Əlaqə Arxiv
news Image
2015.10.09
00:19
| A A A
BMT-70 il: " 23 il ərzində Azərbaycan və BMT bir yerdə addımlayıblar"

   Birləşmiş Millətlər Təşkilatının indiki formada yaradılması ideyası İkinci Dünya Müharibəsi dövrünə təsadüf edir. İkinci Dünya Müharibəsi başa çatmaq üzrə olanda, 1945-ci ilin iyunun 26-da San-Fransiskoda 50 ölkə Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsini imzaladı. Həmin ilin oktyabrın 24-də bu Nizamnamə 51 ölkə tərəfindən ratifikasiya edildi və məhz bu gün BMT-nin yaranma günü kimi tarixə düşdü. 

     BMT-nin məqsədləri sırasında bеynəlхаlq sülhün və təhlükəsizliyin qоrunub sахlаnmаsı, dayanıqlı inkişafa nail olunması, ölkələr arаsındа dоstluq münаsibətlərin inkişаf еtdirilməsi, humаnitаr, mədəni, sоsiаl, iqtisаdi хаrаktеrli prоblеmlərin həllində bеynəlхаlq əməkdаşlığın həyаtа kеçirilməsi,  аzаdlıq, insаn hüquqlаrının qorunması və s. daxildir. BMT Nizamnaməsinin kökündə isə cəmiyyətin hər bir üzvünün bərabərliyi, insan ləyaqəti, azadlıq və ədalət prinsipi durur.  

     Birləşmiş Millətlər Təşkilatı 1992-ci ilin martın 2-də Azərbaycanı öz sıralarına qəbul etdi. Bununla da Azərbaycan və BMT uzun bir yola başladılar.

       Bu yolda tərəflərin ilk müzakirəyə çıxardığı məsələ Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi oldu.     2008-ci ilin martın 14-də BMT Baş Assambleyası Azərbaycanın işğal edilmiş ərazilərindəki vəziyyətə dair qətnamə qəbul edib. Sənəddə xüsusi qeyd olunur ki, heç bir dövlət Azərbaycan ərazilərinin işğalı nəticəsində yaranan vəziyyəti qanuni kimi qəbul etməməli və ya onun qanuniləşdirilməsi üçün addımlar atmamalıdır. Bu sənədlə BMT Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə bir daha öz dəstəyini ifadə etmiş olmuşdur.     1998-ci ildə Azərbaycan hökuməti BMT-nin İnkişaf Proqramına xüsusilə insan həyatı üçün təhlükəli ərazilərdə humanitar minatəmizləmə fəaliyyətini həyata keçirmək səlahiyyəti alacaq bir qeyri-hərbi agentlik- Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) yaradılmasına yardım etmək üçün müraciət etdi. Beləliklə, BMT-nin müstəsna rolu ilə bu qurum yaradıldı və illər sonra ANAMA kiçik bir təşkilatdan tam təminatlı mina təmizləmə, risklər üzrə təlimatlandıran və qurbanlara yardım göstərən bir təşkilata çevrildi.

  Azərbaycan BMT-yə üzv olan əksər digər ölkələrlə birlikdə 2000-ci il sentyabr ayının 6-dan 8-dək Nyu-Yorkda keçirilən "Minilliyin Sammiti"ndə səkkiz qlobal Minilliyin İnkişaf Məqsədlərinin təsbit olunduğu Minilliyin Bəyannaməsini imzaladı. Məqsəd 2015-ci ilədək insanların yaşayışında əhəmiyyətli müsbət dəyişikliklər yaratmaq idi. Məqsədlər yoxsulluq, təhsil, gender, ana və uşaq sağlamlığı, yoluxucu xəstəliklərlə mübarizə, ətraf mühitin dayanaqlılığının təminatı və bu məqsədlərə nail olmaq üçün qlobal tərəfdaşlıq kimi sahələri əhatə edirdi.

       Azərbaycan xüsusi olaraq əlavə 9-cu məqsədi – səmərəli idarəçiliyin yaradılması və gücləndirilməsini məqsəd kimi qəbul etmişdi. Səmərəli İdarəçilik sahəsində BMT yüksək ixtisaslı dövlət qulluqçuları heyəti ilə təmin edilmiş və müvafiq qanunlarla idarə olunan güclü, şəffaf və məsuliyyətli ictimai institutların inkişaf etdirilməsində Azərbaycanı dəstəkləyir. Birləşmiş Millətlər Təşkilatı həmçinin gənclərin də daxil olduğu vətəndaş cəmiyyətinin qanunverilicikdə və inzibatçılıqda iştirakının gücləndirilməsində maraqlıdır.      2000-ci ilin əvvəllərində Ombudsman Aparatının, 2005-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Komissiyasının, Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin və digər bu kimi qurumların yaradılması ilə idarəçiliyin bir çox sahələrində irəliləyişə nail olundu.

 Azərbaycan hökuməti informasiya texnologiyaları, E-idarəçilik və E-xidmətlərin inkişaf etdirilməsinə xüsusi diqqət yetirir. Hazırda Azərbaycanın dövlət qurumlarının internet səhifələrində müxtəlif formalarda mövcud olan onlayn ictimai xidmətlər təklif edilir. Dövlət sektorunda səmərəliliyi və şəffaflığı artırmaq üçün İKT vasitələrindən geniş istifadəyə imkan yaradılmış və İKT-nin tətbiqi idarəçiliyi hökumətin əsas prinsiplərindən biri kimi qeyd olunur.       Hökumətin apardığı səmərəli idarəçilik siyasəti insanların rahatlığı və asan yolla dövlət xidmətlərinə çıxışın əldə olunmasına xidmət edir.  13 iyul 2012-ci il tarixində Prezident İlham Əliyev Azərbaycan Prezidenti Yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin -  ASAN xidmətinin yaradılması haqqında fərman imzaladı. Ölkənin müxtəlif regionlarına da yayılan bu model Azərbaycanın regional və qlobal səviyyədə səmərəli idarəçilik təcrübəsini nümayiş etdirdi. ASAN xidmət mərkəzləri vətəndaşlara dövlət tərəfindən təmin olunan yeni yüksək keyfiyyətdə dövlət xidmətləri göstərir, habelə xidmətlərin vahid şəbəkəsini və səmərəliliyini təmin edir.       BMT-nin Azərbaycanda fəaliyyətinin əsasında ölkədə dayanıqlı inkişaf yolunu getmək təcrübəsi və bacarıqlarını formalaşdırmaq durur. Çox qısa zamanda Azərbaycan beynəlxalq dəstəyə ehtiyacı olan ölkədən ən dinamik inkişaf edən, iri karbohidrohen hasilatçısı və ixracatçısı olan bir dövlətə çevrildi. Azərbaycan İnsan İnkişafı baxımından surətlə irəliləyərək qısa bir zamanda dünyanın aparıcı dövlətlər qrupuna daxil olub.

       İqtisadi baxımdan Azərbaycanın gələcəyi qeyri-neft sektorunun inkişafında görülür. Ölkə Prezidenti cənab İlham Əliyevin bəyanatlarından onun qeyri-neft sektorunun inkişafına böyük önəm verdiyi hiss olunur.

 Dövlətin qeyri-neft sahəsində xüsusi önəm verdiyi istiqamətlərdən biri də aqrar sektordur. Bu baxımdan təsadüfi deyil ki, 2015-ci il Azərbaycanda kənd təsərrüfatı ili elan edilib. BMT son illər bu sahədə Azərbaycanla sıx əməkdaşlıq edir. Bu istiqamətdə aktiv işləyən şəxslərdən biri də Heydər Əliyev fondunun vitse-prezident Leyla xanım Əliyevadır. Bu baxımdan təəccüblü deyil ki, Leyla Əliyeva BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının xoşməramlı səfiri adına layiq görülüb.

