news Image
2012.09.08
10:24
| A A A
Azərbaycanda 2012-2013-cü tədris ili üçün rezidenturaya qəbul imtahanının ilk mərhələsi keçirilir
Bu gün Azərbaycanda 2012-2013-cü tədris ili üçün rezidenturaya qəbul imtahanının ilk mərhələsi keçirilir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, imtahanda iştirak etmək üçün 1121 nəfər elektron ərizə doldurub və təsdiq edib. Onlardan 842 nəfəri qız, 279 nəfəri isə oğlandır. 

İmtahan Bakı şəhərində Azərbaycan Tibb Universitetinin I və V tədris binalarında və Naxçıvan şəhərində 1 binada keçiriləcək.

Qəbul imtahanları test üsulu ilə iki mərhələdə keçiriləcək. Birinci mərhələdə namizədlərin baza ali tibb təhsili istiqamətinə müvafiq olan qəbul proqramı əsasında baza fənləri üzrə bilikləri, ikinci mərhələdə isə ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq.

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi isə sentyabrın 9-da keçiriləcək.

Namizədlərə baza və ixtisas fənlərinin hər birindən ayrılıqda 100 test tapşırığı təqdim olunacaq. Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1 (bir) balla qiymətləndirilir, səhv cavablar namizədin imtahan nəticəsinə təsir göstərmir.

Saat 11.00-da başlayacaq imtahanın suallarının cavablandırılmasına hər bir mərhələ üzrə 2 saat 30 dəqiqə vaxt ayrılır.

Müsabiqə baza və ixtisas fənlərindən toplanılan balların cəminə əsasən aparılır. Müsabiqədə iştirak etmək üçün namizədin baza fənləri üzrə imtahanda topladığı test balı 40-dan, ixtisas fənləri üzrə imtahanda topladığı test balı isə 50-dən az olmamalıdır.

Rezidenturaya qəbul olunmaq üçün ixtisas seçimi qəbul imtahanının nəticələri elan olunduqdan sonra aparılacaq. Namizədlər müəyyən olunmuş müddət ərzində elektron ərizələrinə daxil olaraq ali tibb təhsili bazasına uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları seçib təsdiq etməlidirlər.

Qeyd edək ki, bu il rezidenturaya ayrılan plan yerlərinin sayı 514-dür.
 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs