Əlaqə Arxiv
news Image
2015.04.01
13:05
| A A A
Nazir görüş keçirdi
Son 1 il ərzində Azərbaycanla Fransa arasında təhsil sahəsində bir çox mühüm hadisələr baş verib

Bu gün təhsil naziri Mikayıl Cabbarov Strasburq Universitetinin prezidenti Alen Beretzin başçılıq etdiyi Fransa ali təhsil müəssisələri rəhbərlərindən ibarət nümayəndə heyəti ilə görüşüb.Movqe.az-ın xəbərinə görə, görüşdə təhsil naziri bildirib ki, bu səfər iki ölkə arasında təhsil əlaqələrini əks etdirir. Onun sözlərinə görə, son 1 il ərzində Azərbaycanla Fransa arasında təhsil sahəsində bir çox mühüm hadisələr baş verib. Ötən ilin noyabrında Parisə səfəri çərçivəsində Strasburq Universitetinin prezidenti Alen Beretzlə görüşünü xatırladan təhsil naziri cari ilin fevral ayında Fransada keçirilmiş "Azərbaycan günü" tədbirinin əhəmiyyətinə də diqqət çəkib. Fransada Azərbaycan dilinə və onun tədrisinə marağın artmasının təqdirəlayiq hal olduğunu bildirən M.Cabbarov həmçinin ölkədə ali təhsil sahəsində aparılan islahatlardan söhbət açıb: "1-3 aprel tarixlərində Azərbaycanda səfərdə olan nümayəndə heyəti bir sıra aparıcı ali təhsil müəssisələrində də olacaq və ikitərəfli təhsil əlaqələrinin inkişafına dair müzakirələr aparacaqlar. Növbəti 3 gün ərində Azərbaycanın müxtəlif universitetləri ilə birbaşa tanış olmaq, işçi və faydalı müzakirələr aparmaq, mövcud olan təhsil proqramlarının genişlənməsini və yeni proqramlarının müzakirəsini həyata keçirmək mümkün olacaq".

 

Fransanın Azərbaycandakı səfiri Paskal Monye iki ölkə arasında bütün sahələrdə olduğu kimi təhsil sahəsində də mühüm əməkdaşlıqların olduğunu qeyd edib. Onun sözlərinə görə, Azərbaycanla məhsuldar əməkdaşlıq yaratmaq istəyən universitetlərin nümayəndələri səfərdə iştirak edir: "Düşünürəm ki, geniş tərkibli nümayəndə heyətinin Azərbaycana səfəri, təhsil sistemi ilə yaxından tanış olması gələcək əməkdaşlığın inkişafına öz müsbət təsirini göstərəcək".

 

Strasburq Universitetinin prezidenti Alen Beretz belə görüşlərin Fransa-Azərbaycan təhsil əlaqələrinin inkişafı və birgə əməkdaşlığın daha səmərəli müstəviyə qədəm qoyması baxımından rolunu qeyd edib. Azərbaycanın ali məktəbləri ilə əməkdaşlıqda maraqlı olduqlarını söyləyən rektor rəhbərlik etdiyi universitetdə təhsil alan azərbaycanlı tələbələrin çalışqan və yüksək intellektual potensiala malik olduqlarını vurğulayıb.

Daha sonra görüşdə Fransa və Azərbaycan ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanlarının genişləndirilməsi, müəllim və tələbə mübadiləsinin təşviq edilməsi, ikili diplom proqramlarının təşkili imkanları və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov və digər ali məktəblərin rektorları da iştirak edib.(APA)

Sizin Reklam Yeriniz