Əlaqə Arxiv
news Image
2015.10.15
10:00
| A A A
Artan sürüşmə təhdidi
Ənvər Əliyev: “Həddən artıq yüklənmə də sürüşmənin yaranmasına gətirib çıxaran əsas səbəblərindən sayıla bilər” Samir İsayev: “Sürüşmə hallarının intensivləşməsi əsasən torpağın deqradasiyaya uğraması ilə bağlıdır”

Son günlər Azərbaycanda yağışların intensivləşdiyi müşahidə olunur. Bu fonda bir sıra yerlərdə sürüşmə halları da baş verir. Azərbaycanda əsas sürüşmə zonalarından biri Bakının da daxil olduğu Abşeron zonasıdır. Artıq yağışların yağması ilə bu ərazinin bəzi yerlərində müəyyən dərəcədə sürüşmə halları baş verib. Məsələn, bir neçə gün əvvəlki güclü yağışdan sonra Bakı Beynəlxalq Avtovağzal Kompleksinin ərazisində baş vermiş sürüşmənin hələ də davam etməsi istisna edilmir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev də bildirir ki, avtovağzalın qarşısındakı sürüşmə sahəsi aktiv fazadadır. O bildirib ki, yağışlı hava şəraitinin davam edəcəyi təqdirdə yoldakı çatlar daha da genişlənəcək: "Bu, yol üçün təhlükə yaradır. Təhlükənin neçə faiz olduğunu dəqiq demək mümkün deyil. Bunun üçün orada tədqiqat işləri aparmaq, bilmək lazımdır ki, asfaltın altında hansı kütlə var". Amma təbii ki, təhlükə təkcə avtovağzalla məhdudlaşmır.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun əməkdaşı Ənvər Əliyev baş verən sürüşmə hadisələrində yağışların rolunun olduğunu desə də, burada başlıca yeri ərazilərin həddən artıq yüklənməsi və səriştəsiz fəaliyyətin oynadığını bildirdi: "Sürüşmənin baş verməsinə rəvac verən amillərdən biri təbii ki, yağan yağışlardır. Lakin sürüşməyə səbəb olan amil təkcə bu deyil. Suvarma sistemlərinin qeyri-qanuni olması, yaxud da onlardan qeyri-peşəkar istifadə halları da bir çox sürüşmələrin səbəblərindən biridir.

Abşeron ölkənin ən yüklənmiş ərazisidir. Təbii ki, həddən artıq yüklənmə də sürüşmənin yaranmasına gətirib çıxaran əsas səbəblərindən sayıla bilər. Ona qarşı mübarizədə yalnız səriştəli, elmi cəhətdən əsaslandırılmış tədbirlər görmək lazımdır. Bakıdan bir qədər aralı Yasamal dağlarının arasında da sürüşmələr baş verir. Yağışlar fonunda burada da sürüşmələr olmalı idi. Bir çox ölkələrdə hətta meşələr belə sürüşməyə məruz qalır. Amma ölkəmizdə bu yoxdursa, deməli, sürüşmənin yaranmasına təsir edən əsas amillər sırasında səriştəsizlik, tikinti işləri aparılarkən inşaat, ekoloji normalara əməl edilməməsi kimi hallar dayanır. Qarşıdakı aylarda yağışların artması, xüsusən də qarın yağması fonunda yeni sürüşmə halları ilə üzləşə bilərik. Bunun özü də tamamilə təbii haldır".

Ekoloq Samir İsayev da bildirdi ki, yağışlar da müəyyən qədər sürüşməyə gətirib çıxarır. Amma o da qeyd etdi ki, sürüşmə hallarının intensivləşməsi əsasən torpağın deqradasiyaya uğraması ilə bağlıdır: "Yağışların yağması sürüşmə hallarına artıq torpağın bütövlüyünün pozulması, antropogen təsirlər nəticəsində torpağın dağılması üçün imkanlar yaranan zaman təsir göstərir. Bu hallarda təbii ki, yağan yağışlar torpağın sürüşməsində əsas rol oynayır. Amma o da var ki, Azərbaycanda son illər baş verən səhralaşma, torpağın deqradadiyası kimi hallar da buraad öz rolunu oynayır. Onun önlənilməsi üçün kifayət qədər çoxsaylı işlərin görülməsinə baxmayaraq, bu amilin qarşısını hələlik ala bilmirik. Belə halların qarsını alınmadığından sürüşmə hallarının yaranmasına da əsasən məhz səhralaşma, torpağın deqradasiyası kimi amillər təsir edir. Odur ki, yağışların yağması fonunda sürüşmələrlə bağlı daha ciddi təhlükələrin ola biləcəyini də gözləyirik".



Sizin Reklam Yeriniz