news Image
2012.08.08
07:54
| A A A
Vərəm stiqması hələ də sosial problemdir

Bu gün müasir cəmiyyətimizdə vərəm xəstəliyi haqda kifayət qədər mif və stereotiplərin yayılması danılmaz həqiqət kimi çıxış edir. Bunun ən ümdə səbəbi isə insanların böyük əksəriyyətinin hələ də sözügedən xəstəlik barədə lazımi bilgilərə malik olmaması, vərəmin 100 faiz sağalmasına gətirib çıxaran müasir müalicə metodlarından xəbərsiz qalmasıdır. Daha bir önəmli problem isə bu xəstəliyə tutulanların bir çoxunun xəstəliyin yalnız ağırlaşmış mərhələsində həkimə müraciət etmələridir.

Məsələnin digər vacib tərəflərindən biri isə cəmiyyətdə vərəm xəstələrinə qarşı hələ sovetlər dönəmində formalaşan yanaşma tərzinin dəyişməsinin çox ləng templərlə getməsidir. Məlumdur ki, hələ sovetlər vaxtında belə hesab olunurdu ki, vərəm narkomanların, əyyaşların, məhkum olunmuşların və ya dilənçilərin xəstəliydir. Çox təəssüf ki, bu stereotip hələ də mövcudluğunu qoruyub saxlayır və əsas etibarı ilə orta və yaşlı nəsil nümayəndələri vərəmə yoluxanda bunun mümkün qədər gizli qalmasına, ətrafdakılara isə özlərini tam sağlam göstərməyə çalışırlar. Halbuki istər adi, istərsə də olduqca təmtəraqlı həyat keçirən insanlar belə vərəmə yoluxmaqdan sığortalanmayıb. Tibbin müasir nailiyyətləri isə bu xəstəliyin 100 faiz sağalmasına imkan verir. Ancaq müalicə və ondan sonrakı dövrdə ən əsas cəhətlərdən biri vərəmə yoluxmuş şəxslərə yaxınları və bütünlükdə cəmiyyət tərəfindən bəslənən münasibətdir.

Çünki mövcud vəziyyətin təhlili göstərir ki, vərəm təkcə tibbi yox, həm də sosial problemdir. Çünki vərəmə yoluxmuş şəxslərin əksər hallarda yaxınları, ətrafdakı insanlarla münasibətlərinin pozulması, onun təcrid edilməsi prosesi təəssüf ki, hələ də aktuallığını qoruyub saxlayan problem olaraq qalmaqdadır.

Vərəm xəstəliyinin daşıyıcısı olan Əziz Hüseynzadə (ad şərtidir) məhz belə münasibətlə qarşılaşanlardan biridir və bunun ona daşıdığı xəstəlikdən daha böyük zərbə vurduğunu qəhərə boğularaq söyləyir: "46 yaşım var. Bu mərəzə 2 ildir yoluxmuşam. Əvvəllər öskürməyə başlayanda heç fikir vermədim. Sonra ağrılarım başladı, gördüm həm də arıqlayıram. Evdə həyat yoldaşım mənə tez-tez deyirdi ki, "çexotka kimi nə tez-tez öskürürsən, get həkimə də". Buna qədər öskürəyə qarşı xeyli dərman atsam da təsiri olmamışdı. Nəhayət, dostum Elxanın məsləhəti ilə Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna getdim, burada rentgen müayinəsindən sonra vərəm olduğum üzə çıxdı".

Əziz Hüseynzadə deyir ki, onun əsl faciəsi evdə tutulduğu xəstəlik barədə məlumat verməsindən sonra başlanıb: "Həyat yoldaşım heç gözləmədiyim reaksiyanı verdi. Məni əvvəl spirtli içkidən, siqaretdən çox istifadə etdiyimə görə məzəmmət etdi. Sonra özünün və iki övladımızın da bu xəstəliyə yoluxa biləcəyini əsas gətirərək birgə yaşamağımızın mümkün olmadığını bildirdi. Mənə ya xəstəxanada qala biləcəyimi, ya da başqa bir kirayə mənzil axtarmalı olacağımı bildirdi. Əks halda özü uşaqlarla birgə evdən çıxıb gedəcəyini söylədi. Uşaqlarımın başqa evdə qalmasına razı ola bilməyəcəyimdən müəyyən götür-qoydan sonra mən başqa evə köçəcəyimi bildirdim. Həyat yoldaşımın son sözü də bu oldu ki, sağalmayınca gözümüzə görünmə. İndi hərdən bir telefonla əlaqə saxlamağa çalışıram. O vaxtdan bəri isə digər yaxınlarımın, ətrafdakıların da mənə münasibətində bir dəyişiklik var. Məndən uzaq qaçmağa çalışdıqlarını hiss edirəm. Artıq özüm də əvvəlki kimi onlarla ünsiyyətə can atmıram. Bu günün sabahı da var. Bircə böyük bacımın münasibətində heç bir dəyişiklik olmadı. Elə indi də qayğıma qalan əsas şəxs odur".

Psixoloq Adil Həsənzadə qeyd edir ki, belə hallar pasientlərin psixologiyasında uzunmüddətli dərin izlər buraxır. Onun sözlərinə görə, yaxınlarının mənəvi dəstəyini itirdiyini hiss edən xəstə özünü tədricən cəmiyyətdən təcrid vəziyyətinə salır, depressiyaya yuvarlanır, sosial və maddi statusunun itdiyi qənaətinə gəlir: "Bu da nəticədə normal həyat axarını pozur, yaxınlarının çətin anında dəstəyini görməyən şəxsin psixikasında ciddi dəyişikliklər baş verir, onların əksəriyyəti belə demək mümkünsə, həyatdan küsərək özlərinə qapanır".

Elmdə bu hal mənfi çalarları özündə ehtiva edən, sosial damğa kimi də qəbul olunan stiqma olaraq da adlanır. Stiqmanın mövcudluğu xəstənin adaptasiya prosesini çətinləşdirir, onun əvvəlki həyatına qayıtmasına ciddi maneələr yaradır, ən əsası isə insanların hüquqlarının kobud şəkildə pozulması kimi dəyərləndirilir. Əziz Hüseynzadə isə stiqmatizasiya sözünü birinci dəfə bizdən eşitdiyini vurğulasa da özünün təcrid olunması fonunda bu prosesin nə demək olduğunu yaxşı bildiyini vurğulayır: "Onda siz deyən bu stiqmatizasiya prosesini mən yaşamaqdayam. Bunu isə ifadə etmək çox çətindir, elə bil ki, təkcə bədənin yox, ruhun dəhşətli bir ağrıdan qovrulur, əzab çəkir. Heç kimə bunu arzulamazdım".

