Əlaqə Arxiv
news Image
2015.10.26
16:54
| A A A
“Azərbaycan Uşaqları” İctimai Birliyi Azərbaycan media nümayəndələrinə müraciət edib

Əziz media nümayəndələri!

Biz son zamanlar Azərbaycan efir məkanında, sosial şəbəkələlərdə, çap mediasında daha çox vüsət almaqda olan zorakılıq, açıq-saçıqlıq, diqqət cəlb eləmək naminə yol verilən bayağılıq kimi hallara etiraz edərək, Sizə müraciət etmək qərarına gəlmişik. Ölkəmizdə fəaliyyət göstərən bir sıra televiziya kanallarında uşaqların hüquqlarının davamlı olaraq pozulması halları bizi ciddi narahat etməkdədir. Belə ki, əksər kanalların efirindəki xəbərlər və kriminal xarakterli proqramlarda uşaqların hüquqlarının pozulması, onlara mənəvi-psixoloji travmaların vurulması kimi hallar adi normaya çevrilib. Biz telekanalların tamaşaçı toplamaq üçün sensasiyalı, həyəcanlandırıcı anlar yaşadan yollardan istifadə etmələrini başa düşürük və bunları onların öz problemləri kimi qiymətləndiririk. Ancaq sensasiya xatirinə uşaqların maraqlarının tapdanmasına, hüquqlarının pozulmasına, onlardan manipulyasiya aləti kimi istifadə edilməsinə göz yuma bilmərik.

Təəssüf hissi ilə qeyd etməliyik ki, bu verilişlərdə uşaqlarla danışan, onlardan müsahibə götürdüyü görüntüsü yaradan "jurnalistlərin" uşaq psoxologiyası və pedaqogikadan elementar bilikləri olmaması bir yana, bəzən, bu verilişlərə "ekspert" qismində dəvət edilən şəxslərin də uşaq hüquqları barədə bilikləri yox dərəcəsindəsir. Elə bu kimi özfəaliyyətin nəticəsidir ki, veriliş sonrası bu uşaqların bir sıra hüquqi və psixoloji problemləri yaranır. Uşaq və yeniyetmələr arasında artmaqda olan intihar hallarında belə verilişlərin ,yazıların da yetərli "xidməti" var.

Digər bir narahatedici məqam "Şok, Şok, Şok" başlığı ilə verilən və mahiyyətində bir sıra əxlaqazidd, zorakılıqla bağlı məlumatların veriliş boyu, yaxud manşetlərdə bir neçə dəfə təkrarlanaraq, diqqəti cəlb etməklə izləyici və ya oxucu toplamasıdır. Axı, həmin izləyicilərin və oxucuların içərisində uşaqlar, yeniyetmələr və digər həssas qruplara daxil olan insanlar da var. Bu üsulla izləyicilərin diqqətini cəlb etməyə çalışan TV kanalları və yazılı media vasitələri eyni zamanda, kiçik yaşlıların hüquqlarını da pozmuş olurlar.

Biz - "Azərbaycan Uşaqları" İctimai Birliyi olaraq, uşaqların tərbiyəsinə, onların inkişafına, emosianal durumuna və maraqlarına zidd olan bu kimi verilişləri və yazılırı qınayır və bu sayaq proqramlar və yazılar hazırlayarkən media rəhbərlərinin daha diqqətli olmağa çağırır, bu kimi hallara son verilməsini tələb edirik.




Sizin Reklam Yeriniz