Əlaqə Arxiv
news Image
2015.10.20
20:00
| A A A
Səhiyyə Nazirliyi: Dərman vasitələrinin idxalında azalmalar müşahidə olunmur

"Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ildə dərman vasitələrinin idxalında azalmalar müşahidə olunmur". Movqe.az-ın məlumatına görə, bunu APA-ya Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertizası Mərkəzinin Dərmanların keyfiyyətinə nəzarət inspeksiyasının rəisi Pərviz Əzizbəyov deyib.

O bildirib ki, hazırda əczaçılıq bazarında dövlət qeydiyyatına alınmış eyni təsiredici maddəyə malik müxtəlif istehsalçıların, ölkələrin fərqli adlarla, fərqli qiymətlərə bir çox sayda preparatları satışda var: "Vətəndaş hər hansı dərman preparatını ticarət adı ilə aptekdə tapa bilmədikdə müalicə həkiminin məsləhəti ilə eyni təsiredici maddəyə malik digər istehsalçıların alternativ dərman vasitəsini ala bilər. Həkim və pasient alternativ dərman vasitələri barədə məlumatları bizim rəsmi internet saytımız olan pharma.az saytından ala bilərlər".

P. Əzizbəyov qeyd edib ki, bütün bunları nəzərə alaraq Səhiyyə Nazirliyi tərəfindən aptek təşkilatlarından dərman vasitələrinin buraxılması ilə bağlı yeni Qaydalar işlənib hazırlanıb və hazırda təsdiqlənmə mərhələsindədir: "Yeni Qaydalar təsdiqləndikdən sonra həkimlər xəstələrə resept yazarkən dərman vasitəsinin ticarət adını deyil, beynəlxalq patentləşdirilməmiş adını, yəni generik adını qeyd edəcəklər və beləliklə də xəstə aptekə müraciət edən zaman əczaçı tərəfindən reseptdə göstərilən beynəlxalq patentləşdirilməmiş ada uyğun dərman vasitələri barədə xəstəyə məlumat veriləcək, xəstə də dərman vasitəsinin qiymətinə və istehsalçısına görə özü seçim edə biləcək".


Sizin Reklam Yeriniz