Daha çox insanların reaksiyası ilə özünü göstərən stiqmatizasiya təəssüf ki, təkcə vərəmə yox, HİV, QİÇS və digər bu qəbildən olan ağır xəstələrə münasibətdə də özünü büruzə verməkdədir. Məhz bu səbəbdən tədqiqatçıların çoxu haqlı olaraq stiqmatizasiyanın mövcudluğunu cəmiyyətin özünün xəstəliyi kimi də dəyərləndirirlər. Bu kontekstdə mütəxəssislər məsləhət görürlər ki, stiqmatizasiya, eləcə də vərəm kimi qorxulu görünən, lakin sağala bilən xəstəliklər barədə maarifləndirmə işinin daha geniş vüsət almasına ciddi zərurət var. Bunun üçün vərəmə qalib gələnlərin də sözügedən prosesə cəlb olunması effektiv olardı. Belə insanlara isə elə Azərbaycanın özündə də rast gəlmək mümkündür. Məhkumluq həyatı yaşayan Azər Tağıyev həbsdə vərəmə yoluxan, lakin elə burada həyata keçirilən müalicə ilə bu xəstəliyə qalib gələnlərdəndir. Dediyinə görə, vərəmə qarşı mübarizə heç də asan deyil və bunun üçün insandan iradə tələb olunur. Sağlam həyat üçün isə hər kəs bu iradəni göstərə bilər: "Xəstəlik dərmanlara qarşı müqavimətli olanda onun sağalması da uzun çəkir. Təsəvvür edə bilməzsiniz ki, dərmanları qəbul etmək özü nə dərəcədə çətindir. Lakin sağalacağıma əmin olduğumundan bunun fərqində olmamağa çalışırdım. Yatmaq istəyirdim, yata bilmirdim. Başım hərlənirdi, ürəyim bulanırdı, yediklərimi qusurdum, lakin yenə yüngülləşə bilmirdim, özümü çox pis hiss edirdim. Bununla belə həkimlərin yazdıqları dərmanları qəbul edirdim. Nəticə isə bütün bu əziyyətlərə dəyərdi. Çünki bu dərmanlar sayəsində vərəmdən qurtuldum". Bu kimi uğurlu nümunələr əsasında da vərəmə qarşı mübarizədə maarifçilik məqsədilə istifadə olunması təbii ki, yalnız müsbət nəticələr verər. Digər tərəfdən belə hal həm də stiqmanın bir problem olaraq aradan qalxmasına rəvac verir. Vərəmə qalib gəlmiş şəxslərin isə digərlərinin müalicə prosesində könüllülər qismində iştrakı təcrübəsindən də faydalanıla bilər. Bu, xəstənin mənəvi sarsıntılarının aradan qaldırılmasında vacib rol oynaya bilər.

Ümumdünya Səhiyyə Təşkilatının ekspertləri də bildirir ki, vərəmdən müalicə olunarkən prosesin davamlı xarakter alması zəruri şərtdir. Çünki müalicə prosesi yarımçıq kəsilərkən adətən, vərəm dərmanlara qarşı dayanıqlıq qazanır, onun müqaviməti artır.

Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Elcan Məmmədbəyov isə bununla bağlı bildirir: "Xəstəlikdən tam müalicə olunmaq üçün həkimin təyinatlarına ciddi və dəqiq riayət etmək, dərmanları qəbul etmək lazımdır. Bundan əlavə, gündə ən azı üç dəfə qidalanmaq, keyfiyyətli qida qəbul etmək, meyvə və tərəvəzlərdən istifadə etmək, alkoqollu içkilər, tütün məhsulları və narkotik vasitələrdən istifadə etməmək, gün ərzində ən azı 8 saat yatmaq, ağır fiziki işlə məşğul olmamaq gərəklidir".

Vərəmə yoluxmuş insanın sağalmasının mümkünlüyü barədə cəmiyyətdə genişmiqyaslı təbliğat işinin aparılması isə heç şübhəsiz ki, stiqma probleminin də aradan qalxmasında mühüm rol oynamaq iqtidarındadır. Çünki araşdırmalar göstərir ki, vərəmlə bağlı stiqma daha çox fantaziya, təxəyyül məhsulundan başqa bir şey deyil. Adekvat cavab fəaliyyəti isə yenə də bu fantaziya, təxəyyül məhsulunu kökündən sarsıdacaq maarifləndirmə işlərindən keçir. Məhz bunun sayəsində cəmiyyətin itirə biləcəyi fərdi yenidən topluma qazandırmaq mümkündür. Ən əsası isə stiqmanın aradan qaldırılması isə insanın diskriminasiyaya məruz qalmasının qarşısı alır, onun hüquqları pozulmur, fərd yaşamaq eşqindən qətiyyən vaz keçmir.

Rasim BAYRAMOV

Yazı ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyələşdirdiyi Azərbaycanda Səhiyyənin Gücləndirilməsi Layihəsi çərçivəsində "Vərəmlə bağlı stiqmaya qarşı mübarizə" mövzusunda jurnalistlər arasında elan olunan müsabiqəyə təqdim olunur

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs