news Image
2012.10.03
19:07
| A A A
Kür və Araz transsərhəd çaylarında keçirilən növbəti monitorinqlərin nəticələri açıqlanıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə keçirilən növbəti monitorinqlərin nəticələrini açıqlayıb.
Movqe.az Nazirliyin saytına istinadən xəbər verir ki, sentyabrın III ongünlüyündə Kür çayında suyun sərfi sentyabr ayının II ongünlüyünə nisbətən 3,4 kubmetr/saniyə azalaraq 80,4 kubmetr/saniyə təşkil edib.

Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib. Şıxlı-2 məntəqəsində fenollar 3, mis birləşmələri 4, Ağstafaçayda fenollar və mis birləşmələri 3, Ağstafaçay su anbarında fenollar 4, mis birləşmələri YVQH-dən 3 dəfə çox olub.

Araz çayı üzrə Horadizdə suyun əsas çirkləndiricilərindən olan fenollar və mis birləşmələri 4, I Şahsevəndə fenollar 4, mis birləşmələri 3, Bəhramtəpə məntəqəsində isə fenollar 3, mis birləşmələri 4 dəfə YVQH-ni keçib.