news Image
2012.08.09
19:17
| A A A
Dövlət Komitəsi armatur istehsal edən daha bir müəssisədə nöqsan aşkarladı
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi daha bir müəssisədə nöqsanlar aşkar edib. Lent.az-ın məlumatına görə, Komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Xırdalanda yerləşən "İCN KOMPANCY" MMC-də apardığı yoxlamalar zamanı bəzi nöqsanlar aşkar edilib. 

Dövlət Xidmətinin Sumqayıt ərazi İdarəsinin rəis müavini Şəhla Yusifzadə jurnalistlərə açıqlamasında qeyd edib ki, müəssisə armatur istehsal edir: "Binaların möhkəmliyi üçün armaturun keyfiyyətli olması vacib şərtlərdəndir. Amma bu müəssisədə istehsal olunan məhsulların keyfiyyətli olub-olmaması məlum deyil". İdarənin rəis müavinin sözlərinə görə, məhsulun hazırlanmasında istifadə edilən xammaldan laborator müayinələr götürülməlidir: "Amma burada laboratoriya mövcud deyil. Bundan başqa istehsal olunan məhsulun üstündə yarlıq vurulmalıdır. Amma bu müəssisədə sadalanan məsələlərə əməl olunmur". 

Ş. Yusifzadənin sözlərinə görə, analizlər götürülüb və onun nəticəsinə uyğun qərar qəbul olunacaq.

Qeyd edək ki, müəssisə rəhbərliyi deyilən iradları qəbul etməyib.

Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblının Lent.az-a verilən məlumata görə, istehsal müəssisələrində araşdırmalar davam etdiriləcək.