma işləri 207 milyon manat, nəqliyyat xidmətləri 14 manat, əsas kapitala yönəldilən investisiyalar 102 milyon manat, kənd təsərrüfatı 2,4 milyon manat, pərakəndə ticarət dövriyyəsi 295 milyon manat, orta aylıq əmək haqqı 569 manat olmuş, əhaliyə 273 milyon manat məbləğində pullu xidmətlər göstərilmiş, daimi olmaqla 3546 yeni iş yeri açılmışdır.

"2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda Suraxanı rayonu üzrə 54 tədbir nəzərdə tutulmuş, onların 3-ü icra olunmuş, 20-nin icrasına başlanılmış, başa çatdırılan və başlanılan tədbirlər proqramın 42,6 faizini təşkil etmişdir.

Əmircan qəsəbəsində 84 saylı orta məktəbin mövcud köhnə binası sökülərək yerində yeni 960 şagird yerlik müasir məktəb binası tikilmiş, ən müasir avadanlıqla təchiz edilərək yeni tədris ili ərəfəsində şagirdlərin istifadəsinə verilmiş, Suraxanı rayonunun inkişafına daim böyük diqqət və qayğı göstərən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabrın 13-də məktəbin açılışında iştirak etmişdir.

Ümumiyyətlə bu dövr ərzində rayonda 7 obyekt istifadəyə verilmiş, 8 obyekt əsaslı təmir olunmuş, 7 obyektin tikintisi davam etdirilmişdir.

Rayonun kommunal idarələri tərəfindən 17,8 min p.m yeni su və 3,1 min p.m yeni kanalizasiya xətti çəkilmiş, 1,1 min p.m. su xətti dəyişdirilmiş, 3,1 min p.m. kanalizasiya kollektoru tikilmiş, görülmüş tədbirlər nəticəsində 20,6 min nəfərin su təchizatı yaxşılaşdırılmış, 24 saat su alan əhalinin sayı 83,7 min nəfərə (38,0%) çatdırılmışdır.

2014-cü il ərzində rayonda 5 Transformator Məntəqəsi quraşdırılmış, biri əsaslı təmir olunmuş, 3 yeni Transformator Məntəqəsi tikilmiş, 8 ədəd transformator daha güclüsü ilə əvəz olunmuş, 40,7 min p.m. kabel və naqil çəkilmiş, 32,1 min p.m. SİP kabel xətləri yenidən qurulmuşdur.

Bundan əlavə, 3,2 min p.m. yeni qaz xətti çəkilmiş, 5,0 min p.m. istilik xətti dəyişdirilmiş, qazanxanalarda yeni istilik kameraları quraşdırılmışdır. 2013-2014-cü illərin payız-qış mövsümündə rayonda 303 bina (91,8%) istilik alırdısa, görülmüş tədbirlər nəticəsində hazırda 322 yaşayış binası (97,5%) istiliklə təmin olunur.

Rayonda 265,8 min kv.m. asfalt örtüyü salınmış, Zığ dairəsi-Hövsan-Türkan-Qala avtomobil yolunun yenidən qurulması işlərinə başlanılmışdır.

"Sənaye ili" çərçivəsində Qaraçuxur və Hövsan qəsəbələrində Transformator zavodunun yeni korpuslarının tikintisi, Bülbülə qəsəbəsində "Bakı Toxuculuq" ASC-də yenidənqurma işləri davam etdirilmiş, iyulun 16-da isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev rayonu şərəfləndirərək Suraxanı Günəş Elektrik Stansiyasının açılışında iştirak etmişdir.

Sahibkarlığa Kömək Milli Fondu və RİH-in birgə təşkilatçılığı, 225 nəfər sahibkarın iştirakı ilə Qaraçuxur və Əmircan qəsəbələrində növbəti kredit yarmarkaları keçirilmiş, 25 sahibkarlıq subyektinə 765,5 min manat güzəştli şərtlərlə kredit verilmişdir.

Fevralın 3-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva tikintisinə 2014-cü ildə başlanılmış Zığ qəsəbəsindəki "Bakubus" MMC-nin ilk Avropa Oyunları üçün avtobus deposu və təlim mərkəzində görülən işlərlə tanış olmuşlar.

