news Image
2012.08.31
14:22
| A A A
Misir Mərdanov əmr imzaladı
Azərbaycanın təhsil naziri Misir Mərdanov "İstedadlı şagirdlər üçün xüsusi lisey siniflərinə şagird qəbulunun aparılması barədə əmr verib.

Təhsil Nazirliyindən verilən məlumata görə, əmrin verilməsində məqsəd Azərbaycan Prezidenti İlham Əliyevin 17.04.2006-cı il tarixli sərəncamı ilə təsdiqlənmiş "Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı"ndan irəli gələn konseptual xarakterli göstərişlərini rəhbər tutaraq respublikanın şəhər və rayonlarında istedadı ilə fərqlənən V, VI və VII sinif şagirdlərinin xüsusi lisey siniflərinə qəbulunun obyektiv və şəffaf keçirilməsini təmin etməkdir.

Əmrə əsasən, bölgələr üzrə müəyyən olunmuş şəhər və rayonların qeyd edilən təhsil müəssisələrinin bazasında xüsusi istedadı ilə fərqlənən şagirdlərin xüsusi lisey siniflərinə qəbulu ilə bağlı sənəd qəbulu avqust ayı ərzində aparılıb. Şagirdlərin müsahibə və qiymətləndirmə isə sentyabrın 7-8-də müəyyənləşdirilmiş məktəblərdə keçiriləcək.

Həmin məktəblər Gəncə şəhəri 27 nömrəli fizika-riyaziyyat və informatika təmayüllü lisey, Sumqayıt şəhəri təbiət elmləri təmayüllü gimnaziya, Mingəçevir şəhəri İ.Qayıbov adına 10 nömrəli tam orta məktəb, Şirvan şəhəri S.Hüseynov adına 1 nömrəli tam orta məktəb, Lənkəran şəhəri S.Kazımbəyov adına şəhər 6 nömrəli tam orta məktəb, Şəki şəhəri 19 nömrəli tam orta məktəb, Quba rayonu A.Məmmədov adına təbiət fənləri təmayüllü 2 nömrəli məktəb-lisey, Ağdaş rayonu S.Vurğun adına şəhər 1 nömrəli tam orta məktəbdir.

Xüsusi lisey siniflərinə şagird qəbulu Azərbaycan dili və riyaziyyat fənləri üzrə ümumi sayı 50 sual olmaqla qiymətləndirmə vasitələri əsasında keçiriləcək./trend