news Image
2012.08.10
07:56
| A A A
İlin axırından Rusiyadan azərbaycanlıların köçü başlana bilər
Şimal qonşumuzun miqrasiya siyasətini sərtləşdirməsi fonunda bu hal istisna edilmir

Məlumdur ki, bu gün Azərbaycana xaricdən miqrant axını çoxalmaqda davam edir və qanunsuz şəkildə ölkəmizdə əmək fəaliyyəti ilə məşğul olanlar müvafiq dövlət strukturları tərəfindən saxlanaraq xaric olunur. Eyni zamanda əvvəllər iş dalınca xarici dövlətlərə üz tutan soydaşlarımızın böyük əksəriyyəti artıq fəaliyyətlərini ölkədə davam etdirməyə üstünlük verirlər. Azərbaycanın artan iqtisadi imkanları fonunda bu qəbildən olan insanların sayının çoxalacağı da heç bir şübhə doğurmur.

Lakin o da faktdır ki, hələ ki, əmək fəaliyyətlərini xaricdə davam etdirən soydaşlarımız da var. Bu sırada ilk olaraq Rusiyada çalışanları qeyd etmək lazımdır.

Proseslərin gedişi isə göstərir ki, Rusiya cari ilin sonu, gələn ilin əvvəllərindən miqrantlara qarşı siyasətini yenidən sərtləşdirməyi düşünür. Belə ki, iki ay əvvəl yenidən Rusiya prezidenti səlahiyyətlərinin icrasına başlayan Vladimir Putin noyabra qədər miqrasiya qaydalarını sərtləşdirməyi tapşırıb. Qeyd edək ki, hələ baş nazir olarkən Putin bildirirdi ki, MDB ölkələri vətəndaşlarının Rusiyada yaşaması və işləməsi ilə bağlı problemlər var: "Bu problemlərə baxmayaraq, Rusiya MDB ölkələrinə viza rejimi tətbiq etmir. Qanunu pozan MDB ölkələri vətəndaşları ölkədən deportasiya edilir. Lakin onlar müxtəlif yollarla yenə Rusiyaya qayıdırlar. Bir çox dövlət məmurları da onlara dəstək verirlər. Çünki bu onlara sərf edir. Bu problem aradan qaldırılmalıdır. Miqrasiya qanunlarını pozan şəxslər 10 ilə və ya daha uzun müddətə Rusiyaya buraxılmamalıdırlar".

Qeyd edək ki, Vladimir Putinin həm də Rusiya mətbuatında miqrantlarla bağlı məqaləsi dərc olunmuşdu. Həmin məqalədə o, Rusiyada yaşayan miqrantların yerli xalqın adət-ənənələrinə hörmət etmək məcburiyyətində olduqlarını söyləyib. Onun sözlərinə görə, yerli xalqın adət ənənələrinə hörmət etməyən miqrantlar cəzalandırılmalıdırlar. Putin məqalədə 2013-cü ildən sonra miqrantların rus dili, rus tarixi və rus hüququndan imtahan verdikdən sonra ölkədə yaşamağa icazə veriləcəyi təklifi ilə çıxış edib. İndi bu təklifin reallaşması gözlənir. Bu halda digər millətlərdən olanlarla yanaşı, müəyyən sayda soydaşlarımızın da Rusiyadan deportasiya olunacağı gözlənir.

Digər tərəfdən Rusiyada fəaliyyət göstərən miqrantlar üçün heç də bu ölkənin tarixi, ədəbiyyatı maraq doğurmur və onların əsas diqqəti çalışdıqları əmək sferasıdır. Araşdırmalara görə, postsovet ölkələrindən, xüsusən də Orta Asiya və Qafqazdan olan milyonlarla miqrant Rusiyada rəsmi və qeyri-rəsmi şəkildə çalışır. O da həqiqətdir ki, hələ də işləmək üçün xaricə üz tutan soydaşlarımız tərəfindən Azərbaycana böyük miqdarda vəsait göndərilir. Putinin addımları fonunda Rusiyadan qonşu respublikalara pul köçürmələrinə məhdudiyyətlər yaranarsa, bu, Azərbaycana elə də ciddi təsir göstərməyəcək. Lakin bundan ciddi əziyyət çəkən MDB dövlətləri də olacaq. Xüsusilə də Tacikistan və Qırğızıstanın.

Kiçik iqtisadiyyata malik Tacikistan, Qırğızıstan, Ermənistan və Gürcüstan xaricdə (xüsusilə Rusiyada) işləyən vətəndaşların evə göndərdikləri pullardan ciddi şəkildə asılıdır.

Rusiya Mərkəzi Bankının məlumatına görə, bu ölkələrə 2011-ci ildə göndərilən pulun ümumi həcmi 6 milyard ABŞ dollarını ötüb. Mühacirlərin 2011-ci ildə pul köçürmələri Tacikistanda ÜDM-nin 42.5, Qırğızıstanda 28, Ermənistanda 11, Gürcüstanda isə 7%-ni təşkil edib.

Bununla belə, dünya iqtisadiyyatının Rusiyaya da mənfi təsiri pul köçürmələrinin bu dörd ölkəyə axınına son qoya bilər. Qırğızıstan Mərkəzi Bankının məlumatına əsasən, bu ölkəyə 2012-ci ilin yanvar-mart aylarında köçürülən pulun həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 20 faiz azalıb. Ermənistanda isə pul köçürmələrinin ildən-ilə 10 faiz azalması tendensiyası müşahidə olunur. Tacikistan hesabatını açıqlamır. Amma Rusiya Mərkəzi Bankının statistikasında qeyd olunur ki, Rusiyadan göndərilən pul baratlarının həcmi bir ildə 37 faiz aşağı düşüb. Gürcüstanda məsələ bir qədər fərqli olub. Xaricdə yaşayan vətəndaşların ölkəyə pul köçürmələri mart ayından etibarən dramatik şəkildə azalıb. May ayında isə ötən illə müqayisədə 6% artım qeydə alınıb. Digər 3 ölkədən fərqli olaraq, Gürcüstana avrozonada baş verən narahatlıqlar müəyyən qədər birbaşa təsir edir.

Bununla belə, dünya iqtisadiyyatında perspektivlərin ürəkaçan olmaması yerli əhali arasında əməkçi miqrantlara qarşı münasibəti pisləşdirir. Nəticədə siyasətçilər də buna reaksiya vermək məcburiyyətində qalır. Elə bu səbəbdən Putinin miqrantlara qarşı siyasəti dəstəklənir.