news Image
2012.04.12
13:04
| A A A
Fermerlər hələ də kredit sarıdan korluq çəkirlər
Əsas səbəb bankların əvvəlki kimi kənd yerlərində çox bahalı kredit siyasəti həyata keçirmələridir

Bu gün Azərbaycan iqtisadiyyatında özünü göstərən problemlərdən biri yerli kommersiya banklarının paytaxtla müqayisədə regionlara daha böyük xəsisliklə kredit vermələridir. Halbuki regionların inkişafı məqsədilə dövlət tərəfindən məqsədyönlü tədbirlər görülür, müvafiq proqramlar qəbul edilir, böyük həcmdə investisiyalar yatırılır, lazımi infrastruktur yaradılır.
Ancaq regionlarda yaşayan iş adamları öz bizneslərini genişləndirmək məqsədilə kredit üçün banklara üz tutduqda min bir çətinliklə üzləşirlər. Sahibkarlara Kömək Milli Fondu istisna olmaqla regionlarda iş adamları digər mənbələrdən sərfəli şərtlərlə kredit almaqda hələ də böyük çətinliklər yaşayırlar.
Bu gün Bakıda maliyyə xidmətlərinin, demək olar ki, bütün növlərindən istifadə edildiyi halda, kənd və rayonlarda bəzi xidmətdən ümumiyyətlə xəbərsizdirlər.
İpoteka kreditləri, mobil bankinq, internet bankinq, şirkətlərin səhmlərinə pul qoymaq - kənd əhalisi hələ də bunlardan istifadədə böyük çətinliklər yaşayır. Ekspertlərin fikrincə, kənd yerlərində yaşayanların bu məsələdə payının az olması arzuolunan deyil. Regional inkişaf, eyni zamanda kənd yerlərində biznesin stimullaşdırılması baxımından mikrokreditlərin az hissəsinin kənd sakinlərinə düşməsi həmin yerlərin inkişafına müəyyən maneələr yaradır.
Digər tərəfdən kənd yerlərində yaşayanların orta aylıq əməkhaqları yüksək deyil. Bu səbəbdən də onlar əksər hallarda mikrokredit almaq imkanından məhrumdur. Başqa bir tərəfdən, kənd sakinlərinin mikrokreditlərlə bağlı məlumatları olduqca səthidir. Bu gün kəndlərdə rəsmi kredit deyil, sələm adlanan qeyri-rəsmi kredit növündən daha çox istifadə olunur.
Təəssüflə qeyd etməliyik ki, ölkədə fəaliyyət göstərən 44 bankın cəmi 2-si region bankıdır. Bankomatların 60%-i, POS-terminalların 90%-dən çoxu paytaxtda quraşdırılıb. Əhalidən cəlb edilmiş əmanətlərin 95%-ə qədəri Abşeron regionunun payına düşür. Regionlarda bankların filiallarının sayının artmasına rəğmən hələ də bütün kredit qoyuluşunun 85%-dən çoxu yalnız Bakı şəhərinin payına düşür. Abşeron da nəzərə alınmaqla Bakı-Abşeron ərazisində bütün kredit qoyuluşlarının 90%-i istifadə edilir. Kreditlərin cəmisi 10%-i ölkənin digər regionları arasında paylanır. Əgər nəzərə alsaq ki, Gəncə, Şirvan, Şamaxı, Lənkəran, Mingəçevir kimi şəhərlərdə olan kreditlər də bunun tərkibindədir, onda kreditlərin belə təmərküzləşmə səviyyəsinin ölkənin regionlarının inkişafına ciddi dəstək verə bilmədiyi üzə çıxır. Bu həm də bankların regionları kreditləşdirməkdə maraqlı olmadığını əks etdirir. Üstəgəl, regionlarda verilən kreditlər üçün girov tələb olunduqda həmin girovun, yəni evin Bakı şəhərində olması vacibdir.
Hazırda Azərbaycan bankları problemli kreditlərdən ehtiyatlanaraq, girovla bağlı tələblərini sərtləşdirməkdə davam edir ki, bu da ölkə fermerlərini daha çətin duruma salır. Banklar yenə də girov üçün Bakı şəhərində əmlak tələb etdiyinə görə, Azərbaycan fermerlərinin böyük hissəsi ölkədə verilən güzəştli kreditlərdən faydalana bilmir. Hələlik isə kreditin qaytarılması üçün məsuliyyət, bilavasitə, bankların üzərində olduğuna görə, onlar da özlərini sığortalamaq üçün mümkün qədər qiymətli girov tələb edirlər. Maliyyə böhranından sonra isə bankların girov tələbləri daha da sərtləşib.
Qeyd edək ki, qaydalara görə, girovun dəyəri kreditin məbləğindən azı 1 dəfə yarım çox olmalıdır. Amma böhranı nəzərə alan banklar bundan da qiymətli girov istəyir. Həmçinin banklar Bakı şəhərində girov tələb olunmasını təbii sayır. Banklarda bildirirlər ki, əslində girov ona görə götürülür ki, kredit qaytarılmayanda onu satmaq mümkün olsun. Rayondakı əmlakı satmaq isə çox çətindir.
Bununla belə, banklar etiraf edir ki, rayon və kəndlərin özündə ən yaxşı girov qeyri-yaşayış sahəsi, yəni mağaza və obyektdir. Onu adamın əlindən almaq da, satmaq da asandır. İkinci yeri torpaq sahələri tutur. Evlərdən fərqli olaraq, torpaqlara, xüsusilə əkin sahələrinə maraq böyükdür. Amma iri kreditlərin alınması zamanı bu girovlar da kifayət etmir. Ekspertlər isə bildirir ki, hökumət girov şərtlərini yüngülləşdirməlidir. Hətta qeyd olunur ki, girov təminatının bir hissəsini dövlət öz üzərinə götürməlidir.
Onu da qeyd edək ki, indi banklar girov üçün təklif olunan əmlaka əvvəlki kimi həvəslə can atmır. Elə bu səbəbdən ekspertlərə görə hökumət kənd yerlərinə kredit verən təşkilatlara müəyyən güzəştlər tətbiq etməli, onları kənd yerlərində yaşayanlarla işləməyə stimullaşdırmalıdır.

Səməd CƏFƏROV

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs