news Image
2012.09.13
07:04
| A A A
Diaspor liderlərimiz hədəfdədir
İsmayıl Ağayev: “Ölkəmizin tanınmış şəxslərinə qarşı bu sui-qəsdlərin arxasında erməni diasporasının əlilə hərəkət edən bəzi xüsusi xidmət orqanları dayanır “

Son zamanlar Azərbaycanın xarici ölkələrdə yaşayan müxtəlif diaspor təşkilatları rəhbərlərinə qarşı sui-qəsd halları artıb. Belə ki, cari ilin mayın 9-da Azərbaycan diasporunun Ukraynada ən fəal nümayəndələrindən biri Donetsk Azərbaycanlıları Konqresinin sədri İqbal Mahmudov Makiyevka şəhərində Böyük Vətən Müharibəsi veteranları ilə görüşü zamanı sui-qəsd nəticəsindən aldığı güllə yarasından dünyasını dəyişib.

Bunun ardınca isə Rusiyanın Kemerovo vilayətində Azərbaycan diaspor təşkilatının rəhbərinə sui-qəsd cəhdi olub. Adı açıqlanmayan 52 yaşlı diaspor rəhbəri öz avtomobilində hərəkət edərkən naməlum şəxs ona 3 dəfə atəş açıb. Güllələrdən biri sürücünün barmağına, iki güllə isə avtomobilə dəyib. Üç gün öncə isə Ümumrusiya Azərbaycan Konqresinin Ulyanovsk regional şöbəsinin rəhbəri 43 yaşlı İslam Hüseynov da bu kimi təhlükəli hadisə ilə üzləşib. İki naməlum şəxs İslam Hüseynovun ofisinə gələrək ona və mühafizəçisinə odlu silahdan atəş açıblar. Nəticədə Hüseynov başından güllə yarası alıb, mühafizəçisi isə ölüb. Bu hadisələr onu göstərir ki, son dövrlər hansısa qüvvələr xaricdəki Azərbaycan diasporasının nümayəndələrinə qarşı əməlli-başlı hücuma keçiblər. Onu da qeyd edək ki, İslam Hüseynov baş verən hadisələrə görə, Rusiya Federasiyası Təhqiqat Komitəsinin Ulyanovsk bölməsinin rəhbərliyini günahlandırıb. O, sui-qəsdi sözügedən Təhqiqat Komitəsinin həbsdən azadlığa buraxdığı quldurların törətdiyini deyib.

Başqa bir tərəfdən, hamıya məlumdur ki, son aylar azərbaycanlı zabit Ramil Səfərovun ekstradisiyası və əfv olunması ilə bağlı olaraq Ermənistan həddindən artıq təşvişə düşərək qəzəblənib. Hətta Serj Sarkisyanın arxasında dayandığı ASALA erməni terror təşkilatı azərbaycanlı diplomat, iş adamları və diaspor təşkilatı nümayəndələrini öldürməklə hədələyib. Bu hadisələrin fonunda isə Ulyanovskdakı Azərbaycan diaspor təşkilatının nümayəndəsinə qarşı sui-qəsd törədilir. Bu məqam həmin sui-qəsd hadisəsinin arxasında ermənilərin dayanmasını istisna etmir. Görəsən, bu barədə ekspertlər nə düşünür?

Beynəlxalq Diaspor Mərkəzinin rəhbəri İsmayıl Ağayevin fikrincə, Ulyanovskda baş verən olayda Rusiyanın xüsusi xidmət orqanlarının əli var: "Xaricdəki Azərbaycan diasporasının rəhbərləri və ayrı-ayrı nümayəndələrinə qarşı təxribatlar heç də dünəndən başlamayıb. Bu məsələ uzun müddətdir ki, davam edir. Azərbaycanın fəal insanları, diaspor təşkilatının rəhbərləri və üzvlərinə qarşı müxtəlif bölgələrdə bəzi qüvvələr tərəfindən sui-qəsdlər olur. Həmin sui-qəsdlərin də bir hissəsi açılsa da, bir çox belə hadisələr nədənsə açılmamış qalır. Dəfələrlə demişik, ölkəmizin tanınmış şəxslərinə qarşı bu sui-qəsdlərin arxasında erməni diasporasının əlilə hərəkət edən bəzi xüsusi xidmət orqanları dayanır. Bir çox hallarda onlar törətdikləri bu tip cinayətləri ört-basdır etməkdən ötrü azərbaycanlıların özləri arasında daxili çəkişmələrin nəticəsi səviyyəsinə endirirlər. Amma bu heç də belə deyil. Nümayəndələrimizə qarşı edilən belə sui-qəsdlər fəal diaspor təmsilçilərimizi sıradan çıxarmaq və digərlərinin də gözünü qorxutmaq məqsədi daşıyır. Bunun da arxasında heç şübhəsiz ermənilər dayanır. Onlar diasporamızın Azərbaycanın təbliğatı istiqamətində apardıqları işin nəticəsindən qeyzləndiklərindən fəal nümayəndələrimizə qarşı terror təşkil etməklə düşünürlər ki, bizim müqavimətimizi qıra biləcəklər. Amma yanılırlar. Konkret Ulyanovskdakı sui-qəsd olayına görə İslam Hüseynovun Rusiya Tədqiqat Komitəsinin Ulyanovsk bölməsini ittiham etməsinə gəldikdə isə, o, bunu istintaqın düzgün getməməsi, cinayətin doğru istiqamətdə aparılmaması nöqteyi-nəzərindən deyib. Əslində, bu məqamın özü də onu göstərir ki, həmin sui-qəsd olayının arxasında da Rusiyanın bəzi xüsusi xidmət orqanları durur. Sifarişçi isə heç şübhəsiz erməni diasporasıdır".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs