Əlaqə Arxiv
news Image
2015.10.07
13:14
| A A A
Uşaqlar bağçaya neçə yaşından verilməlidir?
Psixoloq: "Bağçanın özünün adaptasiya proqramı işlənilib hazırlanmalıdır

"Uşaqların 3 yaşdan bağçaya verilməsi daha məqsədəuyğundur". Bunu "Report"a açıqlamasında psixoloq, Uşaq və Gənclərin Sosial Reabilitasiya Mərkəzinin psixoloqu Asəf Kərimov deyib.

O, aparılan tədqiqatların ailədə böyüyən, valideynlərlə və yaxın qohumlarla emosional bağlılığı möhkəm olan uşaqların bilikləri daha yaxşı mənimsədiyini və həyatda daha böyük uğurlar qazandıqlarını sübut etdiyini bildirib. Psixoloqun sözlərinə görə, doğmalarla sıx əlaqə, xüsusilə, 1-3 yaş arasında daha önəmlidir: "Bütün bunlar nəzərə alınaraq uşaqların 3 yaşdan bağçaya verilməsi daha məqsədəuyğundur. Lakin bu məsələ yenə də valideynlərin və onların üz tutduqları bağçanın imkanları və orada fəaliyyət göstərən mütəxəssislərlə bağlı olan məsələdir. 3 yaşa qədər uşaqlar bağçaya verilərsə də, heç olmasa az bir müddət - günün müəyyən hissəsi qoyularsa, daha doğru olar".

A.Kərimov onu da əlavə edib ki, sovet dövründə 6-9 aydan başlayaraq uşaqların yaşlı qrupuna verilməsi təcrübəsi olmuşdur və həm qərbdə, həm Rusiyada, həm də son dövrlərə qədər Azərbaycanda da bəzi müəsissələrdə mövcud olmuş körpələr üçün nəzərdə tutulmuş qrupların ləğv edilməsi məsələsi indinin özündə də müzakirə edilir.

Uşaqların bağçalara hansı formada alışdırılmasına gəlincə, psixoloq bildirib ki, ilk növbədə valideyn uşaqda bağça ilə bağlı anlayış yaratmalı, bağçanın ona maraqlı olacağına inandırmalıdır. Onun sözlərinə görə, bağçanın özünün adaptasiya proqramı işlənilib hazırlanmalı, uşaq bağçaya müəyyən qısa zamanlarda psixodiaqnostika üçün gətirilməli, valideynin iştirakı ilə psixoloji testlərdən və psixodiaqnostik oyunlardan keçməlidir: "Bu zaman həm uşağın fərdi xüsusiyyətləri və psixoloji yaşı müəyyən olunur, həm də maraqları müəyyən olunur ki, ilk məşğələlər də fərdi yanaşma üçün buna əsaslanaraq həyata keçirilməlidir. Valideynin müəyyən müddət ərzində bağçada olması təşkil edilməlidir və valideyndən ayrılma zaman-zaman həyata keçirilməli, uşağın bağçada qalma müddəti az saatlardan çoxa doğru həyata keçirilməlidir. Uşağın bağçaya getdiyi zaman anadan ayrılarkən stress keçirməsi normaldır və bu halı yaşamağı bacarmalıdır. Bağçada işləyən mütəxəssislər isə bacardıqca bu stresli vəziyyəti tez aradan qaldırmaq üçün məşğələlər yerinə yetirməlidirlər. Adətən valideynlərlə bağlılığı daha çox olan uşaqlar bu ayrılıq dövrünü çətin keçirirlər. Uşağın ev mühitində daha çox oynadığı oyuncağını, onun bağlandığı əşyanı özü ilə götürməsinə şərait yaradılmalıdır. Parlaq, onun üçün maraqlı ola biləcək oyuncaqlar öncədən təqdim olunmalıdır".

Sizin Reklam Yeriniz