Əlaqə Arxiv
news Image
2015.04.01
18:58
| A A A
"Azərsu" ASC beynəlxalq su sərgisində uğurla təmsil olunub

24-27 mart 2015-ci il tarixlərində Almaniya Federativ Respublikasının paytaxtı Berlin şəhərində "Wasser Berlin International-2015"  beynəlxalq su  sərgi və konfransı keçirilmişdir.  Nüfuzlu  "Wasser Berlin International 2015" sərgisində "Azərsu" ASC  ilk dəfə olaraq xüsusi stendlə təmsil olunmuş, Səhmdar Cəmiyyətin nümayəndə heyəti konfransda iştirak edib. Movqe.az-a qurumdan verilən xəbərə görə,   "Berlin EXPO Center"də təşkil olunmuş sərgidə  "Azərsu" ASC-nin xüsusi dizaynla stendi quraşdırılmışdır. Stenddə Səhmdar Cəmiyyətin tarixi və fəaliyyəti ilə bağlı xüsusi bannerlər yerləşdirilmişdir. Stendin materialları dünyanın müxtəlif ölkələrində su təchizatı və kanalizasiya sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələrinin diqqətini cəlb etmişdir. Nümayəndə heyətinin üzvləri tərəfindən ziyarətçilərə içməli  su təchizatı və kanalizasiya sahəsində son illər həyata keçirilən layihələr, yeni texnologiyaların tətbiqi barədə ətraflı məlumat verilmişdir.  Bildirilmişdir ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq əhalinin içməli su təchizatı  və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılması məqsədi ilə respublikanın 40 şəhər və rayon mərkəzində yeni layihələr həyata keçirilir. 23 şəhərdə həyata keçirilən layihələr beynəlxalq maliyyə qurumları ilə birgə icra olunur. Bu layihələr çərçivəsində sugötürücü qovşaqlar və sutəmizləyici qurğular, su anbarları, çirkab sutəmizləyici qurğular tikilir, içməli su və kanalizasiya xətləri çəkilir, tunel tipli kanalizasiya kollektorları inşa edilir. Yeni layihələrin icrasında beynəlxalq təcrübə, qabaqcıl texnologiyalar, müasir idarəetmə sistemləri, informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə xüsusi diqqət yetirilir.

     Maraqlanan ziyarətçilərin və şirkət nümayəndələrinin diqqətinə çatdırılmışdır ki, Bakı şəhəri və Abşeron yarımadasında içməli su və kanalizasiya infrastrukturunun yaxşılaşdırılıması məqsədi ilə "2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Abşeron yarımadasının qəsəbə və kəndlərində su təchizatı,  kanalizasiya sistemləri və yağış sularının idarə olunması üçün Master Plan"a uyğun olaraq layihələrin icrası davam etdirilir. Master Planın hazırlanması ilə paralel olaraq görüləcək işlərin layihələndirilməsinə də başlanılmışdır. Master Plana əsasən, Bakı şəhəri və Abşeron yarımadasında 550 kilometr magistral,  8100 kilometr  paylayıcı su xətləri, ümumi həcmi 650 min kubmetr olan 65 su anbarı tikiləcəkdir. Eyni zamanda  kanalizasiya sistemi üzrə ümumi  məhsuldarlığı sutkada 1 milyon 400 min kubmetr olan 11 ədəd çirkab sutəmizləyici qurğu, 140 kilometr  tunel, 680 kilometr kollektor, 6400 kilometr kanalizasiya şəbəkəsi yaradılacaqdır.

   Sərgi və konfrans çərçivəsində "Azərsu" ASC-nin nümayəndə heyəti bir sıra beynəlxalq qurumların və şirkətlərin nümayəndələri ilə görüşlər keçirmişlər. "Messe Berlin" şirkətinin layihə direktoru Korneliya Vulf  vam der Sahl "Azərsu" ASC-nin nümayəndə heyətini qəbul etmişdir. Nümayəndə heyəti içməli su və tullantı suların təmizlənməsi üzrə Almaniyanın "Blucher" və "Lim", bioreaktorlar üçün modullar istehsal edən "Martin Membrane Systems" , dozator nasosların istehsalı üzrə İtaliyanın "Etatron D.S, çirkləndiriciləriin tərkibini  təyin edən online cihazların istehsalı üzrə Almaniyanın "Lar", sızmaları aşkarlayan avadanlıq və texnologiyalar üzrə Almaniyanın "Sewerin", modul tipli sutəmizləyici qurğular üzrə Ukraynanın "Wallace and Tiernam", innovativ titan tərkibli flokulxamların istehsalı üzrə Rusiyanın "Cittek", tullantı suların təmizlənməsi üzrə Qazaxıstanın "Antares", elektromaqnit su sayğacları üzrə Almaniyanın "Schor and Parfenon" şirkətinin nümayəndələri ilə işgüzar görüşlər keçirilmişdir.  Görüşlərdə "Azərsu" ASC-nin fəaliyyəti ilə bağlı ətraflı məlumat verilmiş  və  Azərbaycana səfər etmək və öz proqramlarını  təqdim etmək məqsədilə  9 şirkətlə əlaqələr yaradılmışdır.

4 gün davam etmiş sərgidə dünyanın 26 ölkəsindən su təchizatı və kanalizasiya sistemləri sahəsində peşəkar xidmətlər göstərən  və bu sahədə yeni texnologiya və avadanlıq istehsal edən 557 şirkət təmsil olunmuş,  104 ölkədən 23 minədək peşəkar mütəxəssis ziyarətçi kimi iştirak etmişdir. Əvvəlki sərgi ilə müqayisədə xarici iştirakçıların xüsusi çəkisi artaraq 27 faizə çatmışdır. Sərgi müddətində iştirakçı şirkətlərin 75 faizi yeni əlaqələr qurmağa, 10 faizi isə işgüzar müqavilələr bağlamağa müvəffəq olmuşlar.

Növbəti "Wasser Berlin International 2017" sərgisinin  28-31 mart 2017-ci il tarixlərində  keçirilməsi nəzərdə tutulur.







Sizin Reklam Yeriniz