Əlaqə Arxiv
news Image
2015.10.05
11:56
| A A A
ƏƏSMN əlilliyi olan şəxsləri 28662 reabilitasiya vasitəsi ilə təmin edib

Cari ilin 9 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) əlilliyi olan şəxsləri 28662 ədəd reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin edib.


Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ölkədə əlilliyi olan şəxslərin sosial müdafiəsinin güclənməsi onların reabilitasiya vasitəsi və protez-ortopedik məmulatlarla təminatında da mühüm addımların atılması ilə müşahidə olunur.


Belə ki, cari ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar ümumilikdə 28662 ədəd reabilitasiya vasitəsi və protez-ortopedik məmulatla təmin edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 58,8 faiz çoxdur.


O cümlədən, həmin şəxslərə verilən əlil arabalarının sayı 2,2 dəfə artaraq 1259 ədəd, yardımçı məmulatların sayı 61,2 faiz artaraq 21370 ədəd, aşağı ətraf protezlərinin sayı 26 faiz artaraq 845 ədəd, yuxarı ətraf protezlərinin sayı 30 faiz artaraq 133 ədəd təşkil edib.


Bu təbəqədən olan insanlar üçün ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 dəfədən çox, yəni 2497 cüt ortopedik ayaqqabı hazırlanaraq verilib.


Hesabat dövründə əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlar həmçinin 827 ədəd aşağı ətraf ortez-tutoru, 284 ədəd ortez-korset və s. məmulatlarla da təmin edilib, onlara məxsus 582 ədəd reabilitasiya vasitəsi və protez-ortopedik məmulat təmir olunaraq yenidən onların istifadəsinə verilib.


Cari ilin 9 ayında Mərkəzin və onun Gəncə şəhərindəki filialının mürəkkəb protezləşdirmə stasionarlarında 373 nəfər müvafiq şəxsə reabilitasiya yönümlü xidmətlər göstərilib.

Sizin Reklam Yeriniz