Əlaqə Arxiv
news Image
2015.10.13
10:30
| A A A
Yeni binalara görə "kupça"sız evlərin sayı artır
Samir Əliyev: “Bir sıra hallarda binanı tikən şirkət öz öhdəliyini sona qədər yerinə yetirmir” Ramil Osmanlı: “Kupça” problemi əmlak vergisi yığımında da problem yaradır”

Yeni binalarda mənzil alanların bir çoxunun "kupça" alması hələ də mümkünsüz hal kimi görünür. Digər tərəfdən, istifadəyə verilməkdə olan bir çox yeni binalarda da analoji vəziyyət hökm sürür. Problemlə bağlı zaman-zaman mənzil-tikinti kopperativləri (MTK) ilə sakinlər arasında gərginlik də yaşanıb. Amma problem hələ də həllini tapmır.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bildirir ki, qanunvericiliyə görə, bina tam tikildikdən sonra təhvil verilməlidir: "Təhvil verilmək o deməkdir ki, bina bütün standartlara, tələblərə cavab verir. Bundan sonra binadakı mənzillərə "kupça" verilə bilər. Amma bizdə proses başqa cür aparırlar. Binanın tikintisi tam başa çatmamış orada yaşayış başlayır. Bina tikilənə qədər insanlar orada yerləşirlər.

Bir sıra hallarda binanı tikən şirkət öz öhdəliyini sona qədər yerinə yetirmir. Binanı işıqla, su ilə təmin etsə də, əksər vaxtlarda qazla təmin edə bilmir. Çünki, binada tam yaşayış olmasa, qaz verilmir. Ancaq ötən həftə qanunverciliyə yeni bir düzəliş edildi. Həmin düzəlişə görə, hətta yarımçıq tikililər üçün də ipoteka proqramında iştirak etmək üçün şans yarandı. Bunun üçün müvafiq sənəd "ASAN Xidmət"dən alına biləcək. Bu, bir növ mülkiyyətin çıxarış hüququnun almaq üçün vacib şərtdir. Sadəcə, praktikada həllini gözləyək".

Samir Əliyev əlavə etdi ki, "kupça"nın olmaması binanı ipotek kreditləşməsindən kənarda saxlayır: "Həmçinin, sakin orada uzun müddət yaşasa da, evdə qeydiyyata düşmək imkanı olmur. Digər tərəfdən mənzildən girov qismində istifadə edə bilmir. Yaxud da gələcəkdə mənzili satmaq istəsə, bunu həyata keçirmək mümkün olmur. İnsanlar bununla da asılı vəziyyətdə qalırlar. Nəzərə alaq ki, xüsusi əmlak adlanan anlayış var. Yəni, insanın pulla aldığı bütün daşınan, daşınmaz əmlak onun xüsusi mülkiyyəti olur. Bu vəziyyətdə isə bina sakinlərin xüsusi əmlakı sayılmır. Ona görə də hansısa qəza baş verəcəyi təqdirdə, bina zədə alarsa, sakin öz hüquqlarını müdafiə edə bilməyəcək".

Əmlak Ekspert Mərkəzinin sədir Ramil Osmanlı bildirir ki, bəzən ilkin qeydiyyat sənədlərindəki problemlər sakinlərin "kupça" almasına maneçilik yaradır: "Bu problem də mənzil-tikinti kooperativlərinin fəaliyyəti ilə bağlıdır. Tikinti üçün əsas sənədlərdən biri tikinti icazəsi, digəri isə inşaat pasportudur. Bəzən şirkətlər inşaat pasportunu aldıqdan sonra işə başlayırlar. Müvafiq qurumlar isə tikinti prosesinin ortasında müdaxilə edirlər. Yaxud da Bakıda 12 mərtəbədən yüksək binanın tikintisinə iczə yoxdur. Bunun üçün xüsusi icazələr tələb olunur. Əksər MTK-lar isə həmin icazəni almır. Bu da sonda problem yaşadır.

Bundan başqa, bəzən elə MTK-ların özləri kupça verməkdə maraqlı deyillər. Çünki, qanunvericiliyə görə, binanın idarəetmə səlahiyyəti MTK-dan çıxır. Binanı mülkiyyətçilərin özləri idarə edirlər. "Kupça" problemi əmlak vergisi yığımında da problem yaradır. Eyni zamanda vətəndaşlar öz evlərini girov qoya bilmirlər".





Sizin Reklam Yeriniz