Hesabat ilində neftlə çirklənmiş torpaqlarda görülmüş tədbirlər nəticəsində ümumi sahəsi 2,3 hektar olan 24 gölməçə qurudulmuş, neftlə çirklənmiş 12 hektar torpaq sahəsi bərpa edilmiş, 28 ədəd quyunun işçi meydançası və quyuətrafı sahələri neft tullantılarından təmizlənmişdir.

Rayon ərazisində 8,0 min ədəd ağac, o cümlədən Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə keçən ilin noyabr ayında başlayan birinci "Ümumrespublika Yaşıllaşdırma marafonu" çərçivəsində 4,7 min ədəd ağac əkilmiş, ərazilərdə 3,0 min kv.m. yaşıl çəmən düzülmüşdür.

Ötən il ərzində rayon ərazisində 9 abad məhəllə salınmış, Əmircan qəsəbəsi, Abbasqulu Ağa Bakıxanov adına parkda əsaslı təmir və yenidənqurma işləri aparılmış Abbasqulu Ağa Bakıxanovun yeni büstü ucaldılmış, Xalq rəssamı Səttar Bəhlulzadənin ev-muzeyi təmir edilmiş, Bülbülə qəsəbəsi, Nəriman Nərimanov küçəsində "Şəhid bulağı" kompleksi yenidən qurulmuş, Qaraçuxur qəsəbəsi "Veteranlar xiyabanı"nda, "Vətən şəhidlərini unutmur" xatirə kompleksində cari təmir işləri aparılmış, Yeni Suraxanı qəsəbəsində "Şəhid xatirə kompleksi" tikilmişdir.

Qaraçuxur qəsəbəsində Neftçilər parkının yenidən qurulması və Yeni Günəşli yaşayış sahəsində yeni parkın salınması işləri davam etdirilmiş, Əmircan qəsəbəsində Tofiq Bayram adına parkın yenidən qurulması layihəsi hazırlanmış və işlərə başlanılmışdır.

Ölkəmizdə keçiriləcək I Avropa oyunlarının məşəlini alovlandırmaq üçün od Suraxanı rayonunda yerləşən "Atəşgah Məbədi" Dövlət Tarix Memarlıq Qoruğundan götürüləcəkdir. Bununla əlaqədar hesabat dövründə rayonun Səttar Bəhlulzadə, İlqar Məmmədov, Şahin Məhərrəmov və Xanlar Ələkbərov küçələrində yaşayış və qeyri-yaşayış obyektlərinin fasadlarının yenidən qurulması işlərinə başlanılmış və işlər bu ilin aprel ayına qədər başa çatdırılacaqdır.

Ötən dövr ərzində təsdiq edilmiş tədbirlər planlarına əsasən rayonda bir çox ictimai-siyasi tədbir keçirilmiş Suraxanı rayonu Heydər Əliyev Mərkəzində 24 ümumrayon tədbiri, 21 nikah mərasimi keçirilmiş, bu günə qədər Mərkəzin fəaliyyəti ilə 52,0 min yerli və xarici ziyarətçi tanış olmuş, Mərkəzin Elektron kitabxanasının xidmətlərindən 14 mindən artıq istifadəçi faydalanmışdır.

Ənənəvi olaraq il ərzində rayon İcra Hakimiyyəti tərəfindən digər dövlət orqanları ilə birgə dövlət və peşə bayramları, Milli Qəhrəman Albert Aqarunovun anadan olmasının 45 illiyi, Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyi, tatar xalqının "Sabantuy" bayramı, "Tarixin canlı səhifələri" başlıqlı festival və digər tədbirlər keçirilmişdir.

28 aprel tarixdə görkəmli oftalmoloq alim, ictimai xadim, Əməkdar elm xadimi, AMEA-nın ilk qadın həqiqi üzvlərindən biri, tibb elmləri doktoru, professor Zərifə xanım Əliyevanın anadan olmasının 91-ci ildönümünə həsr olunmuş konfrans, 07 may tarixdə Azərbaycan xalqının Ümummilli Lideri, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91 illiyi münasibəti ilə Heydər Əliyev parkında "Gül bayramı", 09 may tarixdə konfrans, 14 iyul tarixdə isə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 45 illiyi münasibətilə tədbir keçirilmişdir.

