Əlaqə Arxiv
news Image
2015.10.24
09:00
| A A A
Mənzillər qiyməti bir qədər də ucuzlaşacaq
Vüqar Oruc: “İpoteka kreditlərinin şərtlərinin yumşaldılması, məbləğin artırılması müəyyən qədər alqı-satqının sayını artırmış olar”

2015-ci ilin ilk aylarından mənzil bazarında hiss edilən durğunluq oktyabr ayında da qeydə alınıb. Bu da öz növbəsində əmlak bazarında qiymətlərin nisbətən enməsinə gətirib çıxarıb. Hazırda ilkin və təkrar mənzil bazarlarında qiymətlər ilin əvvəli ilə müqayisədə dəfələrlə aşağıdır. Maraqlısı budur ki, ucuzluğa rəğmən alıcılar da azalıb.

Mütəxəssislər bu paradoksu insanların alıcılıq qabiliyyəti ilə şərh edirlər. "Koneko" qiymətləndirmə şirkətinin həmsədri Vüqar Oruc qeyd edir: "Dünyada baş verən iqtisadi böhran daşınmaz əmlak bazarına da öz təsirini göstərməkdədir. Hazırda insanlarda daşınmaz əmlak almaq marağı arxa plana keçib. Lakin müəyyən addımlar atılarsa, məsələn, ipoteka kreditlərinin şərtlərinin yumşaldılması, məbləğin artırılması müəyyən qədər alqı-satqının sayını artırmış olar. Amma hazırda bunlar olmadığından bazarda süstlük hökm sürür.

Bazara müəyyən təkliflər olsa da, bu təkliflər get-gedə aşağı enir. Hətta qiymətlərdə hər növbəti həftə 2.5 – 5% azalmanın şahidi oluruq. Bu, onu göstərir ki, ölkə vətəndaşlarında alıcılıq imkanı aşağı düşüb. Bu baxımdan daşınmaz əmlak bazarında süstlüyün hələ bir müddət şahid olacağıq. Müəyyən tədbirlər görülməlidir ki, alqı-satqı faktlarında canlanma baş versin. Qiymətləri bir qədər də aşağı salmaqla yanaşı, vətəndaşlar üçün hüquqi baxımdan da yardımlar edilərsə, bazar aktivləşər. Ancaq yaxın müddət ərzində bunlar gözlənilmir".

Ekspert hesab edir ki, alıcılıq qabiliyyətinin aşağı düşməsi fonunda mənzillərin bir qədər də ucuzlaşması gözlənilir: "Ümumiyyətlə, ilin əvvəlində proqnoz vermişdik ki, bu il daşınmaz əmlakın qiymətləri 15% enəcək. Hazırda bu proqnoz özünü doğrultmaqdadır. 2014-cü ilin sonuna nisbətən bu gün qiymətlərdə enmələr yaranıb. Hətta bəzi bölgələrdə 20% qiymətlərin aşağı düşməsinin şahidi oluruq. Bu tendensiya hələ bir müddət davam edəcək. İlin sonuna qədər qiymətlərdə bir qədər də ucuzlaşma qaçılmazdır. Əlavə tədbirlər görülməsə, 2016-cı ildə də qiymətlərin aşağı düşmə tendensiyası davam edəcək. Bazar tələb və təklifdən asılıdır. Əgər bazarda tələbin səviyyəsi aşağı düşürsə, bu, təklif qiymətlərinə təsir edir. Yəni, təklif qiymətlərində də endirimlərin olması mütləqdir".

Vüqar Oruc hesab edir ki, qiymətlərin aşağı düşməsi tendensiyası faktdır: "Ancaq nə əvvəlki, nə indiki qiymətlər reallığa uyğun deyil. Bunlar hələ də şişirdilmiş qiymətlərdir. Çünki, qonşu ölkələrin daşınmaz əmlak bazarı ilə müqayisədə bizim bazarda qiymətlər monopolistlər tərəfindən şişirdilib. Ancaq qiymətin şişməsində obyektiv amillər də var. Ümumiyyətlə, bazara çıxan şəxs məhsulunu baha satmaqda maraqlı olur. Daşınmaz əmlakın başagəlmə qiyməti var. Adətən hansısa iqtisdi fəaliyyətdən ən çoxu 30% gəlir əldə etmək mümkündür. Azərbaycanda isə bu rəqəm 80, bəzən də 100%-ə qədər qalxır. Bu baxımdan hazırdaki qiymətlər də real qiymətə yaxınlaşmır".



Sizin Reklam Yeriniz