Əlaqə Arxiv
news Image
2015.10.07
10:30
| A A A
Suriyalı qaçqınlar Azərbaycana da gələ bilər
Elxan Şahinoğlu: “Vətəndaş müharibəsinin yeni fazaya daxil olması ilə bu ölkədən qaçqınların sayı arta və onlar başqa istiqamətlərə yönələ bilərlər” Elşən Manafov: “Suriyalı qaçqınların Azərbaycana gəlməsi üçün ən azından Türkiyə və İrandan keçmələri lazımdır”

Suriyada Rusiya ilə Qərbin, onun yanında yer alan Türkiyənin ziddiyyətləri dərinləşir. Hər iki tərəfin öz niyyətlərində qəti olduqlarını büruzə verməyə çalışması ondan xəbər verir ki, Moskvanın ora daxil olması ilə bölgədə vəziyyət daha da kəskinləşəcək. Bu da yeni-yeni qaçqın ordusunun yaranması deməkdir.

Hazırda Türkiyədə təxminən 2 milyon suriyalı qaçqın yerləşdirilib. Eyni zamanda, İordaniya və Livana da milyonlarla suriyalı qaçıb. Son zamanlar isə həmin miqrantların bir hissəsi Avropaya üz tutub. Lakin belə görünür, Avropa onları artıq qəbul etməkdən boyun qaçırır. Belə ki, bir sıra Avropa dövlətləri iqtisadi çətinlikləri bəhanə gətirərək, həmin mühacirləri qəbul edə bilməyəcəklərini bəyan edirlər. Bu fonda görünür ki, müharibə dəhşətlərindən qaçan suriyalılar yenə də əsas sığınacaq olaraq Türkiyəni seçəcəklər. Onların bir hissəsinin Türkiyədən Azərbaycana gəlməsi də istisna deyil.

Politoloq Elxan Şahinoğlu suriyalı miqrantların bir hissəsinin Azərbaycana gələcəyini istisna edir: "Suriyada neçə illərdir, davam edən və bu günlərdə yenidən qızışan vətəndaş müharibəsi nəticəsində hələlik 8 milyona qədər insan ölkədən didərgin düşüb. Onlar da müxtəlif ölkələrdə sığınacaq tapmağa çalışır. 2 milyon miqrant Türkiyədə yerləşib. 1 milyon Livan və İordaniyadadır. İndi isə suriyalı qaçqınlar daha çox Avropa ölkələrinə üz tutur. Bunu da orada sosial vəziyyətin yaxşı olması ilə əlaqələndirirlər. Düşünürlər ki, Avropaya getməklə orada həm siyasi vətəndaşlıq ala bilər, həm də sosial cəhətdən təminatlı olarlar. Amma bunun da belə olacağını söyləmək çətindir. Bu da Avropada qaydaların sərt olması ilə bağlıdır. Halbuki, Türkiyə 2 milyon qaçqını qəbul etməklə bərabər hamısını da yerləşdirib. Vətəndaş müharibəsinin yeni fazaya daxil olması ilə bu ölkədən qaçqınların sayı arta və onlar başqa istiqamətlərə yönələ də bilərlər. Bununla belə düşünmürəm ki, Suriyalı qaçqınlar Azərbaycana doğru istiqamət götürsün. Azərbaycana gəlmək üçün Türkiyə və İran üzərindən keçməlidirlər. İran isə bildiyimiz kimi Bəşər Əsəd rejimini dəstəkləyir. Qaçqınların çoxu isə Əsədə müxalif olan insanlardan ibarətdir. Bu səbəbdən də qaçqınların Azərbaycana gəlib çatacaqlarını mümkün hesab etmirəm. Vaxtilə Əfqanıstandan da müəyyən qaçqınlar gəlib Azərbaycana sığınmışdı. Amma onların da sayı 100 nəfəri belə keçmirdi. Suriyada soykökümüz bir olan türkmanlar yaşayır. Onların bir hissəsini isə qəbul edə bilərik. Onların bir qismi Azərbaycanda sığınacaq almaq istəsə, bu müraciətlərə müsbət cavab vermək olar".

Politoloq Elşən Manafov isə bildirir: "Suriya böhranının perspektivdə coğrafi anlamda daha böyük ərazilərə yayıla biləcəyi ehtimalı da istisna deyil. Avropa bəyan etdi ki, Suriyadan 2 milyona qədər qaçqını qəbul etmək iqtidarındadır. Amma sonradan Avropa ölkələri bunun yarada biləcəyi problemləri nəzərə alaraq, öz vədlərindən geri çəkildilər.

ABŞ-da ilk əvvəl qaçqın suriyalılara 8 milyard dollar məbləğində yardım edəcəklərini bəyan etsə də, hələlik bu istiqamətdə real addım atılmayıb. Türkiyənin Suriya ilə sərhəd olduğunu və Rusiyanın İŞİD-lə mübarizə adı altında həmin sərhəd əraziləri də bombalamağa başlaması bu ölkədəki böhranı daha da ağırlaşdırıb. İndi əsas kontekstdə olan məsələ Suriya böhranının Türkiyə üçün doğura biləcəyi problemlərdir. Türkiyə gözəl başa düşür ki, Avropa Birliyi Suriya məsələsində götürdüyü öhdəliklərdən bilavasitə kənara çəkiləcəksə, bu böhran bütün ağırlığı ilə Türkiyə dövlətinin üzərinə düşə bilər. Ona görə də Türkiyə Avropaya Rusiya ilə danışıqlara getməyin vacib olduğunu bəyan edib. Eyni zamanda, Moskvadan xahiş edir ki, Türkiyə ərazisindən Suriyadakı qüvvələrə hava zərbələri endirməsinin qarşısını alsın.

Azərbaycan Suriya ilə birbaşa həmsərhəd ölkə deyil. Suriyalı qaçqınların Azərbaycana gəlməsi üçün ən azından Türkiyə və İrandan keçmələri lazımdır. Yəni, onların Azərbaycana gəlməsi üçün ilk kontekstdə həmin ölkələrdən keçməsi məsələsi gündəmə gələcək.

Azərbaycan dövləti suriyalı qaçqınların bir hissəsini öz ərazisində yerləşdirməsi məsələsi humanizm və xoşməramlı mövqe baxımından anlaşılan olsa da, ölkəmiz hazırda 25 ildir ki, 1 milyondan çox qaçqın ordusuna malikdir. Ancaq İslam həmrəyliyi kontekstindən və Türkiyənin üzərinə düşən ağırlığın müəyyən hissəsini öz üzərimizə götürmək kontekstindən çıxış edərək onların müəyyən qismini ərazimizdə yerləşdirə bilərik".



Sizin Reklam Yeriniz