news Image
2012.10.12
13:02
| A A A
Ekspert rəyi: BP şirkəti Azərbaycandakı layihələrində neft hasilatının azalmasına rəsmi şəkildə aydınlıq gətirməlidir
"BP şirkəti "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan neft hasilatının azalması səbəblərini izah etməli və məsələyə aydınlıq gətirməlidir".

Bunu "APA-ECONOMICS"ə açıqlanmasında Azərbaycan Dövlət Neft Şirkətinin sabiq prezidenti, İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sabit Bağırov bildirib.

Xatırladaq ki, oktyabrın 10-da keçirilən Nazirlər Kabinetinin 2012-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasındakı çıxışında Azərbaycan prezidenti İlham Əliyev BP şirkətini sərt tənqid edib və bildirib ki, neft hasilatında gözlənilməyən tənəzzül sırf "Azəri" və "Çıraq" yataqları üzrə fəaliyyət göstərən konsorsiuma (ABƏŞ) rəhbərlik edən BP şirkətinin kobud səhvləri nəticəsində mümkün olub.

S.Bağırovun fikrincə, hasilatın azalması - faktdır və bunun səbəbləri, o cümlədən, əgər bu azalma hansısa obyektiv amillə bağlıdırsa, BP şirkəti tərəfindən rəsmi şəkildə açıqlanmalıdır: "Hər halda BP-dən müvafiq açıqlama olmalıdır". 

Eyni zamanda, iqtisadçı Oqtay Haqverdiyev "APA-ECONOMICS"ə açıqlamasında bildirib ki, 2011-2014-cü illərdə "Əsr Kontraktı" çərçivəsində neft hasilatının əvvəlki illərlə müqayisədə kəskin azalması hətta 1990-cı illərin ortalarında müvafiq proqnoz diaqramında əks olunub. Ondan sonrakı dövrdə, yəni 2014-cü ildən sonra "Dərin Günəşli"dən neft hasilatı gözlənilir ki, bu da azalmanı dayandıracaq. O.Haqverdiyevin fikrincə, son zamanlarda neft hasilatının azalması, neft ÜDM-in xüsusi çəkisinin azalması hökuməti, ictimaiyyəti və mütəxəssisləri narahat etməsi təbiidir.

Eyni zamanda "APA-Ekonomist" jurnalının ekspertləri qeyd edirlər ki, hökumətin son iclasında dövlət başçısı "Azəri" və "Çıraq" yataqlarında hasilatın azalmasını əyani sübut edən statistik göstəricilər səsləndirib: "2009-cu ildə "Azəri" və "Çıraq" yataqlarında bizə verilən hasilat proqnozu 46,8 mln. ton idi. Faktiki isə 40,3 mln. ton səviyyəsində neft hasil edilib. 2010-cu ildə proqnoz 42,1 mln. ton idi, fakt 40,6 mln. ton olub. 2011-ci ildə proqnoz 40,2 mln. idi, real hasilat isə 36 mln. ton. 2012-ci ildə verilmiş proqnoz 35,6 mln. tondur. İndiki hasilatı nəzərə alaraq belə təxmin etmək olar ki, ilin sonuna qədər BP "Azəri", "Çıraq" yataqlarından 33 mln. tondan artıq neft hasil edə bilməyəcək". Beləliklə, məlum olur ki, son bir neçə il ərzində BP şirkəti ilin əvvəlində verilən hasilat üzrə proqnozu yerinə yetirmir və bunun səbəblərini rəsmən açıqlanmır.

Maraqlıdır ki, şirkətin hesablarında əks olunan göstəricilər də azalmanı təsdiqləyir: "Bu ilin birinci yarısında "Çıraq", "Mərkəzi Azəri", "Qərbi Azəri", "Şərqi Azəri" və "Dərinsulu Günəşli" platformalarından ümumilikdə gündə orta hesabla 684 min barel və ya ümumilikdə 6 ay üçün 124,5 mln. barel (16,8 mln. ton) neft hasil edilib". 

Ötən ilin 6 ayında isə "Çıraq", "Mərkəzi Azəri", "Qərbi Azəri", "Şərqi Azəri" və "Dərinsulu Günəşli" platformalarından ümumilikdə gündə orta hesabla 775,7 min barel və ya bütövlükdə yarım ildə 140,4 mln. barel (19 mln. ton) neft hasil edilib. Beləliklə, illik müqayisədə azalma 2,2 mln. ton və ya 12% təşkil edib. Diqqəti çəkən məqam da odur ki, əksər yataqlarda istismar quyularının sayında da azalma baş verib. Belə ki, "Mərkəzi Azəri"də quyuların sayı 18-dən 16-ya, "Qərbi Azəri"də 20-dən 16-ya, "Şərqi Azəri"də 20-dən 15-ə azalıb və yalnız "Çıraq" və "Dərinsulu Günəşli"də quyuların sayı nisbətən artıb. Eyni zamanda nəzərə alınmalıdır ki, ən yüksək gündəlik hasilat "Azəri" yatağında qeydə alınıb və məhz burada ən ciddi azalma müşahidə olunur. Belə ki, "Mərkəzi Azəri"də gündəlik hasilat 216,1 min bareldən 161 minə, "Qərbi Azəri"də 218,6 mindən 186 minə azalıb, "Şərqi Azəri"də isə 131,9 mindən 144 min barelə artıb.

"APA-Ekonomist"in analitikləri hesab edirlər ki, yaranmış vəziyyətin, hasilatın həcminin və quyuların sayının azalmasının, hər ilin əvvəlində verilən proqnozların ilin sonunda yerinə yetirilməməsi və ümumi nəticədə ölkənin neft sahəsində geriləməyə gətirib çıxaran amil və səbəbləri BP şirkəti rəsmi şəkildə və açıq-aydın açıqlamalı və izah etməlidir. Hazırda isə "BP-Azerbaijan" şirkəti "Biz Azərbaycana tam sadiqik və "Azəri-Çıraq-Günəşli" hasilatı ilə bağlı məsələləri mümkün qədər tez bir zamanda həll etmək üçün Azərbaycan Dövlət Neft Şirkəti ilə işləyirik" kimi heç nəyi izah etməyən bir açıqlama ilə kifayətlənir.
 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs