Əlaqə Arxiv
news Image
2015.10.08
11:20
| A A A
Bəzi soyuducu anbarlara qoyulan məhsullar azalıb
Çingiz Fərəcov: «Soyuducu anbarların boş qalması ilə bağlı yaranmış vəziyyət ancaq və ancaq bəzi yerlərdə cari ildə az məhsul istehsal edilməsilə bağlıdır»

Azərbaycanda son illər çoxsaylı soyuducu anbarlar tikilib istifadəyə verilib. Ölkənin demək olar ki, hər bir yerində bu tip anbarlar fəaliyyət göstərir. Fermerlər yığdıqları məhsulun xarab olmaması üçün müəyyən məbləğ müqabilində onu soyuducu anbarlarda saxlayırlar. Bununla da istehsal edilən məhsulların tez bir zamanda xarab olunmasının qarşısı alınır. Amma məsələ ondadır ki, son zamanlar bölgələrdə soyuducu anbarlarda məhsullarını saxlamaq istəyən fermerlərin sayı azalır. Görəsən, belə bir vəziyyətin yaranması nədən qaynaqlanır?

Əməkdar kənd təsərrüfatı işçisi Çingiz Fərəcovun fikrincə, soyuducu anbarlarda məhsulu saxlamaq istəyən fermerlərin sayının azalması bəzi rayonlarda bir sıra məhsullar üzrə istehsalın az olması ilə bağlıdır. Məhz az məhsul istehsal edilməsinin nəticəsidir ki, bəzi yerlərdə soyuducu anbarlar boş qalıb: "Dövlətimizin qayğısı sayəsində son illər soyuducu anbarların tikintisi getdikcə genş vüsət almağa başlayıb. Fərəhləndirici haldır ki, bütün iqtisadi rayonların hər birində ən azı 2-3 ədəd soyuducu anbar var. Bu addımın müsbət tərəfləri vardır. Sahibkarlar da istehsal etdiyi məhsulu xarab olmasın deyə həmin anbarlarda yerləşdirir.

Soyuducu anbarlarda yerləşdirilən məhsula görə sahibkar ayda hər kiloqrama görə 3-4 qəpik pul ödəyir. Maraqlıdır ki, bir sıra zonalarda, xüsusən Qarabağ, eyni zamanda Quba-Xaçmaz zonasında tikilən anbarlar fermerlərin məhsulu ilə dolu olur. Yəni, bu ərazilərdə boş anbar tapmaq mümkün deyil. Həmin zonalardakı anbarlarda əsasən də kartof, soğan və meyvələrdən alma yerləşdirilir. Kartofu, soğanı 3-4 ay saxlamaq mümkün olduğu halda, pomidoru uzun müddət saxlamaq qeyri-mümkündür. Bu məhsul tez xarab olaraq sıradan çıxır. Bir müddətdən sonra oradakı soyuducu anbarlara kələm məhsulu da qoyulacaq. Anbarlarda mövcud olan sabit temperatur vasitəsilə həmin məhsulların çürüməsinin qarşısı alınır. Lakin son zamanlar bir sıra bölgələrdə, xüsusən də tərəvəzçiliklə məşğul olan cənub və Xaçmaz zonasında məhsul bolluğunu müşahidə edə bilmədik. Əksinə, bir çox zonalarda az miqdar tərəvəz yetişdirilib. Belədə tərəvəzin bir kq orta hesabla 80 qəpikdən aşağı düşmədi. Bu il meyvə də az oldu. Ona görə də sadaladığım zonalardakı soyuducu anbarlara əvvəlki illərlə müqayisədə az miqdarda məhsul qoyulub.

Məhz meyvə və tərəvəz məhsullarının bu il az istehsal edilməsi səbəbindən soyuducu anbarların bir hissəsi boş qalıb. Amma digər zonalarda bu hal müşahidə edilmir. Balakən zonasında əvvəlki ilə nisbətən azalsa da, xeyli miqdarda xurma yetişdirilib. Ancaq buna baxmayaraq, həmin məhsul hesabına anbarları doldurmaq mümkün olacaq. Anbarlarda məhsulun bir kq-nın saxlanılması 3-4 qəpiq olduğundan bir ay ərzində 1 ton məhsulun saxlanılması 30-40 manata başa gəlir. Lakin bəzi yerlərdə anbarların boş qalması heç də məbləğlə bağlı deyil. Bu, ancaq bəzi ərazilərdə az məhsul yetişməsi səbəbindən anbarlara lazını qədər məhsulun gəlməməsilə bağlıdır. Nəticədə də soyuducu anbarların bir hissəsi boş qalır.

Lakin cari ildə Xaçmaz və Qusarda bol kələm məhsulunun yetişdiriləcəyi gözlənilir. Bu məhsulları yetişdirən fermerlər qonşu rayonlardakı soyuducu anbarlardan istifadə edib, yetişdirdikləri kələm məhsulunu həmin boş qalan anbarlarda xeyli müddət saxlaya bilərlər. Yəni, soyuducu anbarların boş qalması ilə bağlı yaranmış vəziyyət ancaq və ancaq bəzi yerlərdə cari ildə az məhsul istehsal edilməsilə bağlıdır. Burada başqa problemlər axtarmağa dəyməz".



Sizin Reklam Yeriniz