Əlaqə Arxiv
news Image
2015.10.16
08:00
| A A A
Lisenziyaların icazələrlə əvəzlənməsi gözlənilir
Bir çox fəaliyyət növləri üzrə lisenziyalar ləğv ediləcək

Sahibkarlıq subyektlərinin sayının artırılması üçün diqqət mərkəzində olan məsələlərdən biri də lisenziyalarla bağlı yaranan problemin aradan qaldırılmasıdır. Bu istiqamətdə prosesin sadələşdirilməsi, optimal varinatın tətbiqi məqsədilə yaxın tezlikdə böyük dəyişikliklərə start verilməsi gözlənilir.

Xatırladaq ki, Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışı zamanı məsələyə Prezident İlham Əliyev tərəfindən kifayət qədər sərt reaksiya verilib: "Bizdə lisenziyaların sayı həddindən artıq çoxdur. Mənə verilən məlumata görə, lisenziyaların sayı getdikcə artır. Əksinə, azalmalıdır, amma bizdə artır. Nəyə görə? Çünki müvafiq qurumlar çalışırlar ki, lisenziyaların sayını artırsınlar. Lisenziya da nədir? Pul mənbəyidir. Qanunsuz varlanma metodudur. Nəyə lazımdır bu? Buna da çox ciddi baxmaq lazımdır. Hökumət təklif versin ki, hansı lisenziyalar verilir. O əsaslıdır, əsaslı deyil və o lisenziyaların sayı kəskin şəkildə azaldılmalıdır. Biz liberal iqtisadiyyat, bazar iqtisadiyyatı modelini seçmişik və bu yolla gedirik. Görün, nə qədər böyük uğurlar əldə etmişik. Əgər ölkə daxilində mane olanlar olmasaydı gör, biz daha nə qədər böyük uğurlar əldə edərdik. Əgər rüşvətxorluq, korrupsiya, yoxlamalar, lisenziyalar, haqqoyma olmasaydı, görün, büdcəmiz nə qədər arta bilərdi?! Buna nə qədər dözmək olar?! Artıq qurtardı, yəni, hövsələ tükənib. Hər kəs nəticə çıxarsın. Nəticə çıxarmasa, cəzalandırılacaq".

Beləliklə, lisenziyaların sayının azalması gözlənilir. Hökumət artıq lisenziyaların sayının azaldılması ilə bağlı təkliflər hazırlayacaq. Araşdırmalara görə, Azərbaycanda hazırda 300-dən artıq lisenziya növü var. Halbuki, əksər ölkələrdə bu say bir neçə dəfə aşağıdır. Xatırladaq ki, ölkəmizdə icazə tələb olunan fəaliyyət sahələrinə də lisenziya verilir. Buna görə də ekspertlər bəzi lisenziyaların icazə ilə əvəz olunmasını təklif edirlər. Problem təkcə lisenziyaların say çoxluğu ilə məhdudlaşmır. Ekspertlər bildirirlər ki, lisenziyanın verilməsi ilə bağlı Azərbaycanda ayrıca normativ də yoxdur. Lisenziyaların verilmə müddətinin qısa olması, eləcə də tələb olunan rüsumun çoxluğu da problemlər arasındadır. Ekspertlərin sözlərinə görə, bu iki məsələ əksər hallarda qanunsuz fəaliyyətə yol açır. Bu baxımdan lisenziyanın verilməsi və alınması zamanı sadələşdirmə vacib hesab edilir. Lisenziyaların alınması və verilməsi zamnaı bir pəncərə sisteminin və ya "online" rejiminin tətbiqi də problemlərin qarşısının alınmasında ən optimal variant kimi təklif olunur.

İqtisadçı-ekspert Vüqar Bayramov isə bildirir ki, lisenziyaların sayının azaldılması ilə yanaşı bəzi fəaliyyət növləri üzrə lisenziyalaşdırma prosesi həyata keçirilməlidir: "Azərbaycan lisenziyalarşdırma sisteminə yenidən baxılması, bəzi lisenziyaların ləğv edilməsinə ehtiyac var. Nəzərə alaq ki, bu gün çox müxtəlif sektorlarda səhiyyə, yeyinti sənayesində, o cümlədən digər sektorlarda lisenziyalar tətbiq edilir. Təklif ediirk ki, lisenziyaların azaldılması ilə yanaşı, eyni zamanda lombard fəaliyyəti Azərbaycanda lisenziyalaşdıırlsın". İqtisadçı lombardlar vasitəsilə aldadılan insanların sayında artım olduğunu və bu fəaliyyətin Azərbaycan Mərkəzi Bankı tərəfindən nəzarət olunmasının vacibliyini vurğulayıb: "Lombardlar vasitəsilə aldadılan vətəndaşların sayında artım müşahidə edilir. Buna görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən bu faəliyyətə nəzarətin gücləndirilməsinə ehtiyac var. Bu məqsədlə bu sahənin lisenziyalaşdırılmasını təklif edirik".

V. Bayramov yeyinti, səhiyyə sektorunda (aptek, baytarlıq apteklərinə verilən lisenziyalar) verilən lisenziyaların sayının da çox olduğunu və onların birləşdirilməsi və ləğvinin vacib olduğunu qeyd edib: "Sadə icazə sisteminin tətbiq edilməsi və uzunmüddətli dövr üçün icazələrin verilməsi biznesin inkişafını stimullaşdııracaq. Eyni zamanda bu imkan verəcək ki, orta sahibkarlar bürokratik əngəllər olmadan fəaliyyətlərini davam edə bilsinlər". Bütün bunlar isə nəticə etibarı ilə ölkə iqtisadiyyatını dinamik inkiaşfına xidmət edir.



Sizin Reklam Yeriniz