Əlaqə Arxiv
news Image
2015.10.03
09:00
| A A A
Bələdiyyə məktəblərinin yaradılması ləngiyir
Vüqar Bayramov: “Bələdiyyənin maliyyə imkanı yaxşı olarsa, bu qurumlar təhsil və digər sosial layihələri rahatca həyata keçirə bilər” İlqar Hüseynli: “Ölkəmizdə bələdiyyə məktəblərinin yaradılmaması bir çox səbəblərlə bağlıdır”

Azərbaycanın mövcud qanunvericiliyi bələdiyyələrə məktəbəqədər təhsil müəssisəsi, orta və ali məktəb yaratmaq hüququ versə də, onlar indiyədək bu imkandan istifadə etməyiblər "Ümumtəhsil məktəbinin nümunəvi nizamnaməsinə" uyğun olaraq dövlət, özəl ümumtəhsil müəssisələrilə yanaşı, bələdiyyə məktəbləri də yaradıla bilər. Bələdiyyə məktəbinin yaradılması üçün bələdiyyələr Təhsil Nazirliyinə müraciət etməlidir. Lakin görünən mənzərə ondan ibarətdir ki, Azərbaycan bələdiyyələri hələ də buna getmirlər.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun fikrincə, maliyyə və səlahiyyət azlığı bələdiyyələrə bələdiyyə məktəbləri yaratmağa imkan vermir: "Əksər ölkələrdə ən çox müraciət edilən məktəblərdən biri də məhz bələdiyyə məktəbləridir. Bələdiyyə məktəblərində kifayət qədər aşağı ödənişlə şagirdlərin cəlb edilməsi həyata keçirilir, onlar bu yolla bələdiyyə məktəbində oxumaq imkanı qazanır.

Xaricdə bələdiyyə məktəbləri çalışır ki, daha yüksək standartlar, daha keyfiyyətli təhsil tətbiq etsin. Eyni zamanda, inkişaf etmiş ölkələrdə bələdiyyə məktəbində oxuyan, bu ərazidə yaşayan vətəndaşların övladları pulsuz olaraq təhsil almaq imkanına malik olurlar. Təəssüf ki, Azərbaycanda bələdiyyələrin maliyyə vəziyyəti bələdiyyə məktəblərinin yaradılmasının reallaşmasına imkan vermir. Ölkəmizdə də bələdiyyə məktəblərinin yaradılması olduqca vacibdir. Bələdiyyə məktəbi eyni zamanda, bələdiyyənin maliyyə imkanı ilə bağlıdır. Bələdiyyənin maliyyə imkanı yaxşı olarsa, bu qurumlar təhsil və digər sosial layihələri rahatca həyata keçirə bilər. Bu baxımdan Azərbaycanda bələdiyyə məktəblərinin formalaşması üçün öncə bələdiyyələrin statusu gücləndirilməlidir. Həmçinin, maliyyə imkanlarının genişləndirilməsi də olduqca vacibdir.

Yaxın gələcəkdə bələdiyyələrin statusunun güclənməsi və maliyyə imkanlarının genişlənməsi imkan verə bilər ki, bələdiyyə məktəbləri də formalaşsın. Lakin indiki halda mövcud maliyyə durumu və onların statusu daxilində belə məktəblərin yaradılması real görsənmir. Yaradılan bələdiyyə məktəbində təhsil pulsuz da ola bilər, pullu da. Belə məktəblərin istifadəyə verilməsində hər şey sıfırdan başlanacaqsa, bu işə kifayət qədər yüksək vəsait tələb olunacaq. Bələdiyyə torpağında məktəbin inşaası, təmiri, avadanlıq, mebellə təmini, müəllimlərin ştat cədvəlinin formalaşması yerlərdən asılı olaraq hətta kəndlərdə belə bir neçə milyon manat vəsait tələb edir. O baxımdan bələdiyyə məktəbinin formalaşması heç də aztutumlu maliyyə tələb etmir. Bu mənada indiki məqamda hazırkı büdcə fonunda bələdiyyələrin belə məktəblər yaratması təbii ki, real görünmür".

Bələdiyyələr üzrə ekspert İlqar Hüseynli düşünür ki, bələdiyyə məktəblərinin yaradılmasına əngəl olan amil əhali arasında bu qurumlara tam etibar göstərilməməsidir: "Bir neçə il öncə bələdiyyə məktəblərinin yaradılmasının vacibliyi ilə bağlı təkliflərimiz olmuşdu. Hətta o zaman bələdiyyə universitetlərinin yaradılması ilə bağlı da təkliflə çıxış etdik. Bu universitetlər mütləq deyil ki, ayrıca bir universitet şəklində fəaliyyət göstərsin, sadəcə olaraq, müəyyən strukturun tərkibində də onu qurmaq mümkün idi.

Ölkəmizdə bələdiyyə məktəblərinin yaradılmaması bir çox səbəblərlə bağlıdır. Azərbaycanda bələdiyyələrə insanlar arasında inam azalıb. Bu inamın az olması fonunda hətta bələdiyyə məktəbləri yaradılsa da belə, valideynlər ora öz uşaqlarını qoymaqda maraqlı olmayacaq. Digər tərəfdən, bələdiyyə məktəblərinin qurulması ciddi maliyyə də tələb edir. Deməli, bələdiyyənin yetərincə maliyyə imkanı da olmalıdır ki, bələdiyyə məktəbini tikib işə sala bilsin. Bir halda ki, öz fəaliyyətlərini qurmaq üçün bələdiyyələr yetərli ofis imkanlarına malik deyillərsə, onların bələdiyyə məktəbi yaradıb inkişaf etdirəcəyindən danışmağa belə dəyməz. Bələdiyyənin maliyyə, infrastruktur, texniki imkanlarının aşağı səviyyədə olması və bu institutlara olan maraq və etibarın az olması indiki şəraitdə bələdiyyə məktəbləri yaratmağa imkan vermir".



Sizin Reklam Yeriniz