Əlaqə Arxiv
news Image
2012.08.18
08:38
| A A A
Qeyri-leqal işləyənlərin sayı milyonlarla ölçülür?!
İşçilərlə əmək müqaviləsi bağlamayan işəgötürənlərə qarşı cərimələr artırılacaq

Bu gün ölkə iqtisadiyyatında diqqət yetirilən başlıca məsələlərdən biri də qeyri-leqal əmək fəaliyyəti ilə məşğul olanlara qarşı mübarizənin gücləndirilməsidir. Qeyri-leqal və ya müvafiq əmək müqaviləsi olmadan fəaliyyət göstərmək işçinin özünə ziyan olmaqla yanaşı, ümumilikdə böyük həcmdə vəsaitin vergidən və beləliklə, dövlət büdcəsindən yayındırılmasına səbəb olur.

Bunun qarşısını almaq üçün isə işçilərlə əmək müqaviləsi bağlamayan işəgötürənlərə qarşı cərimələr artırılacaq. Vergi dərəcələrinin isə azaldılması nəzərdə tutulur. Bununla bağlı hazırlanan müvafiq layihə isə Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, ölkədə məşğul əhalinin sayı 4 milyon 375 min nəfərdir. Amma onların yalnız 1 milyon 381 mininin işəgötürənlə əmək müqaviləsi var. Yəni 69 faiz, yaxud 3 milyon nəfər qeyri-leqal çalışır. 2012-ci ilin 6 ayı ərzində baş verən istehsalat qəzaları nəticəsində 28 işçi dünyasını dəyişib, 82 nəfər isə xəsarət alıb. Hüquqlarının pozulmasına görə, 1692 işçi dövlət əmək müfəttişliyinə şikayət edib. Amma onların əksəriyyətinin hüquqlarını bərpa etmək mümkün olmayıb. Çünki işəgötürənlə işçi arasında əmək müqaviləsi imzalanmayıb. Qeyri-leqal çalışanların əsas problemi onların gələcəkdə pensiya təminatının olmamasıdır. İşəgötürənlər əmək müqavilələrinə səhlənkar yanaşmaqla, həm də vergidən yayınırlar. Bu isə son nəticədə dövlət büdcəsinə zərər vurur. Vergilər Nazirliyi bu ilin ilk 6 ayı ərzində 5 mindən çox əmək müqaviləsiz işçi aşkarlayıb. Bunun əsasında işəgötürənlərə qarşı 5,2 milyon manat maliyyə sanksiyası tətbiq olunub. Qeyri-formal məşğulluq probleminin aradan qaldırılmasına nail olmaq üçün Əmək Və Əhalinin Sosial Müdafiəsi və Vergilər Nazirlikləri, eyni zamanda Dövlət Sosial Müdafiə Fondu Əmək Məcəlləsi və Inzibati Xətalar Məcəlləsinə dəyişikliklər üzərində iş aparır. Qeyd olunduğu kimi, əmək müqaviləsindən yayınan işəgötürənlərə tətbiq olunan cərimələrin artırılması nəzərdə tutulur. Məsələnin həlli istiqamətində işçilərin məlumat bazası da formalaşdırılır. Ekspertlərin fikrincə, qeyri-formal əmək bazarında irəliləyişə nail olmaq üçün ictimai nəzarət də gücləndirilməlidir. Bundan başqa, hər kəs yeni işə başlayarkən, əmək müqaviləsinin imzalanmasını tələb etməlidir.

Vergilər Nazirliyinin Dövlət Satınalmalarına və əmək münasibətlərinə Vergi nəzarəti şöbəsinin rəhbəri Vüqar Əliyev isə xatırladır ki, vergidənyayınma hallarının, əlavə vergi potensialının müəyyən edilməsi məqsədilə işçi saylarının və iş yerlərinin düzgün rəsmiləşdirilməsinin təmin olunmasına görə vergilər nazirinin 18 iyul 2012-ci il tarixli əmri ilə "İşəgötürənlər tərəfindən iş yerlərinin rəsmiləşdirilməməsi hallarının qarşısının alınması istiqamətində görüləcək işlərə dair" Tədbirlər Planı təsdiq olunub: "Bu sahəyə çevik nəzarətin təmin edilməsi üçün Vergilər Nazirliyində Qərargah yaradılıb. İndi bunun üçün risk meyarları müəyyən edilib və riskli vergi ödəyiciləri müəyyən olunub. Qərargah tərəfindən iş yerlərində əmək müqavilələrin bağlanmasının təmin edilməsi işlərinə başlanılıb. Ötən müddətdə respublika üzrə işəgötürən 30 min vergi ödəyicisində, 80 minə yaxın işçinin əmək müqaviləsinin bağlanması təmin edilib".

Bir daha onu da xüsusi vurğulayaq ki, bu gün Azərbaycanda vətəndaşın pensiyası hesablanarkən onun sığorta stajı və vətəndaşın pensiya fondlarına etdiyi sosial ödənişlərin məbləği əsas götürülür. Sadə dillə desək, çox işləyən və ödəmə edən şəxs gələcəkdə daha çox təqaüd alacaq. Bunun üçün isə vətəndaşların rəsmi formada işləməsi və maaş alması vacibdir. Araşdırmalar göstərir ki, əmək müqaviləsi olmadan çalışma halları əsasən özəl sektorda, iaşə obyektlərində, nəqliyyatın bəzi sahələrində, eləcə də tikinti sferasında müşahidə edilir. Bəzən isə işçilər öz əmək hüquqları barədə məlumatsızdırlar və əmək müqaviləsinin imzalanmasının vacibliyini anlamırlar.

Ekspertlər hesab edir ki, belə vəziyyət daha çox işə götürənlərin maraqlarına uyğundur.

Çünki onlar müqavilə bağlayanda artıq sosial ödənişlər etməlidirlər. Eləcə də vergi ödəməlidirlər. Əslində aqrar sektor, tikintidə və digər sektorlarda işçilərin böyük bir qisminin müqaviləsinin olmaması birbaşa onunla bağlıdır ki, həmin sektorlar ikili mühasibatla fəaliyyət göstərir və praktik olaraq, həmin sektorlarda çalışan iş adamları vergidən yayınırlar.

Halbuki vətəndaş sosial hüquqlarını əldə etmək üçün ilk növbədə, əmək müqaviləsi imzalamalı və işlədiyi yerdə aldığı əmək haqqının tam rəsmiləşdirilməsinə çalışmalıdır. Əks halda, vətəndaş əmək müqaviləsi imzalamadan çalışırsa, heç bir sosial ödəniş hüququna malik olmur. Bura əmək pensiyası və məcburi sosial müavinətlər daxildir. Bir sıra müəssisələrdə isə əmək müqaviləsi mövcud olduğu halda, əmək haqqının gizlədilməsi halları var. Bu, əsasən özəl sektorda müşahidə olunur. Bu da ki, vətəndaşın gələcəkdə pensiyasının məbləğinin az olmasına gətirib çıxarır.

Sizin Reklam Yeriniz