 Azərbaycanın BMT ilə ekologiya sahəsində əməkdaşlığı ətraf mühitin dayanıqlılığının təmin edilməsinə yönəlib. Məqsəd Yer kürəsində gedən qlobal iqlim dəyişikliklərinə uyğunlaşmaqda hökumətlə tərəfdaşlıq etməkdir. Bu "Azərbaycan 2020 Gələcəyə baxış inkişaf konsepsiyası"na daxil edilib.BMT–nin bütün fəaliyyət və əməkdaşlıq strategiyasında gənclərlə iş prioritet yer tutur. Azərbaycanda Yeni Gənclər Strategiyasının formalaşdırılmasında BMT sistemi yaxından iştirak edib, qabaqcıl təcrübəni hökumətlə bölüşüb. Gənclərin qərarverilicikdə iştirakı BMT ailəsinin Azərbaycanda ən əsas məqsədlərindən biridir. BMT və Azərbaycan hökumətinin bu sahədə tərəfdaşlığı nəticəsində ilk dəfə olaraq Bakıda Beynəlxalq Təhlükəsizlik Şurasının BMT Modeli Konfransı keçirildi. 2014-cü ilin oktyabrın 28-30-da isə Bakıda hökumət və BMT-nin dəstəyi ilə 165 üzv dövlətdən olan 700 nümayəndənin iştirakı ilə Gənclər Siyasətinə dair Qlobal forum keçirildi. Toplantıda Post-2015 dövründə gənclərin inkişaf gündəliyi müzakirə edildi.

 

       2015-ci ilin sentyabrında dünya liderleri BMT-nin Qərargahında toplaşaraq BMT-nin 2016-2030-cu illəri əhatə edən Dayanıqlı İnkişaf Məqsədlərini qəbul etdilər. Bu məqsədlərin müəyyənləşdirilməsi üçün BMT son iki ildə insanların səsinin yeni İnkişaf Gündəliyində eşidilməsi üçün qlobal milli məsləhətləşmələr keçirmişdir. 2 il müddətində 88 ölkədə bununla bağlı müzakirələr aparılmışdı. "Görmək İstədiyimiz Gələcək" şüarı ilə keçirilən Post-2015 məsləhətləşmələrin baş tutduğu ölkələrdən biri də Azərbaycan idi. Cəmiyyətin hər bir sahəsi və hər bir üzvünün iştirakını təmin etməklə keçirilən bu milli məsləhətləşmələrdə ümumilikdə 4000 azərbaycanlı iştirak etdi. Sonda məsləhətləşmələr nəticəsində 5 element – insanlar, tərəqqi, sülh, tərəfdaşlıq və planet üzrə 17 məqsəd formalaşdırıldı.

      Göründüyü kimi, Azərbaycanın müəyyənləşdirdiyi "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasında qeyd olunan məqamlar BMT-nin müəyyənləşdirdiyi dayanıqlı inkişaf prioritetlərinə uyğundur.

  Bu 23 il ərzində Azərbaycan və BMT bir yerdə addımlayıblar. Bu yol gənc respublikanı cəmi 23 ildən sonra BMT-nin Təhlükəsizlik Şurasının sədrliyinə qədər apardı. Azərbaycan artıq Birləşmiş Millətlərin yardım etdiyi ölkədən özü yardım göstərən- donor ölkəyə çevrilib. Azərbaycan Heydər Əliyev fondunun qismində bir çox inkişaf etməkdə olan ölkələrdə müxtəlif humanitar layihələr həyata keçirir. Fondun fəaliyyəti BMT-nin təsbit etdiyi ümumbəşəri prinsiplərlə üst-üstə düşür. Bu baxımdan təəccüblü deyil ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva həm də UNESCO-nun xoşməramlı səfiridir. Mehriban xanımın və onun rəhbərlik etdiyi Fond təhsil, səhiyyə, mədəniyyət, idman, elm və texnologiya, ekologiya, sosial və digər sahələrdə müxtəlif layihələr həyata keçirərək yeni cəmiyyət quruculuğunda fəal iştirak edir, ölkənin sosial-iqtisadi inkişafına öz töhfəsini verir.

 

      Bu gün demək olar ki, Azərbaycan və BMT daha yaxşı dünya naminə gələcəyə birgə addımlayırlar. 70 illiyini qeyd edən BMT-nin əsas məqsədi təşkilatın yarandığı dövrdəki kimidir. Birləşmiş Millətlər Təşkilatı əvvəlki kimi daha yaxşı dünya naminə çalışır. Nə qədər mücərrəd olsa da bu bütün dünyada, o cümlədən Azərbaycanda insanları birləşdirən məqsəddir.


Müəllif: BMT-nin strateji əməkdaşlıq üzrə müşaviri Məzahir Əfəndiyev

Sizin Reklam Yeriniz