2014-ci ilin əvvəlindən Suraxanı rayonu Heydər Əliyev Mərkəzində və YAP Suraxanı rayon təşkilatında "Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır" və "Ümummilli Lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır" mövzuları üzrə 11-ci sinif şagirdlərinə açıq dərslər tədris olunur və bu iş uğurla davam etdirilir.

Suraxanı rayonu Heydər Əliyev Mərkəzində 2014-cü ilin sentyabr ayından yeni layihəyə start verilmişdir. 1-ci sinif şagirdləri həftənin bir günü Heydər Əliyev Mərkəzi ilə tanış olurlar. Gənc Heydərçilər cərgəsinə qoşulmaq üçün ilk addımlarını atan şagirdlər Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən çoxsaylı eksponatlarla tanış olur, Mərkəz haqqında ətraflı məlumatlandırıldıqdan sonra Heydər Əliyevin həyatından bəhs edən filmə tamaşa edirlər.

Keçən ilin noyabr ayında Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə "Ölkəmizi tanıyaq" devizi altında keçirilən ekskursiya turlarında Suraxanı rayonunun məktəbliləri də böyük həvəslə iştirak etmiş, tur çərçivəsində rayonun 90 məktəblisi Şəki, Qax və Zaqatala rayonlarında olmuş, tarixi abidələr, muzeylərlə tanış olmuşlar.

Rayonda 68,9 min nəfər (32,5 faiz) gənc yaşayır. Hesabat dövründə Dövlət gənclər və idman siyasətinin həyata keçirilməsi ilə bağlı rayonda 151 tədbir keçirilmişdir ki, ümumilikdə bu tədbirlərdə 28,1 min uşaq, yeniyetmə və gənc iştirak etmiş, Əmircan qəsəbəsində "Qarabağ" Futbol klubunun yeni stadionunun tikintisi davam etdirilmiş, 24 may tarixdə Bülbülə qəsəbəsində "İgid" güləş idman klubu açılmışdır.

Ötən dövr ərzində rayonda vətəndaşların müraciətlərinə, onların problemlərinin həllinə diqqət artırılmışdır. 2014-cü ildə müntəzəm yeniləşən internet saytı, elektron poçt ünvanı, "Qaynar xətt" telefonu kimi mütərəqqi əlaqə və informasiya vasitələrindən, yerlərdə quraşdırılmış "Şikayət və təkliflər" səyyar poçt qutularından geniş istifadə edilmiş, elektron poçt ünvanına daxil olmuş əsasən sual və təklif xarakterli 181 elektron məktub cavablandırılmış, sakinlər üçün elektron qaydada müraciət imkanlarının yaradılması vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin olunmasında mühüm rol oynamışdır.

Vətəndaş müraciətlərinə qeydiyyat-nəzarət vərəqələrinin açılması prosesinin təkmilləşdirilməsi və sürətləndirilməsi məqsədi ilə 2009-cu ildən rayon İcra Hakimiyyətində tətbiq olunan "Elektron icraçı" Avtomatlaşdırılmış İdarəetmə Sistemi proqramında bir sıra yeniliklər edilmiş, daxil olan və göndərilən korrespondensiyanın proqrama işlənilməsi davam etdirilmişdir. RİH başçısının qəbuluna hər gün yazılış aparılmış, vətəndaşlar RİHB tərəfindən hər həftənin bazar ertəsi günü saat 14:00-dan etibarən məhdudiyyətsiz qəbul edilmişdir. İl ərzində RİHB tərəfindən 1072 nəfər vətəndaş qəbul edilmişdir.

Sakinlərlə səyyar görüş-qəbulların keçirilməsinə diqqət artırılmış, rayon İcra Hakimiyyəti başçısının ümumilikdə 3180 nəfər sakinin iştirakı ilə keçirilmiş 42 səyyar görüş-qəbulunda qaldırılan məsələlərə və təkliflərə əsasən aidiyyəti idarə və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilmiş, icrasına daim nəzarət edilmişdir.

Rayon İcra Hakimiyyəti ölkədə davamlı olaraq həyata keçirilən sosial siyasətə uyğun olaraq əhalinin sosial müdafiəsinin gücləndirilməsini daim nəzarətdə saxlayır.

