Əlaqə Arxiv
news Image
2015.10.07
11:00
| A A A
Sosial şəbəkələrdə ölüm testləri ilə yaranan təhlükə
Dəyanət Rzayev: “Həssas, inanclı insanlar var ki, testlərin nəticələri onlara təsir edə bilər” Elnur Rüstəmov: “Bu testdən istifadə edəndən sonra hətta insanın şok keçirmə ehtimalı var”

"Sizi bu dünyada ən çox sevən insan kimdir?", "Hansı ölkədə doğulmalıydınız", "Neçə gizli fanatınız var?", "Əslində kimsən?", "50 il sonra necə görünəcəksən?". Bunlar son zamanlar sosial şəbəkələrdə yayılmış testlərin adlarındandır. İlk baxışda zərərsiz görünən testlər əyləncə təsiri bağışlasa da, burada bəzi incə detallar da var.

Ekspertlər bu cür testlər internet istifadəçiləri üçün ciddi təhlükə mənbəyi ola biləcəyini deyirlər. Xüsusi ilə də şəxsi məlumatların oğurlanmasına hesablandığını bildirirlər. Bu testlərdən xüsusi diqqəti çəkən isə "Neçənci ildə öləcəksiniz?" başlıqlı testdir. Mütəxəssislər bu testin cəmiyyət üçün bir başqa təhlükə yarada biləcəyini deyirlər.

Psixoloq Dəyanət Rzayev bildirdi ki, insanları həmişə ölümdən sonra nə olacağı maraqlandırıb: "Amma biz bunu bilmirik. Ölümdən sonra həyatın olub-olmamasını insan bilmir. Düzdür, dini kitablarda ölümdən sonra həyatın olması göstərilir. Amma həqiqətən olmasını heç kəs deyə bilməz. Bu, sadəcə, inanc məsələsidir. Ancaq ölüm bir fakt kimi var. İndiyə qədər əbədi insan olmayıb. Ona görə də ölüm haqqında olan sual bütün insanlar üçün ən maraqlı sualdır. Odur ki, insanları sosial şəbəkələrdə bu cür testlər maraqlandırır. Ancaq bəllidir ki, insanların böyük əksəriyyəti həmin testlərə inanmır. Yəni, testlərin kütləvi şəkildə insanlara mənfi təsir edəcəyini düşünmürəm. Amma həssas, inanclı insanlar da var ki, testlərin nəticələri onlara təsir edə bilər. Yəni, bu testlər kimlərdəsə müəyyən qədər həyacan yarada bilər. Ancaq ətraf mühit həmin həyacanı boğur. Çünki, testin nəticələri ətraf üçün gülməli görünəcək".

Psixoloq sosial şəbəkə istifadəçilərinə belə testlərə vaxt ayırmamağı məsələhət görür: "Çünki, testin inanılası əsası yoxdur. Yalnız inanmayanlar belə testlərə maraq üçün onlardan istifadə edə bilər. Həssas insanlara isə məsləhət deyil. Sosial şəbəkələr böyük biznesdir. Kimsə öz məhsulunu reklam etdirmək istəyir. Ona görə də bu cür sosial testlərdən istifadə edir".

Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri Elnur Rüstəmov da bu cür testlərin insanlara çox pis təsir göstərdiyini deyir: "Tək insanın özünə yox, onun inanc hissinə də mənfi təsir edir. Yəni, testlər dini inanclara olan müdaxilədir. Digər tərəfdən də insanı proqramlamaqdır. İstifadəçilər diqqətli olmalıdırlar, testlərə fikir verməməlidirlər. Çünki, sosial şəbəkəni yaradan şəxs var. Onlar reklam, maraq yaratmaq üçün bu cür testlərdən yararlanırlar. Ancaq onların meyarı, statistikası, üsulu bilinmir. Bu, dolayısı ilə insanı proqramlamaq, ölümə hazırlamaqdır. Maraq üçün insan bu cür testlərdən istifadə etməməlidir.

Testlərin sayı artdıqca insan nəticədə sanki robota çevriləcək. Bütün bunlar da insanın psixoloji durumuna çox mənfi təsir göstərir. Ona görə insanları bu cür məsələlərdə aktiv olmamağa çağırıram. Maraqlısı budur ki, ziyalı insanlar da bu testlərdən istifadə edirlər. Amma aydındır ki, onlar bunu maraq üçün edirlər. Bir insan istifadə edirsə, bu kütləviləşir və nəticədə digərlərində də maraq yaranır. Unutmayaq ki, sosial şəbəkələrin məqsədi insanları yönəltmək, onların həyatına müdaxilə etməkdir".

Ekspertin sözünə görə, bu testdən istifadə edəndən sonra hətta insanın şok keçirmə ehtimalı var: "Ətrafla münasibətdə fərqli yanaşa bilər. Halbuki, orada testin aparılma mexanizmi göstərilmir. Düzdür, psixologiyada stres testləri var. Bunu da araşdırırlar, sınaqdan keçirirlər. Ondan sonra testi tərtib edirlər. Amma adi bir testin yaradılması, xüsusi ilə insan necə və nə vaxt öləcəyini deyən test isə mümkün deyil. Bunu müəyyən etmək müşküldür".





Sizin Reklam Yeriniz