Əlaqə Arxiv
news Image
2015.10.20
12:20
| A A A
Dönərdən infeksion xəstəlik keçə bilər
İmran Abdullayev: "Standartın tələblərinə əsasən dönər satışında gigiyenik tələblərə də ciddi riayət edilməlidir" Eyyub Hüseynov: "Çiy ətin suyundan bişmiş və dönər hazırlamaq üçün istifadə ediləcək ətə brüselyoz xəstəliyi belə keçə bilər"

Dönərin hazırlanması ilə bağlı standart müəyyənləşsə də, hələ də satışda standarta uyğun hazırlanmayan dönərlərin satışı davam edir. Bunu demək olar ki, hər tinbaşı fəaliyyət göstərən dönərxanaların satdıqları dönərin keyfiyyətində, çəkisində, hazırlanmasında və satışında olan nöqsanlar da təsdiqləyir. Əslində dönərin bişirilməsi, satışı zamanı standartın tələblərinə görə, ona vurulan duzdan tutumuş çəkisinə qədər müəyyən tələblər olsa da, buna əməl edən çox az sayda dönərxana tapmaq olar.  Respublika Gigiyena Epidemiologiya Mərkəzinin Qidalanma bölməsinin rəhbəri İmran Abdullayev deyir ki, standartın tələblərinə əsasən dönər satışında gigiyenik tələblərə də ciddi riayət edilməlidir: "Bura dönərin ətinin daşınmasından tutumuş, dönər hazırlayan şəxsin, obyektin sanitar vəziyyətinədək nəzərdə tutulmuş tələblər daxildir. Aparılan yoxlamalar göstərir ki, dönərxanalarda həm standartın həm də, sanitar-gigiyenik tələblərin pozulması halları var. Belə halda istehsalçı müəssisə ya inzibati qaydada cərimələnir, yaxud da fəalliyyətinə xitam verilir".   

İ. Abdullayevin sözlərinə görə, dönərxanalarda yoxlamalar mütəmadi keçirilmir: "Bu cür obyektlərdə standartın tələbləri ilə bağlı yoxlamalar ancaq illik plana uyğun aparılır. Nöqsanlar olduqda bu cür müəssisələrin rəhbərlərinə cərimə tətbiq olunur".

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə deyir ki, hazırda standartın tələbləri həm çiy, həm də dönər kabablara tətbiq edilir:" Bəzi dönərxanalar var ki, həmin müəssisələrdə çiy dönər qanunvericiliyə zidd olaraq uyğunluq və gigiyenik sertifikatları, reseptura və texnoloji təlimat olmadan istehsal olunur. Həmçinin hər bir porsiyada ətin ümumi kütləsi mövcud normativ sənədə əsasən qarnirlə ən azı 50% müəyyən olunmalı halda, dönərin satışı zamanı buna riayət olunmur, porsiyalar gözəyarı hazırlanır. Çiy dönərin hazırlanmasında istifadə edilən ətin baytarlıq nəzarətindən keçirilməsi barədə şəhadətnaməsi bəzən olmur. İstehsal zamanı hətta mənşəyi məlum olmayan, tərkibi, istehsal tarixi və yararlılıq müddəti bilinməyən mayonezdən istifadə olunma halları da aşkarlanır. Dönərlə bağlı standart hazırlanaraq qüvvəyə minib. Bu standart ictimai iaşə müəssisələrində ətdən xüsusi avadanlıqlarda xüsusi texnologiya üzrə hazırlanan və istehlakçıya satılan dönər-kabablara şamil edilir. Standarta əsasən dönərdə xörək duzunun kütlə payı 2%-dən çox olmamalıdır. Bir porsiyada ətin kütlə payı reseptura üzrə müəyyənləşməli, qarnir ilə olduqda resepturada qeyd edilmiş çəkinin 50%-ni təşkil etməlidir. Məsələn, resepturada 200 qram qeyd olunubsa ətin kütlə payı 100 qramdan az olmamalıdır. Standarta əsasən dönərin hazırlanması üçün istifadə edilən tez xarab olan ərzaq məhsulları qüvvədə olan sanitar norma və qaydalara riayət etməklə soyuducularda saxlanılmalıdır. Dönər istehlakçıya Səhiyyə Nazirliyi tərəfindən istifadəsinə icazə verilən polimer materiallardan hazırlanan paketlərə və ya qablara qoyularaq satılmalıdır. Satış zamanı məhsulun temperaturu 65 dərəcədən aşağı olmamalıdır. Dönərin hazırlandığı andan istehlak müddəti ən çoxu 1 saatdır. Amma standartın tələblərinə bir çox hallarda əməl edilmir. Bu gün bir neçə müəssisə var ki, dönər hazırlanması üçün əti standartın və sanitar tələblərə uyğun daşıyır. 80 faiz dönərxanalarda ətin mənşəyi belə bilinmir".

E. Hüseynov deyir ki, bu gün dönərxanaların əksəriyyəti xəstəlik mənbəyidir: "Dönərsatanlar dönər qızardıqca ətin qızaran hissəsini kəsir, manqalda olan çiy ətin suyu, qan qarışıq qızarmış ətin üzərinə tökülür. Bu zaman çiy ətin suyundan bişmiş və dönər hazırlamaq üçün istifadə ediləcək ətə brüselyoz xəstəliyi belə keçə bilər. Bunun üçün dönərin qızardılmış hissəsi ayrıca qaba yığılmalıdır. Dönərin altına qoyulmuş siniyə yox. Amma çox təəssüf ki, nə dönərin bişirilməsində standartın tələblərinə məhəl qoyulmur. 

Qeyd edək ki, Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi "Dönər-kabab. Ümumi texniki şərtlər" dövlət standartını təsdiqləyib.  


Sizin Reklam Yeriniz