Əlaqə Arxiv
news Image
2015.04.01
18:27
| A A A
Femerler ziyana düşəcək

Artıq bir həftəyə yaxındır ki, ölkədə havalar soyuq keçir. Yaz ayı olmasına baxmayaraq, demək olar ki, fəslə xarakterik olmayan hava şəraiti müşahidə olunur. Bu cür hava şəraiti fermerlər arasında narahatçılığa səbəb olub. Fermerlər soyuq, bəzi yerlərdə şaxtalı keçən havanın əkin, meyvə ağacları üçün ziyanlı olduğunu söyləyirlər. Hətta camaaat arasında yazın sərt keçməsinin bu il məhsuldarlığa mənfi təsir göstərəcəyi barədə də, söz-söhbət gəzir. Bəzi fermerlər iddia edir ki, hazırda ölkədə qeydə alınan hava bəzi bitkilər və meyvə ağacları üçün əlverişli şərait hesab edilmir. Xaçmazda əkin sahələri  və meyvə bağı olan fermer Kərəm Şahquliyev Movqe.az-a açıqlamasında deyib ki, havanın şaxtalı keçməsi və temperaturun xeyli aşağı düşməsi yaz əkiminə də ziyan vura biləcək Həmsöhbətimizin fikrinə görə, temperaturun aşağı düşməsi xüsusilə dağ və dağaətəyi rayonlarda ərik və şaftalı meyvələrinin məhsuldarlığına təsir edə biləcəyi istisna edilmir. Onun sözlərinə görə, hazırda çəyirdəkli meyvələrin əksəriyyəti tumurcuq açdığından, havadakı şaxtanın çəyirdəkli meyvələrə ziyanı olacaq:"İndiki hava şərati birinci növbədə çəyirdəkli meyvələr üçün təhlükə yaradır. Şaxtalı hava tumurcuqlayan çəyirdəkli meyvələrin vegetasiya dövrünü ləngitdiyindən, ola bilər ki, bu mövsüm ərik, şaftalı kimi meyvələr az olsun".

Fermer şaxtalı havanın kartof və qarğıdalı əkinini də ləngitdiyini bildirdi. Onun sözlərinə tərəvəzlərdən olan kartofun, elə qarğıdalınının əkini əslində aprel ayına qədər yekunlaşmalıdır. Amma hava şaxtalı keçdiyindən, torpaq soyuq olduğundan insanlar bu məhsulların əkinini gecikdirirlər".

K. Şahquliyev deyir ki, əgər şaxtalı havanın ardınca, intensiv yağışlar başlasa fermerlərin işi daha da çətinləşəcək: "Havaların yağmurlu keçməsi də yaz əkimini ləngidir. Çünki yağmurlu hava da bitkilər üçün qeyri-əlverişli şərait hesab edilir. Hər bir bitkinin vegetasiya dövrü var. Bundan sonra hava yağmurlu keçərsə və temperaturun aşağı düşməsi davam edərsə, yaz əkiminə ziyan vura bilər. Hazırda kartofun, soğanın və sair məhsulların əkimi gecikib. Yağış yağarsa, sözügedən bitgilərin əkilməsi daha da ləngiyər.Yağış intensiv hal alarsa bəzi meyvə ağaclarına da təsiri ola bilər . Meyvə ağaclarının çiçəyini tökə bilər".

Amma Kənd Təssərrüfatı Nazirliyi Aparatının Bitgiçilik şöbəsinin rəhbəri İmrah Cümşüdov isə deyir ki, iqlim şıltaqlığı məhsuldarlığın azalmasına elə ciddi təsir etməyək:"Bu məhsuldarlığın azalmasına gətirib çıxarmayacaq. Sadəcə olaraq həmin məhsullar əvvəlki vaxtından bir qədər gec yetişəcək. Təbii ki, əkim işləri gecikirsə, bu özünü həmin məhsulun yığımında da göstərəcək".     

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev isə Movqe.az-a açıqlamasında hava şəraitinin məhsuldarlığa təsiri ilə bağlı deyilənlərlə razılaşmadığını bildirdi. Onun dediyinə görə, hava şəraiti anomal olsa da, şaxtalı hava şəraiti hökm sürməyib: "Nazirliyin mütəxəssisləri müxtəlif yerlərdə, xüsusilə də qarın çox yağdığı məkanlarda müşahidələr aparıblar. Hər hansı bir neqativ hal müşahidə edilməyib. Ona görə də deyilənlərin heç biri doğru deyil. Ancaq bununla belə etiraf edim ki, kənd təsərrüfatı hava şəraitindən sığortalanmayan sahədir. Bu baxımdan hava şəraitinin əlverişsiz keçməsi kənd təsərrüfatına həm müsbət, həm də mənfi təsir göstərir. Amma yağmurlu hava şəraiti əsasən taxılçılıq sahəsinə müsbət təsir göstərir. Mart ayında yağış və qar yağmasının kənd təsərrüfatına, xüsusən də taxılçılığa böyük xeyiri var. Həmin ay bitkilərin inkişaf dövrüdür, torpaqda toplanan nəmlik məhsulun bol olmasına şərait yaradır. Belə hava şəraiti bitkiçilik və meyvəçilik üçün əlverişlidir".

Nazirlik sözçüsü deyir ki, şaxtalı hava şəraiti hökm sürərsə, belə hava bəzi çiçəkləmiş bitkilərə mənfi təsir edə bilər. Ancaq bunun məhsuldarlığa və məhsul istehsalına heç bir mənfi təsiri olmayacaq: "Çəyirdəkli meyvələrin hansı çiçəkləyibsə, təbii ki, şaxta onlara mənfi təsir edir. Lakin çiçəkləmiş meyvələrə isə şaxtanın mənfi təsir göstərməsi gələcəkdə məhsuldarlığın az olacağı anlamına gəlməməlidir. Çünki hər bir bitkinin bioloji potensialı və məhsuldarlığı var. Qeyd edim ki, kəskin hava şəraiti xüsusilə Aran və qərb bölgələrində erkən çiçəkləmiş bitkilərə mənfi təsir göstərə bilər. Fermerlərə də bildiririk ki, əlavə aqrotexniki tədbirlərə əməl etdikdə itirilmiş məhsulu yatmış tumurcuqlar hesabına bərpa etmək mümkündür".

Sizin Reklam Yeriniz