Əlaqə Arxiv
news Image
2015.04.01
18:35
| A A A
Milli Qəhrəman Fərhad Hümbətovun anım mərasimi keçirilib
Binəqədi rayonunda ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xüsusi rəşadət göstərərək Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüş şəhid Fərhad Hümbətovun anım mərasimi keçirilib. Movqe.az xəbər verir ki, Binəqədi rayon Rəsulzadə bələdiyyəsinin təşkilatçılığı ilə reallaşan tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, Milli Qəhrəmanın ailə üzvləri, yaxınları, cəbhə yoldaşları, orta məktəb şagirdləri və ictimaiyyət nümayəndələri iştirak etdilər.
Tədbirdə çıxış edən Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Şurası Rayon şöbəsinin sədri Telman Hətəmov və "Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri" İctimai Birliyinin Binəqədi rayon şöbəsinin sədri İlham Qayıbzadə belə tədbirlərin keçirilməsinin gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını bildirdilər. Milli Qəhrəmanın anası Salatın Hümbətova oğlunun keçdiyi qısa, lakin mənalı və şərəfli həyat yolundan danışaraq dövlət tərəfindən onlara göstərdiyi diqqət və qayğını minnətdarlıqla qeyd etdi.
Daha sonra tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva çıxış edərək Azərbaycanın ərazi bütövlüyü uğrunda həyatını fəda edərək şəhidlik zirvəsinə ucalmış Fərhad Hümbətovun timsalında şəhidlərimizin, milli qəhrəmanlarımızın cəsurluğu və rəşadətini vətənini sevən hər kəs üçün örnək kimi səciyyələndirdi. A.Əliyeva şəhid ailələrinin dövlət qayğısı ilə əhatə olunmasına toxunaraq bu məsələnin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən daim diqqət mərkəzində saxlandığını, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə əzəli yurd yerlərimizin azad olunacağı və qələbə sevinci yaşayacağımızı vurğuladı.
Anım tədbiri Binəqədi rayonu 299 saylı məktəb-liseyin şagirdlərinin ifasında bədii kompozisiyanın təqdim edilməsi və məktəblilərin Milli Qəhrəmanın abidəsi önünə güllərin düzülməsi ilə yekunlaşdı.

Sizin Reklam Yeriniz