Əlaqə Arxiv
news Image
2015.10.16
12:10
| A A A
Səbaildə torpaqların zəbt olunması və qanunsuz tikintilərlə bağlı reydlərə başlanıb

Səbail Rayon İcra Hakimiyyəti (RİH) rayon ərazisində qeyri-qanuni torpaq zəbti və tikintilərlə bağlı reydlərə başlayıb.

Bu barədə movqe.az-a RİH Başçısı Aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri İsrafil Kərimov məlumat verib. Onun sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyevin tapşırıq və sərəncamlarına uyğun olaraq, ölkədə aparılan abadlıq-quruculuq işləri Bakı şəhərinin mərkəzi rayonu olan Səbaildə də öz əksini tapmaqdadır: "Bir qədər əvvəl müəyyən sosial problemlərin qalmaqda olduğu 20-ci yaşayış sahəsinin infrastrukturunun yenilənməsi və sosial inkişafına dair nəzərdə tutulan genişmiqyaslı işlər haqqında mətbuata məlumat verilmişdi. Dəfələrlə rayonun Badamdar qəsəbəsi və Şıx ərazisindəki "Dostluq parkı" yaxınlığında torpaq sahələrinin zəbt olunması, qeyri-qanuni tikintilərə yol verilməsi halları ilə bağlı narazılıqlar olub. Rayon sakinlərinin çoxsaylı müraciətləri əsasında bu ərazilərdə torpaq sahələrinin inventarizasiyası, burada bir qrup işbaz tərəfindən qeyri-qanuni zəbt olunmuş torpaq sahələrinin müəyyənləşdirilməsi və qanunsuz tikililərin aparılmasının qarşısının alınması ilə bağlı reydlərə başlanıb".

İ. Kərimovun bildirdiyinə görə, keçirilən reyd zamanı Badamdar qəsəbəsinin yeni yaşayış massivləri və ona bitişik olan "Dostluq parkı" ərazisində müxtəlif şəxslər tərəfindən zəbt olunaraq hasarlanmış və qeyri-qanuni fərdi yaşayış evlərinin tikintisi aparılan 40-dan çox fakt aşkarlanaraq burada tikinti işləri dayandırılıb, boş sahələrin hasarları sökülərək ərazi təmizlənib. Reydin nəticələri ilə bağlı sənədlərin toplanmasına başlanılıb. Qanunsuzluqlara yol verən şəxslər barədə materiallar yaxın vaxtlarda rayonun hüquq-mühafizə orqanlarına göndəriləcək: "Eyni zamanda qəsəbədə vətəndaşlar tərəfindən müvafiq mülkiyyət və tikinti aparılmasına icazə verən layihə sənədləri əsasında fərdi yaşayış evlərinin inşası davam etdirilir və onlara heç bir maneə törədilmir. Səbail rayonunda qanunsuz olaraq torpaq sahələrini zəbt edən, qeyri-qanuni tikinti işlərinə cəhd edən işbazların müəyyənləşməsi və onların qanuna zidd əməllərin qarşısının alınması ilə bağlı reydlər gələcəkdə də davam etdiriləcək və ərazilərə nəzarət gücləndiriləcək".


Sizin Reklam Yeriniz