news Image
2012.08.15
10:47
| A A A
Təhsil nazirinin müavini İctimai Palataya cavab verdi
Qulu Novruzov: İctimai Palatanın təhsil sahəsi ilə bağlı səsləndirdiyi tənqidlərin heç bir əsası yoxdur

Bu fikirləri təhsil nazirinin müavini Qulu Novruzov yap.org.az saytına açıqlamasında bildirib.  Nazir müavinin sözlərinə görə, İctimai Palatanın təhsillə bağlı səsləndirdiyi tənqidlərin heç bir əsası yoxdur.

"Bu yaxınlarda İctimai Palata adlı qurum ölkəmizdə təhsil sahəsində vəziyyəti müzakirə edib. Bu müzakirələrdə səslənən tənqidlərin heç bir əsası yoxdur. Həmin tədbirdə özlərini "universal" ekspertlər hesab edən adamlar "təhsil ekspertliyini" də öz üzərlərində sınaqdan keçiriblər", - deyə Q,Novruzov bildirib.

Nazir müavini həmçinin vurğulayıb ki, İctimai Palatanın tədbirində Azərbaycan gənclərinin xaricdə təhsil alması ilə bağlı Dövlət Proqramı haqqında da cəfəng fikirlər səslənib. Onun sözlərinə görə, xüsusilə Qubad İbadoğlu bu məsələyə toxunaraq özünün bu sahədə nə qədər "bilikli olduğunu" nümayiş etdirməyə cəhd göstərib.

"Bu şəxs Dövlət Neft Fondundan bu sahəyə kifayət qədər vəsait ayrıldığını bildirir və iddia edir ki, proqram üzrə təhsil alanların əksəriyyəti eyni regionun, eyni zümrənin təmsilçiləridirlər ki, onların da böyük əksəriyyəti Azərbaycana qayıtmırlar. Nə dərəcədə məsuliyyətsiz olmalısan ki, belə fikirlər səsləndirəsən. İnsan bilmədiyi məsələdən danışmamalıdır. Çox maraqlıdır ki, Q.İbadoğlu dövlət proqramı ilə yaxından tanış olduğunu desə də, nə qədər məntiqsiz, məsuliyyətsiz bəyanat səsləndirir. Bu adam əvvəllər də dövlət proqramı çərçivəsində xaricdə təhsil alanların yüksək vəzifəli məmur övladları olduğunu deyib. Mən bir daha qeyd edirəm ki, o, proqram çərçivəsində xaricdə ali təhsil almağa göndərilən 1200 nəfər tələbədən 12 nəfər məmur uşağının adını açıqlayarsa, mən onun haqlı olduğunu iddia edərəm. Amma məsələ burasındadır ki, bu proqramda sıravi vətəndaşların övladları iştirak edir. Yəni, sadə peşə sahiblərinin, təqaüdçülərin, müəllimlərin, işsiz və s. sadə ailələrin övladları proqram çərçivəsində xaricdə təhsil almağa göndərilirlər"- deyə, nazir müavini vurğulayıb.

Q.Novruzov bununla bağlı nazirliyin hər cür araşdırma aparmağa hazır olduğunu bəyan edib. Müxalifətçilərə belə məsuliyyətsiz bəyanatlar səsləndirməməyi tövsiyə edən Q.Novruzov dövlət proqramı çərçivəsində oxuyan azəbaycanlı gənclərin sonradan xaricdə qaldıqları barədə iddiaları da təkzib edib. Onun sözlərinə görə, bu faktlar mövcud deyil.

"Dövlət proqramı çərçivəsində xaricdə təhsil alanların sosial bazası ilə bağlı xüsusi araşdırmalar, təhlillər aparırıq və xaricə göndərilən gənclərin 98 faizi sadə ailələrin üzvləridir. Bəzi şəxslərin isə bilmədikləri məsələlər, proqramın təqaüdçüləri barədə belə qarayaxmalar danışması təəssüf doğurur. Ən acınacaqlısı odur ki, həmin "ekspertlər" bu sahə ilə yaxından tanış olduqlarını iddia edirlər. Onların diqqətinə bir məsələni çatdırmaq istəyirəm ki, Təhsil Nazirliyi dövlət proqramının təqaüdçülərinin seçimini aparmır. Nazirlik xarici dövlətlərin ali məktəbləri tərəfindən dəvət almış, onların qəbul şərtlərini ödəmiş və dövlət proqramının təqaüdünə müraciət etmiş namizədlərin uyğunluğunu yoxlayaraq Azərbaycan Prezidenti yanında Təhsil Komissiyasına təqdim edir. Burada seçim belədir ki, namizəd müraciət edərkən TQDK-nın balları əlində olur. Bu bal onlara uyğunluğun seçilməsində mühüm bir kriteriyadır. Bu o deməkdir ki, artıq seçimin birinci mərhələsi TQDK tərəfindən, ikinci mərhələsi isə xarici ali məktəblər tərəfindən aparılır. Təhsil Nazirliyi yalnız namizədlərin proqramın şərtlərinə uyğunluğunu yoxlayıb onları Azərbaycan Prezidenti yanında Təhsil Komissiyasına təqdim edir. Bu Komissiya tərəfindən namizədliklər təsdiq olunqduqdan sonra tələbələrin təhsil yerlərinə göndərilmələri və təhsillərinin maliyyələşdirilməsi ilə bağlı prosedurlar həyata keçirilir"- Q.Novruzov qeyd edib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs