Əlaqə Arxiv
news Image
2015.04.03
03:00
| A A A
Yeni binalarda təmirsiz mənzillərin satışına qadağa qoyulacaq?!
İpoteka kreditləşməsinin yeni inşa olunan evləri əhatə etməsi üçün xaricdə istifadə olunan bu təcrübənin ölkəmizdə də tətbiqi zəruri sayılır

İpoteka kreditləşməsi sahəsində yaxın tezlikdə mühüm yeniliklərə start veriləəcyi növbəti dəfə Mərkəzi Bankın sədri Elman Rüstəmovun Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında etdiyi çıxışda öz təsdiqini tapdı. O qeyd edib ki, Azərbaycan Mərkəzi Bankı ölkədə ipoteka kreditləşməsinin həcminin ciddi artımı üzrə hökumətə təklif göndərib. Onun sözlərinə görə, təklif ipoteka krediti məbləğinin artırılmasını, sosial və kommersiya ipotekası üzrə maliyyələşdirmənin həcminin dəfələrlə artırılmasını, ucuz mənzillərin maliyyələşdirilməsini, regionlarda ipoteka kreditləşməsi imkanlarının genişləndirilməsini və sair nəzərdə tutur.

Beləliklə, ipoteka kreditləşməsi hesabına tikinti sektorunda növbəti canlanma müşahidə olunacağı gözlənilir. Lakin ipoteka kreditləşməsindən daha çox insanın istifadə edə bilməsi üçün ekspertlər təkcə maliyyə vəsaitinin artırılmasını yetərli saymır. Daha geniş əhali kütləsinin bu kreditləşmədən istifadə edə bilməsi üçün başqa addımların da atılması zəruri sayılır.

Əksər ekspertlər tikinti sektorunun nəzərdə tutulan yeni ipoteka şərtlərinə uyğun olmadığını düşünür. Hesab edilir ki, əksər ölkələrdə olduğu kimi, evlərin təmirli satılması tələb kimi qoyulmalıdır. Hazırda Azərbaycanda evlərin 90 faizindən çoxunun "malaaltı" satılması ipoteka yolu ilə mənzil alan imkansız adamları bu sektordan qaçırır. Çünki həmin adamlar elə ev alırlar ki, birbaşa girib içində yaşamağa imkan olsun. Bu səbəbdən vurğulanır ki, təmirsiz evlərin satışına qadağa qoyulmalıdır. Xüsusən də yeni mənzillərdə. Qeyd edək ki, hökumət ipoekanın məhz yeni mənzil alışına yönəldilməsində indi daha çox maraqlıdır.

Artıq yeni tikintidə alınan mənzillərin özlərinin bilavasitə ipotekaya girov kimi qoyulması məsələsi həllini tapmaq üzrədir. Məsələ bundadır ki, hazırda mövcud olan dövlət ipoteka proqramının iqtisadi səmərəsi azdır. Çünki həmin vəsaitlər hazırda əsasən təkrar bazardakı mənzil alışına yönəldilir. İqtisadi səmərəsinin olmaması ilə yanaşı proqram daşınmaz əmlak bazarında ekonom sinfinə, yəni dəyəri ucuz mənzillərə təlabatı artıraraq onların qiymətlərinin artımına səbəb olurdu. Bu proses ilkin bazara çox cüzi müsbət təsir göstərirdi. Lakin ipoteka proqramının daha çox ilkin mənzil bazarına yönəldilməsi tikinti sektoruna hazırki dövrdə əlavə dəstək verə bilər. Belə olan halda ipoteka proqramı üzrə ayrılan pullar iqtisadiyyatın real sektoruna yönəldiləcək. Real sektor isə iş yerləri, vergi ödəmələri və iqtisadi inkişafın mənbəyidir. Hesablamalar göstərir ki, dövlət tərəfindən ipoteka proqramı çərçivəsində ilkin bazara, yəni yeni tikililərin alınmasına yönəldilən vəsaitlərin ən azı 20%-i dövlət büdcəsinə vergi ödəmələri şəklində qayıdacaq. Lakin yeni binalarda mənzil alışını ipoteka yolu ilə stimullaşdırmaq üçün yuxarıda qeyd edildiyi kimi mənzillərin təmirli şəkildə satılması da olduqca vacibdir. Bundan əlavə hesab edilir ki, tikinti şirkətləri böyük ipotekaya hazırlıq üçün ekonom klass kiçik mənzillərin tikintisinə başlamalıdırlar. Elit mənzillərin müştəriləri azdır və əsas tələb ekonom klass tipli evlərədir.

Yeni tikintilər hesabına mənzil sektorunu dirçəltmək üçün digər bir addım isə bəzi xarici ölkələrdə olduğu kimi tikintisinə icazə verilmiş, amma hələ inşasına başlanılmamış binaların mənzillərinə mülkiyyət hüququna bərabər sənədin verilməsi ola bilər. Bu zaman tikilməmiş həmin mənzillər ipotekada girov kimi istifadə edilə bilir. Amma ölkəmizdə qanunvericiliyə görə, bu, mümkün deyil. Bizdə ancaq girov kimi üzərində mülkiyyət hüququ olan əmlak qəbul edilir. Azərbaycanda da artıq hələ inşasına başlanılmamış binaların mənzillərinə mülkiyyət hüququna bərabər sənədin verilməsi təcrübəsindən istifadə önəmli sayılır. Digər tərəfdən layihəsi təsdiqlənmiş və tikintisinə icazə verilmiş mənzillərə mülkiyyət hüququna bərabər sənəd verilməsi bu bazarda möhtəkirliklərin qarşısını ala bilər. Hər halda bütün bunların tikinti sektorunda tətbiqi olduqca önəmli sayılır.

Sizin Reklam Yeriniz