2014-cü il ərzində rayonun müvafiq idarələri tərəfindən 739 ailəyə yeni sosial müavinət, 2077 ailəyə ünvanlı sosial yardım təyin edilmiş, Rayon Məşğulluq Mərkəzinə müraciət edənlərdən 510 nəfəri işlə təmin olunmuş, 44 nəfər peşə hazırlıq kurslarına göndərilmiş, keçirilmiş əmək yarmarkalarında 105 nəfər işlə təmin olunmuşdur.

Rayon ərazisində məskunlaşan məcburi köçkün ailələrinin sosial-məişət problemlərinin həlli də daim diqqət mərkəzində saxlanılır.

Azərbaycan Respublikası Prezidentinin bütün ölkə vətəndaşlarının pulsuz tibbi müayinədən keçirilməsi ilə bağlı verdiyi tapşırıq rayonda müvəffəqiyyətlə icra olunmuş, 124 kollektiv və rayon əhalisinin 81,5%-i tibbi müayinədən keçmiş, aşkarlanmış xəstəliklər nəticəsində 4224 nəfər vətəndaş ambulator müalicəyə və 391 nəfər stasionar müalicəyə qəbul olunmuşdur. Vətəndaşların pulsuz tibbi müayinədən keçirilməsinə bu ilin fevral ayından yenidən başlanılmışdır.

Yeni Günəşli yaşayış sahəsi "Günəş" ticarət mərkəzində və Əmircan qəsəbəsi "Suraxanı maşınqayırma" zavodunun inzibati binasının qarşısında hər həftənin şənbə və bazar günləri kənd təsərrüfatı məhsullarının yarmarkası təşkil edilmiş və 2014-cü il ərzində 1000 tondan artıq kənd təsərrüfatı məhsulları satılmışdır. Hövsan qəsəbəsində də kənd təsərrüfatı məhsullarının satış yarmarkasının yaradılmasına dair RİH tərəfindən Kənd Təsərrüfatı Nazirliyinə müraciət olunmuşdur.

Rayon İcra Hakimiyyətinin Operativ İdarəetmə Mərkəzinin imkanlarından istifadə edilərək hesabat yığıcağında iştirak etmək arzusunda olan, amma müxtəlif səbəbdən gələ bilməyən rayon sakinləri canlı video bağlantı ilə tədbiri izləmiş, sakinlər onları narahat edən məsələləri rayon rəhbərliyinə "online" rejimində çatdırdılar.

Hesabat yığıncağında Milli Məslisin deputatları Ağacan Abıyev, Fərəc Quliyev, iri müəssisə və xidmət sahələrinin rəhbərləri, rayon sakinləri çıxış etdilər.

Yığıncaqda çıxış edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Tağı Tağıyev ötən il ölkəmizin qazandığı uğurlardan söhbət açdı. Qeyd etdi ki, dünyanı bürüyən iqtisadi böhran respublikamıza bir o qədər də təsir göstərmir. Bunun əsas səbəbi dövlətimizin başçısının məntiqli siyasi və iqtisadi strategiyasıdır. Tağı Tağıyev ölkəmizdə əldə olunan uğurlarda Suraxanı rayonunun da kifayət qədər payı olduğunu diqqətə çatdırdı.

Rayonun sosial-iqtisadi, ictimai həyatında fəal iştirak edən şəxslərə və təşkilatlara Rayon İcra Hakimiyyəti başçısının fəxri fərmanları və xatirə hədiyyələri təqdim olundu.

Hesabat yığıncağını yekunlaşdıran Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov rayon sakinləri və əmək kollektivləri adından Suraxanı rayonuna daim diqqət və qayğı göstərdiyinə görə, böyük qətiyyətlə ölkəmizi irəliyə aparan Azərbaycan Pespublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirdi və əmin etdi ki, həmişə olduğu kimi cənab Prezidentin ətrafında sıx birləşərək, Azərbaycanın tərəqqisi və iqtisadi qüdrətinin möhkəmləndirilməsi naminə üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirəcək, Ulu Öndər, Ümummilli Lider Heydər Əliyevin əbədiyaşar irsinə sadiq qalacaqlar.

Sonda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə yığıncaq iştirakçıları adından müraciət qəbul olundu.