Əlaqə Arxiv
news Image
2015.10.01
09:00
| A A A
Aqrar sahənin dərinləşən kadr problemi
Vahid Məhərrəmov: “Məzunları aqrar sahəyə cəlb etmək üçün bu sektoru daha çox inkişaf etdirmək lazımdır” Qoşqar Məmmədov: “Aqrar sahəyə maraq az olduğundan başqa pqroqramlar üzərində düşünmək lazımdır”

Aqrar sahədə kadr problemi hələ də davam edir. Araşdırmalar göstərir ki, uzun illərdir, məktəb məzunlarının böyük əksəriyyəti bu sahədən uzaq dururlar. Elə son illər Azərbaycan Aqrar Universitetinə qəbul olmaq istəyənlərin sayı kəskin azalıb. Hətta universitetin dövlət sifarişli bir neçə ixtisasında qəbul planı dolmayıb. Bu fonda ekspertlər hesab edirlər ki, aqrar sahədə müəyyən problemlər yarana bilər.

Aqrar məsələlər üzrə ekspert Vahid Məhərrəmovun sözlərinə görə, kənd təsərrüfatında əsas resursların, kadr potensialının olması əhəmiyyətli faktordur: "Əgər bu sahəyə elmi yanaşma yoxdursa, peşəkarlar hazırlanmırsa, gələcəkdə ciddi problemlərimiz olacaq. Dünya son zamanlar ərzaq məhsullarına daha çox önəm verir. Sivil ölkələr belə qənaətə gəlib ki, çox silah istehsal etməklə nəyəsə nail olmaq mümkün deyil. Ancaq çox ərzaq istehsal etməklə həm ölkənin sabitliyini təmin edilir, həm də məhsulları digər ölkələrə göndərmək mümkündür. Bu baxımdan dünya ölkələri çalışır ki, aqrar sahədə yeni texnologiya tətbiq etsinlər. Elm və innovasiya sahəsində məhsuldarlığı artırırlar. Yəni, kadra ciddi ehtiyac var. Kadr olmasa, yeni texnologiyanı tətbiq emək mümkün deyil. Mütəxəssis olmasa, məhsuldarlığımız aşağı düşəcək. Digər ölkələr isə məhsuldarlığı artırmaqla məhsulun maya dəyərini aşağı sala biləcəklər".

Vahid Məhərrəmov vurğuladı ki, qəbul zamanı əsasən az bal toplayan məzunlar kənd təsərrüfatı sahəsini seçirlər: "Ancaq aqrar sahə üzrə mütəxəssislər daha çox bal toplamış məzunlardan ibarət olmalıdır. Çünki, bu sahəyə ilə müqayisə olunacaq ancaq tibb sferası ola bilər. Ancaq tibb sahəsində də ixtisaslar fərqli olduğu üçün aqrar sahə qədər mürəkkəb deyil. Aqronom bitkinin həm həkimi, həm də istehsalçısıdır. Məzunları aqrar sahəyə cəlb etmək üçün bu sektoru daha çox inkişaf etdirmək lazımdır. Bu zaman o sahədə çalışanlar yəni, yüksək əmək haqqı ala bilərlər. Ümumiyyətlə, bu sahə kompleks yanaşma tələb edir. Hazırda toxum, gübrə, avadanlıqlar xaricdən gətirilir. Təhsil olmasa, xaricdən aqronom da gətirəcəyik. Bu təhlükənin qarşısını almaq üçün aqrar sahədə islahatlar aparılmalıdır. Bu sahə ilə bağlı dövlət proqramı qəbul olunmalıdır".

Azərbaycan Milli Elmlər Akademiyasının Torpaqşünaslıq və Aqrokimya institunun elmi işlər üzrə direktor müavini, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru, professor Qoşqar Məmmədov ilk olaraq onu xatırlatdı ki, Sovet vaxtında kolxoz, sovxozlar fəaliyyət göstərirdi: "Eyni zamanda ali məktəbdən sonra təyinat da var idi. Ona görə də tələbələr iş tapırdılar. Yəni, o sahəyə maraq olub. Hazırda isə bazar iqtisadiyyatıdır. İş tapmaq nöqteyi-nəzərindən aqrar sahəyə maraq azalıb. İnsanlar düşünürlər ki, nəticədə fermer olacağam. Amma xaricdə fermer olmaq üçün ali təhsil, ən azından kollec təhsili tələb olunur. Bu təhsili olmayanlara fermer fəaliyyəti ilə məşğul olmağa icazə verilmir. Ancaq bizdə isə hətta tarix müəllimi torpağından özü bildiyi kimi əkib-becərir. Gənclərimiz də düşünür ki, fermer olmaq üçün oxumaq lazım deyil. Torpaq sahəsi varsa, əkib-becərmək, istehsal mümkündür. Lakin 5-10 hektarla fermer olmaq olmaz. Bizdə aran rayonlarında ailəbaşıma 5-10, dağlıq rayonlarda isə 1 hektar torpaq payı düşür. Femer olmaq üçün ən azı 100 hektar torpaq payı olmalıdır.

ABŞ fermerlərinin orta hesabla 3 min hektar sahələri olur. Həmin hektarı idarə etmək üçün isə aqrar təhsil tələb olunur. Kənd təsərrüfatı təhsili olmayana fermerliklə məşğul olmağa icazə verilmir. Heç məşğul olsalar da, o qədər sahədə nəsə bacarmırlar. Bizdə isə gənclər belə düşünür ki, aqrar sahədə məşğul olmaq üçün təhsil lazım deyil. Dövlət keçid balını 250 bala qədər endirib. Ancaq yenə də aqrar sahəyə maraq azdır. Görünür, başqa pqroqramlar üzərində düşünmək lazımdır. Kadr çatışmazlığı gələcəkdə bu sahənin tənəzzülünə səbəb ola bilər. Bu fonda isə torpaqlarımız xarici ixtisasçıların öhdəsində qalacaq".



Sizin Reklam Yeriniz